"Azərbaycan teatrı
2009-2019-cu illərdə" Dövlət Proqramı"
Azərbaycan Respublikası Prezidentinin
2009-cu il 18 may tarixli sərəncamı ilə təsdiq edilmişdir
1. Ümumi əsaslar
1.1. Mövcud vəziyyət
XIX əsrin 70-ci illərində
təşəkkül tapmış Azərbaycan peşəkar
teatr sənəti xalqımızın milli-mənəvi dəyərlərinin
qorunması, təbliği, estetik zövqün və
dünyagörüşünün formalaşması, realist ənənələrin
davam və inkişaf etdirilməsi kimi mühüm vəzifələrin
yerinə yetirilməsi yolunda mütərəqqi ideyalar
tribunasına çevrilmişdir.
Hazırda respublikada fəaliyyət
göstərən 26 dövlət teatrının və bu
şəbəkəyə daxil olan digər qurumların
müntəzəm və səmərəli fəaliyyətini
təmin etmək məqsədi ilə bütün maliyyə,
təşkilati və yaradıcılıq imkanlarından
istifadə edilir. Dövlət sifarişi yolu ilə hər il
teatrlarda 50-dən çox yeni tamaşa hazırlanır ki, bu
tamaşaların da əsasını klassik və müasir Azərbaycan,
eləcə də dünya dramaturqlarının əsərləri
təşkil edir.
Dövlətlərarası
mədəni əməkdaşlıq haqqında ikitərəfli
sazişlərə uyğun olaraq respublika teatrları xarici
ölkələrdə keçirilən müxtəlif
festivallarda uğurla çıxış edirlər.
Qeyd edilənlərlə
yanaşı, teatr sənətinin inkişafı ilə
bağlı bir sıra problemlər də mövcuddur. Ölkəmizə
Ermənistanın hərbi təcavüzü nəticəsində
İrəvan Dövlət Azərbaycan Dram Teatrı,
Şuşa, Füzuli, Ağdam dövlət dram teatrları
qaçqın və məcburi köçkünlük şəraitində
fəaliyyət göstərirlər.
"Azərbaycan teatr sənətinin
inkişaf etdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2007-ci il 19 fevral tarixli 1964 nömrəli
sərəncamına əsasən Azərbaycan xalqının
ictimai-siyasi həyatında, milli mədəniyyətimizin
inkişafında böyük rol oynayan Azərbaycan
teatrının maddi-texniki bazasının möhkəmləndirilməsi
və yaradıcılıq potensialının inkişaf
etdirilməsi, habelə teatr təhsili sisteminin
yaxşılaşdırılması məqsədi ilə tədbirlərin
həyata keçirilməsi və "Azərbaycan teatrı
2009-2019-cu illərdə" Dövlət Proqramının
(bundan sonra - Dövlət Proqramı) hazırlanması nəzərdə
tutulmuşdur.
1.2. Məqsəd və vəzifələr
Azərbaycan teatr sənətinin
yaxın 10 il ərzində inkişaf perspektivlərini müəyyənləşdirən
bu Dövlət Proqramı öz fəaliyyəti ilə milli mədəni
sərvətə çevrilmiş Azərbaycan
teatrının zəngin bədii irsinin və
yaradıcılıq ənənələrinin qorunmasına,
ümumbəşəri və milli dəyərlərin təbliğinə,
dünya mədəniyyətinə inteqrasiyasına, informasiya
və maliyyə resurslarından səmərəli istifadə
edilməsinə və repertuarın günün tələblərinə
uyğun formalaşması məqsədlərinə xidmət
edəcəkdir.
Dövlət Proqramı
aşağıdakı vəzifələrin həlli istiqamətində
məqsədyönlü tədbirlərin həyata
keçirilməsini nəzərdə tutur:
- yeni teatr siyasətinin
formalaşması və teatr prosesində idarəetmənin
optimallaşdırılması, teatr sahəsində
islahatların aparılması;
- ümumbəşəri
və milli mədəni dəyərlərin qorunması və
dünya mədəniyyətinə inteqrasiyası təmin
edilməklə Azərbaycan teatr sənətinin
inkişafı;
- teatr sahəsinin
bütün janrları və peşə istiqamətləri
üzrə gənc istedadların dəstəklənməsi;
- kadr
hazırlığı və ixtisasartırma sisteminin təkmilləşdirilməsi,
xarici dövlətlərdə məqsədli təhsilin,
müştərək layihələrin keçirilməsi;
- teatr binalarının
müasir standartlar səviyyəsində təmiri və
maddi-texniki bazanın möhkəmləndirilməsi;
- teatr sahəsində
müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiq
edilməsi;
- teatr mədəniyyətinin
təbliğ olunması.
1.3. Dövlət Proqramının maliyyələşdirilməsi
Dövlət
Proqramında nəzərdə tutulmuş tədbirlər Azərbaycan
Respublikasının dövlət büdcəsinin vəsaitləri,
o cümlədən dövlət büdcəsində Azərbaycan
Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
üçün nəzərdə tutulmuş vəsaitlər,
habelə Azərbaycan Respublikasının qanunvericiliyə zidd
olmayan digər mənbələr hesabına maliyyələşdirilir.
1.4. Gözlənilən nəticələr
Dövlət
Proqramının yerinə yetirilməsindən
aşağıdakı nəticələr gözlənilir:
- milli teatr sənəti
qorunub saxlanılacaq və inkişaf etdiriləcək;
- yüksək bədii
dəyərli tamaşaların hazırlanması təmin ediləcək;
- teatr fəaliyyəti
sahəsində normativ hüquqi baza təkmilləşdiriləcək;
- teatr müəssisələrinin
maddi-texniki bazası möhkəmləndiriləcək;
- teatr şəbəkəsinin
müasir tələblərə uyğun qurulması və əhalinin
teatra olan tələbatının ödənilməsi
üçün şərait yaradılacaq;
- teatr sahəsinə gənc,
istedadlı və peşəkar kadrlar cəlb ediləcək;
- teatr sahəsində
regionlararası, millətlərarası və beynəlxalq mədəni
əlaqələrin inkişafına nail olunacaq;
- Azərbaycan teatr sənətinin
dünyada layiqincə təmsil və təbliğ edilməsinə
imkanlar yaradılacaq.
Azərbaycan.- 2009.- 19 may.- S. 2.