Milli maraqlara xidmət edən xoşməramlı missiya

 

XXI əsrin başlanğıcı bütövlükdə dünya siyasətinin transmilliləşməsi, qloballaşma proseslərinin geniş vüsət alması dövrü kimi səciyyələnsə də, hər bir xalqın milli özünəməxsusluğunun qorunub saxlanması meyillərindən irəli gələn, lokalizasiya adlanan əks tendensiya da özünü qabarıq göstərir. Getdikcə daha çox dövlət minilliklərin sınağından çıxmış milli adət-ənənə və dəyərlərini təhdid edən total mədəniyyət ünsürlərinə qarşı çıxır, müxtəlif beynəlxalq təşkilatlar milli-mədəni suverenliyin yad təsirlərdən hifz olunması zərurətini diqqətə çəkirlər. Aşkar görünür ki, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması bu gün qloballaşan dünyada sülh və sabitliyin, əmin-amanlığın, dinc yanaşı yaşamağın vacib meyarına çevrilmişdir.

Azərbaycan xalqına xas zəngin ənənələrin qorunub saxlanılması və inkişaf etdirilməsi milli-mənəvi dəyərlərin ciddi təhdidlərlə üzləşdiyi müasir dövrdə xüsusilə aktualdır. Bu aktuallıq geostrateji mövqeyinə görə çeşidli dünyagörüşü və həyat tərzinin, milli-mədəni dəyərlərin, dini inancların qovuşduğu Azərbaycanın milli-etnik tərkibi ilə dünyanın ən tolerant dövlətlərindən birinə çevrilməsi ilə şərtlənir. Əsrlərin sınağından çıxmış mədəniyyətini, mənəvi dəyərlərini, adət-ənənələrini hifz etməyi bacaran Azərbaycan xalqı ümumbəşəri mütərəqqi dəyərlərə tolerant münasibət bəsləməklə müasirliyə və yeniliyə can atır. Xalqımız bu mürəkkəb sosiomədəni prosesin təkcə coğrafi deyil, həm də mənəvi təzahürünü, Qərb və Şərq mədəniyyətinin dialoqunu da öz gündəlik həyatında hiss edir. Təsadüfi deyil ki, xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir.

Bu gün Azərbaycanda mədəni müxtəlifliyin təmin olunmasına, bəşəriyyətin nicatına, insanlığın yüksəlişinə xidmət edən nəcib və humanist dəyərlərin inkişafında ulu öndərin adını daşyan Fondun xidmətləri xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondu xalqın milli varlığının və özünəməxsusluğunun təcəssümü kimi əsrlər boyu formalaşmış zəngin mənəvi irsi, milli düşüncə və dəyərlər sistemini yad təsirlərdən qorumaq, zəngin mədəniyyətini bəşər miqyasında təbliğ etmək kimi çətin və şərəfli vəzifənin öhdəsindən layiqincə gəlir.

 

Nəcib məram, xoş niyyət

 

Hər bir insanın həyatdakı yerini və rolunu, ictimai statusunu və cəmiyyətdəki missiyasını onun dərk edilmiş məqsədyönlü fəaliyyəti müəyyənləşdirir. Belə fenomen şəxsiyyətlər müasir qloballaşma dövründə intibahı elm və təhsildə, mədəni tərəqqidə axtarır, xalqın milli-mənəvi irsinin qorunmasına çalışır, saf idealların cəmiyyətdə hakim olması uğrunda mübarizə aparır, bununla özləri də xalqın sevimlisinə çevrilirlər. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva xüsusən də son beş ildə həyata keçirdiyi həyati əhəmiyyətli layihələrlə, irəli sürdüyü nəcib və xeyirxah təşəbbüslərlə məhz belə bir ümümxalq məhəbbətini özü üçün təmin etmiş, xalqın dərin inam və etimadını qazanmışdır.

