Azərbaycan-Litva münasibətləri: zirvəyə
doğru
2007-ci il sentyabr
ayının 13-də Azərbaycan Prezidenti cənab İlham Əliyev
Litvaya rəsmi səfər etmişdir. Səfər çərçivəsində
bir sıra ikitərəfli görüşlər
keçirilmiş, danışıqlar aparılmış, rəsmi
sənədlərin imzalanma mərasimi olmuşdur. İmzalanan
sənədlərdən ən mühümü "Azərbaycan
Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq
münasibətlərinin inkişafı haqqında" birgə
bəyannaməsi idi. Ölkələrimiz arasında
imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin
daha da inkişaf etdirilməsinə zəmin yaradan və bu
münasibətlərə yeni impuls verən hüquqi bazaya
çevrildi. Azərbaycan Prezidentinin Litvaya 2007-ci ildəki səfəri
Azərbaycan-Litva münasibətlərinin yüksələn xətlə
inkişafına geniş perspektivlər açdı.
Həmin vaxt dövlət
başçılarının geniş tərkibdə
görüşündə Prezident İlham Əliyev
demişdir: "Biz Litva ilə münasibətlərə
böyük əhəmiyyət veririk və bu münasibətlər
son vaxtlar xeyli inkişaf etmişdir. Litva və Azərbaycan
vahid mövqelərdən çıxış edirlər,
ölkələrimiz arasında heç bir problem yoxdur və əlaqələrimiz
yüksələn xətlə inkişaf edəcəkdir."
Litva Prezidenti Valdas
Adamkus Azərbaycan Prezidenti İlham Əliyevin Vilnüsə
ilk rəsmi səfərini yüksək qiymətləndirərək
demişdir ki, ölkələrimiz arasında münasibətlər
qısa müddətdə intensiv inkişaf etməyə
başlamışdır. Ölkələrimiz arasında
hansısa fikir ayrılığı yoxdur.
Hər iki dövlət
başçısının söylədiyi fikirlər
xalqlarımızın həyatında öz real həllini
tapıb və bu istiqamətdə işlər davam etməkdədir.
Müşahidələr onu deməyə əsas verir ki, Azərbaycan-Litva
münasibətləri, həqiqətən də,
inkişafın zirvəsinə doğru irəliləyir. Bu
günlərdə Litvada rəsmi səfərdə olduğu
müddətdə Azərbaycan parlament nümayəndə heyətinin
hər bir üzvü bunun canlı şahidinə
çevrildi. Səfər təəssüratlarına
keçməzdən əvvəl Prezident İlham Əliyevin
2007-ci ildə bu ölkəyə rəsmi səfəri çərçivəsində
söylədiyi fikirlərdən bəzi məqamları bir
daha xatırlatmaq istərdim.
Prezidentlər İlham Əliyev
və Valdas Adamkus Azərbaycan dövlət
başçısının rəsmi səfərinin
yekunlarına dair mətbuat üçün bəyanatla
çıxış etmişdilər. Həmin
çıxış zamanı Prezident İlham Əliyev əmin
olduğunu bildirmişdir ki, onun bu səfərindən sonra iki
ölkənin parlamentləri, müxtəlif nazirliklər və
idarələr arasında əlaqələr müntəzəm
xarakter alacaq, humanitar sahədə əməkdaşlıq genişlənəcəkdir.
Tövsiyə və proqram xarakterli bu fikirlər dövlətimizin
ayrı-ayrı strukturları tərəfindən uğurla həyata
keçirilir, ikitərəfli münasibətlər çərçivəsində
qarşıya qoyulan vəzifələr yerinə yetirilir və
əldə olunan nəticələr daha geniş perspektivlər
vəd edir.
