2009-cu ildə Azərbaycan
Yazıçılar Birliyinin yaradılmasının və bu
təşkilatın ədəbi orqanı "Ədəbiyyat
qəzeti"nin nəşrə başlamasının 75 illiyi
tamam olur.
Azərbaycan
Yazıçılar Birliyi fəaliyyətə
başladığı vaxtdan etibarən müxtəlif
sınaqlardan keçərək milli ədəbiyyatın, ana
dilinin qorunub yaşadılmasında böyük xidmətlər
göstərmişdir. Təşkilat bu illər ərzində
həmişə xalqımızın mədəniyyəti
tarixini və mənəvi sərvətlər xəzinəsini
bədii-estetik düşüncənin bir çox qiymətli
nümunələri ilə zənginləşdirmək
işində öz vəzifəsini layiqincə yerinə
yetirmişdir.
Azərbaycan
Yazıçılar Birliyinin ədəbi orqanı kimi "Ədəbiyyat
qəzeti" söz sənəti problemlərinə, klassik
irsə və aktual yaradıcılıq məsələlərinə
dair səhifələrində dərc etdiyi yazılarla
müasir ədəbi prosesə töhfələr
vermişdir.
Azərbaycanın mədəni
həyatında rolunu və ölkə ədəbi-ictimai
fikrinin inkişafında əhəmiyyətini nəzərə
alaraq, Azərbaycan Yazıçılar Birliyinin
yaradılmasının və "Ədəbiyyat qəzeti"nin
nəşrə başlamasının 75 illik yubileyinin ölkə
miqyasında qeyd olunmasını təmin etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan
Yazıçılar Birliyi ilə bərabər Azərbaycan
Yazıçılar Birliyinin yaradılmasının və bu
təşkilatın ədəbi orqanı olan "Ədəbiyyat
qəzeti"nin nəşrə başlamasının 75 illik
yubileyinə həsr edilmiş tədbirlər planı
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
3. Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 may 2009-cu il
Azərbaycan.- 2009.- 19 may.- S. 2.