Həqiqi azadlığa hansı yol aparır?

 

Çoxsaylı kitab və məqalələrdə, mətbuatda, teleradio çıxışlarında tez-tez belə fikirlər səslənir: Heydər Əliyevin ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi Azərbaycanı xaosdan, hərc-mərclikdən, vətəndaş qırğınından xilas etdi, cəmiyyətimizin davamlı və mütərəqqi inkişafına zəmin yaratdı, yol açdı. Haqlı olaraq səsləndirilən bu fikir, bir tərəfdən, görkəmli şəxsiyyətin tarixdə əvəzolunmaz rolunun etirafıdırsa, digər tərəfdən, idarəetmə sənətinin, məharətinin yalnız tək-tək adamlara məxsusluğunun ifadəsidir. Sirr deyildir ki, həmişə cəmiyyəti idarə etmək iddiasında olanlar - çox, bacaranlar isə - az olmuşlar.

Bəs, sual olunur, Heydər Əliyevin idarəetmə fəlsəfəsinin məzmun-mahiyyətini nə təşkil edirdi ki, bu fəlsəfənin rəhbər tutulması və tətbiqi uğurlarla nəticələnmişdir? Əfsuslar olsun ki, aktual xarakterli bu sual indiyə qədər lazımınca cavablandırılmamışdır, çünki mühüm əhəmiyyətli bir problem kimi elmi-siyasi, fəlsəfi-politoloji araşdırmaların gündəliyinə çıxarılmamış, xüsusi diqqət mərkəzinə alınmamışdır. Ayrı-ayrı dəyərli fikirləri, yazıları nəzərə almasaq, problem, əslində, sistemli şəkildə öyrənilməmiş, Heydər Əliyev idarəetmə fəlsəfəsinin məğzi, aparıcı funksional elementləri və prinsipləri, başlıca ideyaları, səciyyəvi xüsusiyyətləri kompleks halda tədqiq olunmamışdır, baxmayaraq ki, getdikcə buna zərurət artmaqdadır.

Hətta Heydər Əliyevin ideya-siyasi baxışlar sisteminin aparıcı, daxilən uzlaşdırıcı və sintezləşdirici mahiyyət daşıyıcıları olan azərbaycançılıq, xalqçılıq, millilik, suverenliyin və milli maraqların öndə tutulması, tarixi-mədəni irsə həssaslıq, özünəməxsusluqla ümumbəşəriliyin vəhdəti, hakimiyyətin bölünməsi və vahidliyi, insani ləyaqət və vəfalılıq kimi prinsiplər xüsusi elmi-tədqiqat obyekti statusunda, müxtəlif zəruri kontekstlərdə kifayət qədər araşdırılmamışdır. Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Zaman haqqında düşünərkən və elitanı transformasiya edərkən: varislik və innovasiyalılıq" adlı proqram xarakterli məqaləsində deyildiyi kimi, "Milli Elmlər Akademiyası bu boşluğu doldurmağa" və problemin "işlənməsini mühüm dövləti vəzifə kimi müəyyənləşdirməyə, əlaqədar elmi institutları və ali məktəblərin müvafiq kafedralarını bu işə cəlb etməyə sadəcə borcludur." Elmi dəqiqlik və ədalət naminə vurğulamaq lazımdır ki, bu istiqamətdə aparılan və görülmüş işlər içərisində akademik Ramiz Mehdiyevin çəkdiyi zəhmət yalnız öz həcmi-kəmiyyəti ilə deyil, həm də zənginliyi və dəyərliliyi ilə fərqlənir.

Yuxarıda göstərilən zərurətdən irəli gələn vəzifələri dərk edərək, həmçinin, qətiyyən tam və mütləq həqiqət söyləmək iddiasında olmayaraq, vacibliyini bildirdiyim bir problemlə bağlı bəzi mülahizələrimi oxucuların diqqətinə çatdırmaq istərdim.

Bildiyimiz kimi, Heydər Əliyevin Azərbaycana ikinci dəfə ali rəhbər kimi qayıdışı olduqça mürəkkəb, ağır dövrə təsadüf etmişdi. Böyük siyasi təcrübəyə və fitri istedada malik Heydər Əliyev dərindən anlayırdı ki, ənənəvi stabilliyini saxlaya bilməmiş və yeni "reallaşma kanalı" axtarışında çabalayan, bütün sahələr üzrə idarəetmə ölçülərini itirmiş cəmiyyəti ilk növbədə ayaq üstə qoymaq lazımdır, bunun üçün isə siyasi boşboğazlığa, yalançı demokratların oxlokratik azadlıq təsəvvürlərindən doğan hərc-mərcliyə son qoyulmalı, başqa cür desək, eyni dərəcədə ağıllı, sərt və çevik idarəçiliyə əl atılmalıdır. Ümummilli lider açıq bəyan etməsə də (anlaşılan, daha çox xarici, beynəlxalq faktorlarla müəyyənləşən səbəblərdən!), yaxşı başa düşürdü ki, həqiqi azadlığa yol sərt nizamdan keçir, ümumi dəyər və varlıqlara tabeolmada reallaşır.