Xalqın mənəvi sərvətinin sadiq keşikçisinə çevrilmiş Heydər Əliyev Fondunun beşillik yubileyinin respublika miqyasında əlamətdar hadisələrdən biri kimi qeyd olunması onun cəmiyyətdə əhəmiyyətli mövqe və nüfuzunun əyani göstəricisi kimi vurğulana bilər. 2009-cu il mayın 10-da "Buta" sarayında keçirilən təntənəli mərasimdə çıxış edən Fondun prezidenti Mehriban xanım Əliyeva demişdir: "Fondun fəaliyyəti artıq hər kəsə bəllidir. Beş il ərzində görülən işlər, əldə edilən nailiyyətlər haqqında bu axşam burada danışılacaq. Öz adımdan təkcə onu demək istəyirəm ki, bu beş il ərzində görülən işlər bir çox sahələri - elmi, təhsili, mədəniyyəti, səhiyyəni, sosial sferanı əhatə edir. Lakin bunları birləşdirən bir amil var. Bu da Azərbaycana, Vətənə xidmət etmək arzusu və şərəfidir. Bu yolda bizə kömək edən, bizi dəstəkləyən, bizə inanan hər bir insana dərin minnətdarlığımı bildirirəm. Fondun əməkdaşlarına - gənc, istedadlı və insan problemlərinə heç zaman biganə qalmayan komandamın hər bir üzvünə xüsusi minnətdarlığımı bildirirəm. Bir daha sizi əmin etmək istəyirəm ki, Heydər Əliyevin adını daşıyan Fond Azərbaycanın bu günü və gələcəyi naminə bundan da artıq işlərə hazır və qadirdir".

Ötən beş ildə Azərbaycan vətəndaşlarının, sözün əsl mənasında, ümid, pənah ünvanına çevrilmiş Fond ümummilli lider Heydər Əliyevin müdrikliyə əsaslanan həyat və fəaliyyətini, zəngin dövlətçilik irsini öyrənən ideoloji-humanitar mərkəz kimi üzərinə götürdüyü çətin vəzifənin öhdəsindən layiqincə gəlmiş, böyük strateqin ideallarına tapınaraq xalqın rifahına yönəlmiş irimiqyaslı layihələrin təşəbbüsçüsü və fəal icraçısı olmuşdur. Fond, eyni zamanda, cəmiyyətin tərəqqisinə və yüksəlişinə xidmət edən faydalı təşəbbüsləri dəstəkləməklə elm, təhsil, mədəniyyət, incəsənət, səhiyyə və idmanın inkişafı ilə bağlı bir sıra mühüm layihələrə yardımçı olmuş, milli-mənəvi dəyərlərin, mədəni irsin sadiq keşikçisinə, alovlu təbliğatçısına çevrilmişdir.