Milli Məclisin Sədri
Oqtay Əsədovun rəhbərliyi ilə parlament nümayəndə
heyətinin 2009-cu il mayın 14-də Litvaya rəsmi səfəri,
səfər zamanı keçirilən görüşlər,
aparılan danışıqlar, dövlətimizin
başçısının bu sahədə qarşıya
qoyduğu vəzifələrin həyata keçirilməsi
istiqamətində mühüm addım kimi qiymətləndirilə
bilər.
Ölkələrimiz
arasında rəsmi qaydada qurulmuş yüksək əlaqələr
isti, mehriban və dostluq münasibətlərinin yaranmasına
da zəmin yaratmışdır desək, yanılmarıq. Bunu
Azərbaycan parlament nümayəndə heyətinin hər bir
üzvü bütün səfər boyu hiss etdi. Əlbəttə,
bu, Azərbaycana - dövlətimizə və onun rəhbərinə
olan hörmətin, rəğbətin təcəssümü
idi. Bu isə hər birimizdə xoş təəssürat və
duyğular yaradırdı.
Mayın 15-də
nümayəndə heyətimizin ilk görüşü Litva
Prezidenti Valdas Adamkusla oldu. Litvanın dövlət
başçısı Milli Məclisin Sədri Oqtay Əsədovu
səmimiyyətlə və böyük hörmətlə
qarşıladı, nümayəndə heyətimizlə birgə
xatirə şəkli çəkdirmək təklifini etdi. Xatirə
şəkli çəkdirildikdən sonra nümayəndə
heyətləri arasında geniş tərkibdə
görüş keçirildi.
Görüşdə
ikitərəfli münasibətlərin bir sıra istiqamətləri,
əməkdaşlığın bugünü və
inkişaf perspektivləri barədə fikir mübadiləsi
aparıldı. Söhbətdə Litva Prezidenti Azərbaycanın
dövlət başçısı cənab İlham Əliyevlə
görüşlərini xatırlatdı. Qeyd olundu ki, Prezident
İlham Əliyevin 2007-ci ildə Litvaya rəsmi səfərindən
sonra ölkələrimiz arasında bütün sahələrdə
ələqələr daha da genişlənir, indi münasibətlərimiz
strateji tərəfdaşlıq zirvəsinə qədər
yüksəlmişdir. Prezident Valdas Adamkus Azərbaycanın
daxili və xarici siyasətini, xüsusilə də, ölkəmizin
Avropanın enerji təhlükəsizliyinin qorunması istiqamətində
atdığı addımları yüksək dəyərləndirdi.
O, ümidvar olduğunu bildirdi ki, hər iki ölkənin
parlamenti dövlətlərarası münasibətlərin
daha da dərinləşməsinə öz töhfəsini verəcək
və bu cür qarşılıqlı səfərlər daha
intensiv xarakter alacaq.
Litva Prezidenti ilə
görüş zamanı diqqətimizi xüsusilə bir məqam
cəlb etdi. Görüş zamanı Prezident Valdas Adamkus
söhbətinin əvvəlində də, sonunda da bu günlərdə
Parisdə YUNESKO-nun xoşməramlı səfirlərinin illik
toplantısında Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri,
Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ilə
görüşdüyünü və bu görüşdən
məmnun qaldığını təkrar-təkrar söylədi.
O, Mehriban xanım Əliyeva ilə səmərəli söhbətlər
apardığını deyərək, Heydər Əliyev
Fondunun həyata keçirdiyi tədbirləri təqdir etdiyini
bildirdi. Buradan aydın görünür ki, artıq Heydər Əliyev
Fondunun fəaliyyəti nəinki ölkəmizdə, onun
hüdudlarından kənarda da izlənilir, təqdir olunur və
yüksək qiymətləndirilir. Bəşəri
ideyaların daşıyıcısı və təbliğatçısı
olan Heydər Əliyev Fondunun təşəbbüsü ilə
gerçəkləşən layihələr ən yüksək
humanizm ənənələrinə söykənir. Fonda rəhbərlik
edən Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə
artıq Avropada və bütün dünyada müasir Azərbaycan
qadınının şərəfli və qəhrəman
obrazına çevrilmişdir.
