Azərbaycan Bəstəkarlar İttifaqının 75 illik
yubileyinin keçirilməsi
haqqında
2009-cu ilin iyun ayında
Azərbaycan Bəstəkarlar İttifaqının
yaranmasının 75 ili tamam olur. Fəaliyyət göstərdiyi
ilk vaxtlardan etibarən Azərbaycan Bəstəkarlar
İttifaqı ölkəmizin musiqi ictimaiyyətinin ən
istedadlı nümayəndələrini öz ətrafında
birləşdirərək nüfuzlu təşkilata
çevrilmişdir. Bəstəkarlar İttifaqı
xalqımızın zəngin musiqi irsinin dünyada geniş
miqyasda tanıdılması işində yaxından iştirak
etmişdir. Qurumun tarixi milli bəstəkarlıq məktəbimizin
Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Qara Qarayev və
Tofiq Quliyev kimi görkəmli simalarının adları ilə
sıx bağlıdır.
Azərbaycan musiqi mədəniyyətinin
inkişafında müstəsna xidmətlərini nəzərə
alaraq, Azərbaycan Bəstəkarlar İttifaqının 75
illik yubileyinin layiqincə qeyd olunmasını təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan
Bəstəkarlar İttifaqı ilə birlikdə Azərbaycan
Bəstəkarlar İttifaqının 75 illik yubileyinə həsr
edilmiş tədbirlər planı hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
3. Bu sərəncam
imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri,
18 may 2009-cu il
Azərbaycan.- 2009.- 19 may.- S. 2.