Xalqa xidməti həyat amalına çevirmiş böyük şəxsiyyətlər bunun müqabilində hər zaman təmənnasız olmuş, dar məqsəd güdməmişlər. Fəqət, belə nəcib və xeyirxah insanların mənəvi yüksəliş və ucalığa xidmət edən çoxşaxəli fəaliyyətinin lazımınca dəyərləndirilməsi bəzən obyektiv tələbat kimi ortaya çıxır. İnsanpərvərlik və humanizm ruhunda köklənmiş xeyriyyəçilik fəaliyyətinə, nəcib, tərəqqipərvər təşəbbüslərinə görə hələ 2004-cü ildə YUNESKO-nun, 2006-cı ildə İSESKO-nun xoşməramlı səfiri adına layiq görülən, 2007-ci ildə "Qızıl ürək" beynəlxalq mükafatı, Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı Ailə Sağlamlığı Fondunun mükafatı, "Əsrlərin xeyriyyəçiləri" Beynəlxalq Fondunun Yaqut Xaç ordeni ilə təltif olunmuş Azərbaycanın birinci xanımının bu günlərdə dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla "Heydər Əliyev mükafatı"na layiq görülməsi onun əzmkar fəaliyyətinə verilən adekvat qiymətdir. Heydər Əliyev Fondunun prezidenti son beşillik fəaliyyəti ilə belə bir yüksək mükafata layiq olduğunu sübuta yetirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev "Buta" sarayında keçirilən təntənəli tədbirdə Fondun beşillik fəaliyyətini yüksək dəyərləndirdiyini bir daha vurğulamışdır. Dövlət başçısı qısa müddətdə böyük layihələri uğurla gerçəkləşdirməyə müvəffəq olmuş Heydər Əliyev Fondunun cəmiyyətdə böyük inam və etimad qazandığını razılıqla qeyd etmişdir: "Son beş il ərzində Heydər Əliyev Fondu, sözün əsl mənasında, ümumxalq fondu olmuşdur. Bu Fondun xətti ilə aparılan işlər, görülən tədbirlər, irəli sürülmüş təşəbbüslər göz qabağındadır. İstər təhsil, istər səhiyyə sahəsində, mədəniyyət sahəsində, mənəvi irsimizin qorunması işində, Azərbaycanın dünya birliyində təbliğ edilməsi işində, Azərbaycanın olduğu kimi təqdimatı işində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin geniş mənada dünya birliyinə düzgün şəkildə çatdırılması işində Heydər Əliyev Fondunun rolunu mən çox yüksək qiymətləndirirəm. Bu Fond sübut etdi ki, əgər istək olarsa, əgər iradə olarsa və əgər xoş niyyət olarsa, istənilən sahədə istənilən məsələ həll oluna bilər. Bu Fondun çoxşaxəli fəaliyyətini əgər bir sözlə xarakterizə etmək mümkündürsə, mən "Xoş niyyət" deyərdim. Çünki bütün sahələrdə biz bunu görürük".

 

Milli-mənəvi irsə yüksək sədaqət örnəyi

 

Müasir dövrdə sivilizasiyalarası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, dünya iqtisadiyyatının təmərküzləşməsi, informasiya texnologiyalarının inkişafı prosesi bəzi hallarda mütərəqqi mahiyyətindən uzaqlaşaraq milli mədəniyyətə, mənəvi dəyərlər sisteminə təhlükəyə çevrilir. Belə bir şəraitdə xalqın milli "Mən"inin, mənəvi dəyərlərinin qorunması məsələsi də vacib və aktual problem kimi önə çıxır.

Əminliklə demək olar ki, Azərbaycan mədəniyyəti Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəxsində özünə etibarlı hami, xilaskar tapmışdır. Ötən beş ildə Azərbaycanın görkəmli alimlərinin, yazıçı və bəstəkarlarının yubileylərinin keçirilməsi, "Kitabi-Dədə Qorqud" dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, YUNESKO-nun "Dünya irs siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksinin, Qobustan Qoruq Muzeyinin və Atəşgahın da daxil edilməsi Azərbaycanın birinci xanımının milli mədəniyyətin dünya miqyasında təbliği sahəsindəki fəaliyyətinin bir qismidir. Bu sahəyə qayğını fəaliyyətində daim üstün istiqamətlərdən biri kimi nəzərdən keçirən Heydər Əliyev Fondunun prezidenti xalqın varlığını özündə yaşadan mənəvi-intellektual irsə yüksək həssaslıqla yanaşır, onun dünya arenasında təbliğində fəal iştirak edir.