Xarakterik cəhətlərdən
biri də budur ki, Qərb Azərbaycanın ümummilli lider
Heydər Əliyevin dövlətçilik ənənələrinə,
bu dahi şəxsiyyətin yaratdığı daxili və
xarici siyasətə sadiqlik nümayiş etdirərək
inkişaf etməsini görür. Ulu öndərin bu
ideyaları həm də onun adını daşıyan fond və
bu fondun rəhbəri Mehriban xanım Əliyevanın qurmaq,
yaratmaq, insan amilini hər şeydən üstün tutmaq,
milli, mənəvi dəyərlərimizi, mədəniyyətimizi
inkişaf etdirmək və dünyada tanıtmaq səylərində
öz əksini yüksək səviyyədə tapır. Bütün
bunların hər hansı bir Avropa ölkəsi və onun
dövlət başçısı tərəfindən
yüksək qiymətləndirilməsi hər bir Azərbaycan
vətəndaşında yüksək duyğular yaradır. Litva
Prezidentinin söylədikləri Azərbaycan parlament nümayəndə
heyətinin hər bir üzvündə məmnunluq hissi
doğurdu. Litva Prezidenti Azərbaycanı etibarlı tərəfdaş
kimi xarakterizə etdi. Bu isə bir daha Azərbaycana və onun
dövlətinin həyata keçirdiyi siyasətə Qərbin
inamının və rəğbətinin bir nümunəsi
idi.
Səmimi qəbula və
xoş sözlərə görə Litva Prezidentinə təşəkkürünü
bildirən Milli Məclisin Sədri Oqtay Əsədov qeyd etdi
ki, biz burada yüksək qonaqpərvərliklə
qarşılandıq və xoş münasibəti gözəl
ölkənizdə hər addımda hiss edirik. Sədr bildirdi
ki, Azərbaycan Litva ilə əlaqələrin daha da dərinləşməsinə
böyük əhəmiyyət verir. Son vaxtlar ölkələrimiz
arasında müşahidə olunan intensiv əlaqələri
böyük məmnuniyyətlə qeyd etmək
lazımdır. Litva Prezidentinin bir neçə dəfə Azərbaycana
səfəri, eləcə də Azərbaycan Prezidenti İlham
Əliyevin 2007-ci ilin sentyabrında Litvaya səfəri
münasibətlərimizin inkişafında dərin izlər
buraxmış və bu səfərlərin nəticəsi əlaqələrimizin
inkişafını zirvəyə doğru aparmaqdadır.
Vilnüsdə bir
neçə Azərbaycan cəmiyyətlərinin
yaradılması ümumilikdə Azərbaycan, onun iqtisadi,
siyasi, mədəni və digər sahələri və bu sahələrin
inkişafı ilə bağlı Litva cəmiyyətinin məlumatlandırılmasında
böyük əhəmiyyətə malikdir. Sədr qeyd etdi
ki, dövlətlərarası əlaqələrin
inkişafında parlamentlər böyük rol oynayır. Hazırda
Azərbaycan və Litva parlamentlərində dostluq qrupları
fəaliyyət göstərir. Bu qruplar parlamentlərarası əlaqələrin
inkişafında əhəmiyyətli rol oynayır. Azərbaycan
və Litva beynəlxalq terrorizmə, kütləvi
qırğın silahlarına, insan ticarətinə, qanunsuz
silah alverinə və bu kimi beynəlxalq ictimaiyyəti narahat
edən hallara qarşı mübarizədə fəal
iştirak edirlər. Dövlətlərimiz Avropa
İttifaqının "Avropa mehriban qonşuluq siyasəti"
və NATO-nun "Sülh naminə tərəfdaşlıq"
proqramları çərçivəsində yaxşı səviyyədə
əlaqələrə malikdirlər. Bir sözlə, əlaqələrimizin
daha da inkişaf etdirilməsi üçün geniş imkanlar
mövcuddur. Biz bu imkanlardan hərtərəfli istifadə etməyə
nail olmalıyıq. Görüşdə bir sıra digər
qarşılıqlı maraq doğuran məsələlər
də müzakirə olundu.
Nümayəndə heyətimizin
Litvada hər bir görüşü bu ölkənin siyasi,
iqtisadi və mədəni cəhətdən bir daha öyrənilməsi
və qarşılıqlı maraq doğuran məsələlərin
eyni müstəvidə müzakirəsi böyük əhəmiyyət
daşıyırdı.
Milli Məclisin Sədri
Oqtay Əsədovun Litva Respublikasının Baş naziri
Andrius Kubiliusla görüşü bu mənada əhəmiyyətli
görüşlərdən oldu. Baş nazir bu cür səfərlərin
qarşılıqlı əməkdaşlığın
genişləndirilməsi baxımından əhəmiyyətini
yüksək qiymətləndirdi, ümumi
maraqlarımızın həyata keçirilməsində
geniş perspektivlər açacağına əminliyini ifadə
etdi. O, Azərbaycanın iqtisadi cəhətdən sürətlə
inkişaf etməsi, ölkəmizdə iqtisadi sabitliyin
mövcudluğu, dünyada baş verən iqtisadi böhrana
baxmayaraq, digər ölkələrlə müqayisədə
bu sahədə Azərbaycanın məğrur dayanması barədə
məlumatı olduğunu bildirdi və ölkəmizin bu
mövqeyini yüksək dəyərləndirdi.
Milli Məclisin Sədri
Oqtay Əsədov Azərbaycan-Litva əlaqələrinin bəzi
aspektlərini müzakirə etmək üçün
yaradılmış imkana görə Baş nazirə təşəkkürünü
bildirdi. Qeyd etdi ki, hələ keçmiş Sovet
İttifaqının tərkibində olarkən ölkələrimizi
ümumi tarix birləşdirirdi. Lakin ötən əsrin
sonlarında müstəqillik qazandıqdan sonra əlaqələrimiz
yeni məna və məzmun kəsb etməyə, müstəqil
dövlətlərimiz arasında ikitərəfli münasibətlər
inkişaf etməyə başladı. Azərbaycan
Baltikyanı ölkələr, o cümlədən Litva ilə
bundan sonra əlaqələrin daha da inkişafında
maraqlıdır. Biz Litvanın hüquqi, demokratik dövlət
quruculuğu yolunda atdığı addımları yüksək
qiymətləndiririk. Litva Avropa İttifaqının və
NATO-nun tamhüquqlu üzvüdür. Bu baxımdan Azərbaycan
Litva ilə əməkdaşlığı, bu sahədə
onun təcrübəsini əhəmiyyətli hesab edir. Avropaya
və Avratlantik strukturlara inteqrasiya Azərbaycan siyasətinin
prioritet sahələrindəndir.
Azərbaycan Litva ilə
iqtisadi əlaqələrin genişləndirilməsinə,
kapital qoyuluşuna, müxtəlif iqtisadi layihələrin birgə
həyata keçirilməsinə xüsusi əhəmiyyət
verir. Yəqin ki, Litvanın xarici işlər naziri Viqaudas
Uşautskasın bu ilin aprelində Azərbaycana səfəri
çərçivəsində keçirilən biznes-forum bu
işin həyata keçirilməsinə yeni impuls verəcək.
O da sevindiricidir ki, Azərbaycanda fəaliyyət göstərən
Litva şirkətlərinin sayı artmaqdadır. Bütün
bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Litva
iqtisadi tərəfdaş kimi daha yüksək zirvələrə
qalxmaq imkanı qazana bilər.