Tarixi mədəniyyət abidələrinin təmiri və bərpasına göstərdiyi kömək də Heydər Əliyev Fondunun həyata keçirdiyi qlobal layihələr sırasındadır. Son 5 ildə Gəncə şəhərindəki Cavadxan türbəsi, habelə Comərd Qəssab məqbərəsi, Bakının Şüvəlan qəsəbəsindəki Pirhəsən ziyarətgahı, Abdulla Şaiqin ev-muzeyi əsaslı təmir edilmişdir. Məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkandakı ev-muzeyinin müasir tələblər səviyyəsində təmir olunması da Fondun həyata keçirdiyi xeyirxah layihələrdəndir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2005-ci ildə Bakıda və Parisdə dahi bəstəkar Üzeyir Hacıbəyovun 120 illik yubileyi keçirilmiş, Parisdə YUNESKO çərçivəsində görkəmli kimyaçı-alim, akademik Yusif Məmmədəliyevin 100 illiyi qeyd olunmuş, dünya şöhrətli ifaçılar - mərhum Mstislav Rostropoviç və xanımı Qalina Vişnevskayanın 50 illik birgə fəaliyyətinə həsr edilmiş albom və disklər hazırlanmışdır. Bundan başqa, Mstislav Rostropoviçin, Şostakoviçin, Bülbülün yubileylərinə həsr olunmuş beynəlxalq festivallar keçirilmişdir. Dahi Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərinin səhnələşdirilməsi haqqında Vyana Kamera Teatrı ilə razılığın əldə edilməsi də xalqımızın milli mədəniyyətinin dünyada təbliği yolunda mühüm hadisədir.

2008-ci il sentyabrın 17-də "Gülüstan" sarayında Heydər Əliyev Fondunun "Üzeyir dünyası" və "Azərbaycan muğamı ensiklopediyası" layihələrinin təqdimatı da milli mədəniyyətə qayğının tərkib hissəsidir. Azərbaycanın musiqi mədəniyyəti tarixində xüsusi yeri olan, müasir professional musiqi sənətinin və milli operanın banisi Üzeyir Hacıbəyova həsr olunmuş "Üzeyir dünyası" layihəsinə "Ömür salnaməsi", "Üzeyir Hacıbəyli ensiklopediyası", "Bədii və publisistik əsərlər" kitabları, "Leyli və Məcnun", "Koroğlu", "O olmasın, bu olsun" operaları və musiqili komediyalarının klavir, libretto və SD-ləri daxildir.

Fondun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülmüşdür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması bilavasitə bu fəaliyyətin nəticəsidir. Fondun milli mədəniyyətin təbliği sahəsində həyata keçirdiyi ən uğurlu layihələrindən biri də "Qarabağ xanəndələri" albomunun hazırlanması olmuşdur. YUNESKO xətti ilə hazırlanmış alboma "Qarabağ xanəndələri" adının seçilməsi ilə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə bu torpağa məxsus nadir sənət nümunəsi olduğu nümayiş etdirilmişdir.

2009-cu ilin mart ayında Azərbaycanın birinci xanımının təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam festivalı Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalmışdır. Tədbirdə YUNESKO-nun baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən çoxsaylı qonaqlar iştirak etmişlər.

 

"Təhsil hamı üçün"

 

Qloballaşan dünyada hər bir dövlətin öncüllüyü, milli inkişaf səviyyəsi və gələcək taleyi təhsilin mövcud durumu ilə şərtlənir. Bu baxımdan Azərbaycanda elm və təhsilin davamlı inkişaf konsepsiyasının uğurla gerçəkləşdirilməsində ictimai təsisat kimi fəaliyyət göstərən Heydər Əliyev Fondunun da xidmətləri xüsusi vurğulanmalıdır. Təhsil spesifik sahə olduğu üçün buradakı problemlərin həllini təkcə dövlətdən gözləmək düzgün deyil, bu prosesdə ayrı-ayrı ictimai qurumların da fəal iştirakı vacibdir. Fondun istər xeyriyyəcilik fəaliyyətinin prioritet istiqamətləri sırasında təhsilin mühüm yer tutması bu mənada təsadüfi deyildir.

Təhsil infrastrukturunu yeniləşdirmədən, müasir tipli yeni məktəblər inşa etmədən, təlim-tədris prosesinə lazımi şərait yaratmadan, dünya ölkələrinin mütərəqqi təhsil ənənələrini nəzərə almadan bu məqsədlərə nail olmaq da qeyri-mümkündür. Azərbaycanın birinci xanımının birbaşa təşəbbüsü ilə həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi cəmiyyətdə böyük əks-səda doğurmuşdur. Layihə çərçivəsində yalnız 2005-ci ildə Azərbaycanın ən müxtəlif bölgələrində rekord sayda - 132, sonrakı mərhələdə isə 100-dən artıq yeni məktəb binasının tikilərək istifadəyə verilməsi və lazımi avadanlıqlarla təchiz olunması dövlətin bu sahədə həyata keçirdiyi işlərə əvəzsiz töhfədir.