Azərbaycan parlament
nümayəndə heyətinin Litva Respublikası Seyminin Sədri
Arunas Valinskas ilə görüşündə, əvvəlcə
hər iki ölkə parlamentinin sədrləri Azərbaycan və
Litvanın dövlət bayraqları önündə xatirə
şəkli çəkdirdilər. Nümayəndə heyətimiz
Litva Seymi ilə tanış oldu. Litva parlamentinin
deputatlarının, eləcə də, parlament
aparatının əməkdaşlarının iş şəraitini
izlədilər. Bəlkə də burada müqayisə etmək
yerinə düşməz, amma orada olarkən, istər-istəməz,
Azərbaycan parlamentində aparılan yenidənqurma işləri,
deputatlar və əməkdaşlar üçün
yaradılan şərait göz önünə gəldi. Litva
Seyminin ölkəmizdə səfərdə olan nümayəndələri
Milli Məclislə tanış olanlar özləri də
etiraf edirdilər ki, həqiqətən, Azərbaycan
parlamentində yaradılan şərait daha müasir və
yüksək standartlar səviyyəsindədir.
Nümayəndə heyətlərinin
geniş tərkibdə görüşlərində bu və
ya digər qarşılıqlı maraq doğuran məsələlər,
xüsusilə də, parlamentlərarası əlaqələrin
inkişaf perspektivləri, bu sahədə əməkdaşlığın
daha da dərinləşməsi ətrafında geniş fikir
mübadiləsi aparıldı. Hər iki ölkə
parlamentinin dostluq qruplarının fəaliyyətinin gücləndirilməsi,
beynəlxalq təşkilatlarda, parlament assambleyalarında
qarşılıqlı əməkdaşlığın
genişləndirilməsi, təcrübə mübadiləsi,
TVİNİNQ layihəsinin əhəmiyyəti və digər
məsələlər əsas müzakirə obyekti oldu.
Milli Məclisin Sədri
Oqtay Əsədov qeyd etdi ki, biz müxtəlif beynəlxalq
parlament strukturlarında, o cümlədən ATƏT, Avropa
Şurası, NATO, Avropa İttifaqı və digər təşkilatlarda
fəal əməkdaşlıq edirik. Bu cür mötəbər
beynəlxalq təşkilatlarda hər iki ölkənin
parlamentariləri dövlətlərimizin mənafeyi
baxımından eyni mövqedən çıxış edir və
bir-birlərini dəstəkləyirlər.
Sədr qeyd etdi ki, biz
regional təşkilatlar çərçivəsində, o
cümlədən GUAM-ın Demokratiya və İqtisadi
İnkişaf Naminə Təşkilatı çərçivəsində
əlaqələrə böyük önəm veririk və bu
baxımdan Qara dəniz, Xəzər dənizi və Baltik dənizi
regionunda gedən inkişaf prosesləri və əməkdaşlıq
bizim diqqətimizdədir. Görüşdə qeyd olundu ki,
parlament dostluq qruplarının fəaliyyəti daha da gücləndirilməlidir.
Qanunverici orqanlarımız təcrübə mübadiləsi
məsələlərinə də xüsusi diqqət yetirməlidirlər.
Bütün bunlar əməkdaşlığımızın
gələcək inkişafı üçün mühüm
məqamları təşkil edir.
Səfər çərçivəsində
keçirilən görüşlər zamanı müzakirə
olunan bir məsələni də xüsusi qeyd etmək istərdik.
Bütün görüşlərdə və söhbətlərdə
Azərbaycanın üzləşdiyi ən ağrılı
problem - Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq
hüquq normalarına uyğun həlli, Ermənistanın təcavüzkar
siyasətinin acı nəticələri və Azərbaycan həqiqətləri
bir daha diqqətə çatdırıldı. Hər zaman
qarşı tərəfdən Azərbaycanın ərazi
bütövlüyünə böyük hörmət
nümayiş olunurdu.