Fondun son illərdəki başlıca fəaliyyət istiqamətlərindən biri də ölkənin təhsil problemlərinin həllində nüfuzlu beynəlxalq təşkilatlardan sayılan YUNESKO-nun geniş imkanlarından səmərəli şəkildə faydalanmaqdan ibarət olmuşdur. Bu nüfuzlu beynəlxalq təşkilatın diqqətinin ölkəmizin təhsil problemlərinin həllinə cəlb olunması, təşkilatla əməkdaşlıq şəraitində keçirilən birgə tədbirlər yaxın gələcəkdə mövcud əlaqələrin daha da intensivləşməsinə yaxşı imkanlar açmışdır. Azərbaycanla YUNESKO arasında bir neçə istiqamətdə əməkdaşlıq münasibətləri qurulmuşdur - bu əlaqələr əsasən "Təhsil hamı üçün" proqramını, "Assosiativ məktəblər", texniki-peşə sahəsində əməkdaşlıq, inkluziv təhsil layihəsi, ali məktəblərdə YUNESKO kafedralarının yaradılması və digər sahələri əhatə edir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və digər bu kimi planlar da ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir.

Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin yayında Bakıda YUNESKO-nun "Dünyada savadlılığın dəstəklənməsi" üzrə regional konfransının keçirilməsi də ümumilikdə Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini əminliklə söyləməyə ciddi əsaslar verir.

 

Xalqın sağlamlığının keşiyində

 

Heydər Əliyev Fondu millətin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması naminə həyata keçirdiyi sosialyönümlü layihələr sırasında səhiyyəyə yardım, bu sahənin infrastrukturunun yeniləşdirilməsi, vətəndaşlara göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi əsas yer tutur. İxtisas etibarilə bu sahənin incəliklərinə dərindən bələd olan Fondun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Azərbaycan səhiyyəsində mövcud olan problemləri daha yaxşı görməklə ictimaiyyəti həmin problemlərin həlli istiqamətində səfərbər etməyə, ələlxüsus tibbi yardıma böyük ehtiyacı olan aztəminatlı vətəndaşlara yüksək diqqətlə, həssaslıqla yanaşmağa çalışır. "Tibb işçisi kimi gözəl başa düşürəm ki, rsixi və fiziki qüsurları olan uşaqlar yalnız nəticədir, çox mürəkkəb ictimai rroseslər zəncirində axırıncı həlqədir. Bunun arxasında yoxsulluq, zərərli adətlər və bəzən də, sadəcə, müəyyən zəruri tibbi biliklərin yoxluğu dayanır. Bütün bunlar uzunmüddətli rroqramların gerçəkləşdirilməsini tələb edir. Biz reallaşdırılması illərlə çəkəcək layihələrdən qorxmuruq, lakin eyni zamanda, gözəl anlayırıq ki, bizdən ani tezliklə yardım və fayda gözləyirlər. Bütün bunları vəhdət halında birləşdirmək mürəkkəb vəzifədir, lakin necə deyərlər, yolun öhdəsindən yolçu gələr", - deyə Mehriban xanım Əliyeva vurğulayır.

Heydər Əliyev Fondunun səhiyyə sahəsində ən çox əks-səda doğuran layihələrindən biri məhz "Diabetli uşaqlara ən yüksək qayğı" layihəsi olmuşdur. Layihə Fondun dəstəyi əsasında Azərbaycan Diabet Cəmiyyəti və Danimarkanın "Novo Nordisk" şirkəti ilə birgə əməkdaşlıq nəticəsində həyata keçirilmişdir. Layihə çərçivəsində Azərbaycanda diabet xəstəliyinə düçar olmuş 14 yaşınadək uşaqlar 2004-2006-cı illər ərzində müntəzəm olaraq lazımi miqdarda insulin preparatları və şpris-qələmlərlə təmin edilmişlər.

"Talassemiyasız həyat naminə" layihəsi isə talassemiya xəstəliyinin geniş yayıldığı ölkələrdən hesab olunan Azərbaycanda böyük rəğbətlə qarşılanmışdır. Proqramın daha səmərəli şəkildə həyata keçirilməsi üçün Məsləhət Şurası yaradılmış, bu xəstəlikdən əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təmin olunması üçün donor xidmətinin inkişafı, əhalinin bu sahədə maarifləndirilməsi, prenatal diaqnostika üsulu ilə xəstəliyin proqnozlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir. Layihə çərçivəsində inşasına başlanmış Talassemiya Diaqnostika Mərkəzinin 2009-cu il mayın 10-da - ulu öndərin doğum günündə istifadəyə verilməsi Fondun ölkə səhiyyəsinə böyük töhfəsidir.

Ötən beş ildə tibb müəssisələrinin yenidən qurulması və müasir avadanlıqlarla təchizatı məsələləri də Heydər Əliyev Fondunun diqqət mərkəzində olmuşdur. Fondun təşəbbüsü ilə paytaxtın Əzizbəyov rayonunun Türkan və Zirə qəsəbələrində poliklinika, təcili yardım stansiyası, aptek, Şüvəlan qəsəbəsində xəstəxana, İsmayıllı rayonunun İvanovka kəndində poliklinika yenidən qurulmuş və müasir avadanlıqlarla təchiz olunmuşdur. Almaniyanın "Fresenius Medical Care" şirkətinin Heydər Əliyev Fonduna hədiyyə etdiyi 10 ədəd hemodializ aparatı və "Storz" şirkətinin hədiyyəsi olan endoskopik avadanlıq tibb müəssisələrinə verilmişdir. Eləcə də Fransanın "Servye" şirkəti tərəfindən Heydər Əliyev Fonduna verilmiş "Diabeton MR" preparatları diabetdən əziyyət çəkən insanlara paylanmışdır.

Fond səhiyyə məsələləri ilə əlaqədar əhalidən daxil olmuş müraciətlərə də yüksək həssaslıqla, insanpərvərliklə yanaşmış, imkan daxilində vətəndaşlara kömək göstərmişdir. Səhiyyə məsələləri ilə bağlı Fonda ayrı-ayrı insanlardan minlərlə müraciət daxil olmuş, onlara kömək göstərilməsi üçün tibb müəssisələri ilə sıx əlaqə qurulmuş, lazımi tədbirlər həyata keçirilmişdir. Ürək xəstəliklərindən əziyyət çəkən 1300 uşağın ölkə daxilində müalicəsinə, bir qismində isə xarici ölkələrdə cərrahiyyə əməliyyatı aparılmasına kömək göstərilmişdir.

 

Milli həqiqətlərin fəal təbliğatçısı

 

Son illərdə Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə filiallarının açılması bir tərəfdən təşkilatın qlobal miqyasda artan nüfuzunun ifadəsidirsə, digər tərəfdən Azərbaycanı daha yaxından təbliğ etmək, ölkə həqiqətlərini dünya arenasına çıxarmaq, habelə diaspor hərəkatının genişlənməsinə yardımçı olmaq niyyətinin təzahürüdür. Bu baxımdan Fondun Rusiyada, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filiallarının açılması da qarşıya qoyulmuş bu məqsədlərin gerçəkləşdirilməsi baxımından geniş imkanlar açır.