Bildirilirdi ki, bu
münaqişə BMT-nin Təhlükəsizlik
Şurasının, ATƏT-in və Avropa Şurasının
qəbul etdiyi sənədlər əsasında Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
öz həllini tapmalıdır. Ümumiyyətlə, Ermənistan-Azərbaycan,
Dağlıq-Qarabağ münaqişəsi ilə
bağlı aparılan müzakirələrdən belə bir
qənaəti söyləmək mümkündür ki, Litva
dövləti Azərbaycan torpaqlarının Ermənistan tərəfindən
təcavüzə məruz qalmasını, Ermənistanın
işğalçı dövlət olduğunu düzgün
başa düşür və Azərbaycan reallıqları bu
ölkədə aydın şəkildə dərk edilir.
Bu gün dünya
iqtisadiyyatında baş verən bir həqiqət
danılmazdır - dünyanın ayrı-ayrı ölkələri
iqtisadi böhran burulğanında bir sıra çətinliklərlə
üz-üzə dayanıblar. Amma Azərbaycan dövlətinin
həyata keçirdiyi iqtisadi siyasət və əvvəlcədən
düşünülmüş qabaqlayıcı tədbirlər
ölkəmizi bu böhrandan maksimum dərəcədə
qorumağa qadirdir. Ona görə də dünya iqtisadi
sisteminin bu böhranı Azərbaycan iqtisadiyyatına o dərəcədə
də təsir etmək gücünə malik deyil. Bunu ölkəmizin
hər bir vətəndaşı çox yaxşı
görür və bilir. Sevindirici hal budur ki, Azərbaycan
parlament nümayəndə heyəti Litvada səfərdə
olarkən istər rəsmi, istərsə də qeyri-rəsmi
tədbirlərdə bu məsələ Litva rəsmiləri tərəfindən
xüsusilə qeyd olunurdu. Onlar hətta bu məsələnin
iqtisadi, siyasi və mənəvi yükünü nəzərə
alaraq, nümayəndə heyətimizin üzvlərinə bu
münasibətlə öz təbriklərini
ünvanlayırdılar. Bu da, təbii ki, Azərbaycan vətəndaşı
olaraq, hər birimizdə fəxarət hissi yaradırdı.
Ümumiyyətlə, hər
hansı bir ölkəyə səfər etmək və o
ölkə ilə yaxından tanış olmaq, yəqin ki, hər
kəsin arzusudur və zənn edirəm ki, bu, çox
yaxşıdır. Getdiyin ölkədə təmsil
olunduğun ölkəyə yüksək hörmət və
rəğbəti görmək isə əvəzsiz və qiymətsiz
bir işdir. İstər-istəməz, tarixə çevrilən
həmin səfər barədə xoş təəssüratlar
yaranır.
Milli Məclisin Sədri
Oqtay Əsədovun başçılığı ilə Azərbaycan
parlament nümayəndə heyətinin Litvaya səfəri bu
baxımdan dəyərli oldu, yaddaqalan oldu və nümayəndə
heyətinin hər bir üzvündə xoş anlar
yaşatdı. Nümayəndə heyətimizin səfər
çərçivəsində Azərbaycanın Vilnüsdəki
səfirliyinə getməsi, oradakı tanışlıq,
diasporun üzvləri ilə görüşlər, onların
qayğı və problemlərini dinləmək və buna diqqətlə
yanaşmaq, bir sıra məsələlərin müzakirəsi
səfərin xoş məqamlarından birinə çevrildi.
Nümayəndə heyətimizin Litvaya səfəri Vilnüs
şəhərinin tarixi yerləri ilə tanışlıqla
başa çatdı.
Azərbaycan parlament
nümayəndə heyətinin tərkibinə deputatlardan Musa
Quliyev, Əhməd Vəliyev, Milli Məclis Aparatının rəhbəri
Səfa Mirzəyev və digər rəsmi şəxslər
daxil idilər.
Akif TƏVƏKKÜLOĞLU,
Milli Məclisin mətbuat katibi
Azərbaycan.- 2009.- 19 may.- S. 3.