Fondun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya miqyasında təbliği məqsədilə müxtəlif dillərdə nəşr etdirdiyi kitabların əhəmiyyəti də xüsusi qeyd olunmalıdır. Son illərdə beynəlxalq ictimaiyyətə ünvanlanan "Qarabağ həqiqətləri" toplusu "Qarabağın tarixi haqqında məlumat", "Qarabağ münaqişəsinin başlanması", "Xocalı soyqırımı", "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri", "Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti" kitabçalarından ibarətdir. Bu topluların elektron variantları 2007-ci ildə - qanlı soyqırımın 15 illiyində Avropanın 15 dövlətində keçirilən soyqırım qurbanlarının xatirəsini anma mərasimlərində xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış siyasi-ictimai xadimlərə paylanmışdır. Real faktlara, tutarlı sübutlara, fotosənədlərə istinadla aparılan bu təbliğat kampaniyası on minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırmışdır.

Mehriban xanım Əliyevanın "Ön söz"ü ilə işıq üzü görmüş "Müharibə və tarixi-mədəniyyət abidələrimiz" kitabında Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində - Xankəndi, Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Qubadlı, Füzuli və digər rayonlarda düşmən tapdağı altında qalıb dağıdılmış tarixi memarlıq abidələri haqqında ətraflı məlumatlar verilmişdir. Fondun daha bir xeyirxah layihəsi - "Fəxri xiyaban" kitabının nəşri isə xarici ölkələrdən gələn qonaqların hər zaman üz tutduqları Fəxri xiyaban haqqında topluya olan ehtiyacın ödənilməsinə xidmət edir. Kitabın nəşrində məqsəd xalqın görkəmli övladlarının xatirəsinə ehtiram göstərməklə yanaşı, həm də Azərbaycanı ölkəmizə gələn qonaqlara bir daha tanıtmaq işinə töhfə olmuşdur.

Bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqda faktların dünyaya çatdırılması da Heydər Əliyev Fondunun Qarabağ həqiqətlərinin yayılması istiqamətində fəaliyyətinin ana xəttini təşkil edir. Fondun dəstəyi və təşkilatçılığı ilə məktəblilər arasında keçirilən "Xocalı uşaqların gözü ilə" rəsm müsabiqəsinin əl işlərinin, fotoşəkillərinin dünyanın qabaqcıl ölkələrində keçirilən sərgisi beynəlxalq ictimaiyyətdə XX əsrin böyük faciəsi haqqında dolğun təsəvvürlər formalaşdırmışdır. 2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüssel şəhərində təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu baxımdan mühüm əhəmiyyət daşımışdır.

Fond azərbaycanlıların soyqırımı haqda həqiqətlərı dünyaya çatdırmaq üçün 2007-ci ilin fevral ayının 19-26-da Türkiyənin İstanbul şəhərində və daha 25 vilayətində "Xocalı həftəsi"ni keçirmiş, tədbirlər proqramı çərçivəsində İstanbulun mərkəzi meydanı Taksimdə bir sıra anım mərasimləri təşkil olunmuşdur. Xocalı faciəsinin beynəlxalq miqyasda tanıdılması baxımından 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur. Konfransda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanmış "Xocalı uşaqların gözü ilə" sərgisi nümayiş etdirilmiş, habelə erməni qəddarlığını əks etdirən kitablar paylanmışdır.

 

Paytaxt rayonlarının inkişafına mühüm töhfə

 

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva həm də Milli Məclisin deputatı kimi seçicilərini qayğılandıran problemlərin həllində yaxından iştirak edir, ona ünvanlanan bütün müraciətlərə böyük həssaslıqla yanaşır. Onun təşəbbüsü ilə "Əzizbəyov rayonunun İnkişaf Fondu"nun yaradılması və Ədliyyə Nazirliyində qeydiyyatdan keçərək əməli fəaliyyətə başlaması rayonun inkişafında keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Fondun məqsədi rayonun potensialından səmərəli istifadə etməklə iqtisadiyyatın davamlı inkişafı, əhalinin məşğulluğunun artırılması, gənclərin ictimai fəaliyyətə cəlb edilməsi, burada investisiya qoyuluşunun sürətləndirilməsi, mövcud turizm resurslarından daha səmərəli istifadə edilməsi, tarix və mədəniyyət abidələrinin qorunması və bərpası sahəsində layihələrin həyata keçirilməsidir.

Binəqədi rayon seçicilərini Milli Məclisdə təmsil edən şəxs kimi deyə bilərəm ki, Heydər Əliyev Fondunun paytaxtın və onun qəsəbələrinin inkişafına qayğısı təkcə Əzizbəyov rayonu ilə məhdudlaşmır. Fondun prezidenti Mehriban xanım Əliyeva respublikanın hər bir bölgəsinə, eyni zamanda, paytaxt rayonlarının inkişafına xüsusi diqqət və qayğı ilə yanaşır, sosial infrastrukturun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən dövlət siyasətinə töhfəsini verir. Bunun nəticəsi olaraq son illərdə Azərbaycanın ən müxtəlif guşələrində müşahidə olunan abadlıq, tərəqqi və yüksəliş Bakının Binəqədi rayonunda da qabarıq görünür. Ötən müddətdə mövcud potensialın səmərəli realizə edilməsi, rayonun malik olduğu əmək ehtiyatlarının və digər resursların konkret məqsədlərə yönəldilməsi, ən başlıcası, Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramlarından, fərman və sərəncamlarından irəli gələn vəzifələrin əzm və bacarıqla həyata keçirilməsi Binəqədi rayonunun uğurlarını şərtləndirən başlıca məqamlar sırasındadır. Rayon üzrə son illərdə əldə olunan yüksək nəticələr isə həyata keçirilən çoxşaxəli tədbirlər sisteminin həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə miqyaslı, konkret və ünvanlı olduğunu bir daha təsdiqləyir.

2008-ci il Binəqədi rayonu üçün həm də bir sıra strateji əhəmiyyətli obyektlərin tikilib istifadəyə verilməsi ilə səciyyəvi olmuşdur. Bu sırada görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın adını daşıyan parkın yenidən qurulmasını və metronun "Nəsimi" stansiyasının tikintisini göstərmək olar. Azərbaycan Prezidenti İlham Əliyev daimi olaraq stansiyanın tikintisi ilə tanış olmuş, ötən ilin avqust ayında şəxsən inşaat işlərinin gedişi ilə maraqlanmışdır. Ümumiyyətlə, dövlət başçısı ötən il üç dəfə Binəqədi rayonunda olmuş, Zərifə Əliyeva adına parkın və metronun "Nəsimi" stansiyasının açılışında iştirak etmişdir. Eyni zamanda, 2009-cu ildə dövlət başçısı rayonda beynəlxalq avtovağzal kompleksinin və Tennis Akademiyasının təntənəli açılış mərasimində iştirak etmişdir. Xüsusi vurğulamaq lazımdır ki, Binəqədi rayonunun sosial-iqtisadi inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda 100 nömrəli orta məktəbin yeni korpusu inşa edilərək istifadəyə verilmişdir. Rayonun yüzlərlə sakini məhz Azərbaycanın birinci xanımının köməyi sayəsində problemlərinin həllinə nail olmuşdur. Eyni zamanda, bir neçə çarəsiz insan Azərbaycanın birinci xanımının köməyi ilə xaricdə müalicə alaraq şəfa tapmışdır. Binəqədi rayon sakinləri Heydər Əliyev Fondunun xeyirxahlıq fəaliyyətini daim rəğbətlə qarşılayırlar.

Yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək ilk növbədə Azərbaycan xalqının tapındığı yüksək milli-mənəvi dəyərlərdən irəli gəlir. Cəmiyyətdə nəcibliyin, mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilməklə ümumxalq mənafeləri baxımından bir sıra strateji layihələri qısa müddətdə uğurla gerçəkləşdirən Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti də məhz bu nəcib dəyərlərə söykənir. Şübhə yoxdur ki, Fond ən müxtəlif sahələrdəki fəaliyyətini bundan sonra da davam etdirərək milli intibah prosesinə öz dəyərli töhfələrini verəcəkdir.

 

 

Rafael CƏBRAYILOV,

Milli Məclisin deputatı

 

Azərbaycan.-2009.- 19 may.- S. 4.