Azadlıq, lovğalanmaq üçün təkəbbürlük vasitəsi deyil, şərəfliliyin, idraki kamilliyin, dərketmənin, mənəvi zənginliyin və müstəqilliyin, zəhmətsevərliyin və çətinliklərə sinə gərməyin, hətta zərurət olarsa, həyatını riskə qoymağın (1993-cü il qiyamının şiddətli vaxtında Heydər Əliyevin Gəncəyə səfərini, yaxud da onun 1994-cü ilin 4 oktyabrında Prezident Sarayının qarşısına çıxmasını və nitq söyləməsini xatırlayın!) sinonimidir. Bu yerdə iki dahi şəxsiyyətin - Konfutsi və Hegelin bir-birilə səsləşən fikirlərini xatırlatmaq istərdim: Cənab ("böyük adam") üçün azadlıq (tam və kamil mənada) şərəfliliyin sinonimidir, bu şərəflilik isə yalnız mövcudluğu üçün əlləşən, simasızlığından narahat olub dəhşətə gəlməyən, şəxsiyyət qismində sayılmayan bir məxluq tərəfindən etiraf olunmaq müstəvisində və nisbətində formalaşa bilməz. Əksinə, bu müstəvidə və nisbətdə əxlaqi cəhətdən pozulmuş "hərbi" hissələrdə, yaxud da "lotu" qanunları ilə yaşayan dustaqxanalarda olduğu kimi, şərəfsizlik formalaşar və ona müqabil itaət, tabeolma hökm sürər.

Hegelin təbirincə desək, hər bir insan özlüyündə - ən ümumi "Mən", şüurlu özünüdərk kimi - azadlığa hüquqludur, lakin azadlıq nəsə təbii olan, anadangəlmə şey kimi müəyyənləşmir. Obyektiv və həqiqi azadlıq insanın özünəməxsusluğunun, bacarıq və qabiliyyətinin, kamilləşməsinin və potensial imkanlarının üzə çıxmasının həm zəmini, həm də nəticəsidir. Eyni zamanda, bu azadlıq - iradə və cəsarətin rəmzidir. Ona görə də böyük mütəfəkkir göstərirdi: əgər hansısa xalq yalnız azad olmaq istəyilə öyünüb-lovğalanmırsa və azadlığa həqiqi, enerjili iradəsi vardırsa, heç bir zorakılıq onu köləlikdə saxlaya bilməz. Kölə qalanlara münasibətdə isə, Hegelə görə, heç bir mütləq ədalətsizlik həyata keçirilmir: azadlığını qazanmaq üçün həyatlarını riskə vermək cəsarətini özündə tapa bilməyənlər qul olmağa qadirdilər. Azadlığın bir mahiyyət tutumu dərketmə, idrak, ruh zənginliyidirsə, digər tutumu həmin o ruhdan doğan hünər, əməl, cəsarətdir ki, insanları təbii vəziyyətdən - mədəniyyətsizlik, zorakılıq və ədalətsizlik vəziyyətindən çıxarır və hüquqi münasibətlərin həqiqiliyi mümkün olan vətəndaş cəmiyyətinə daxil edir. Məhz vətəndaş cəmiyyətində hüquq hakimiyyətə malik qüvvə rolunda çıxış edir və hər kiminsə iradəsindən asılı olmur. Və yalnız hüququn təntənəsi olduğu halda dövlətin təyinatına uyğun mövcudluğundan və fəaliyyətindən danışmaq mümkündür. Hegelə görə, hər bir həqiqi qanun - azadlıqdır, çünki belə qanun obyektiv ruhun ağıllı və ədalətli tərəfindən ibarətdir; həqiqi qanunlarla təminatlanan azadlıqlar bəsit mənada anlaşılan bərabərliklə yox, məhz bərabərsizliklə uzlaşır. Azadlıqlara hüquqi təminatlar yaratmaq vacibdir, lakin azadlığın daxili məzmun-mahiyyəti və sosiumda təzahürləri yalnız qanunlardan asılı deyil; o, məcburi normalara riayətlə yanaşı, insani ləyaqətlə ölçülür. Hegelin fikrincə, son nəticədə Roma imperiyası ona görə məhv olmuşdur ki, qanun qarşısında bütün insanların bərabərliyini təsbit etmiş, lakin onların hüquqlarının və daxili insani ləyaqətinin etirafına biganə qalmışdır.

Tam əminliklə deyə bilərəm ki, Heydər Əliyev öz idarəetmə fəlsəfəsində və praktikasında məhz azadlığın bu anlamını rəhbər tuturdu. Ulu öndər haqlı olaraq, azadlığı insani ləyaqətdən, xalqın ruhundan təcrid olunmuş halda, formalizasiyaya uğramış cansız, daxilən ölü və passiv bir şey kimi qəbul etmirdi. Ona görə də 1993-cü ilin iyun ayında, Milli Məclisin iclasında, vaxtilə "azadlıq!" qışqıran bəzi "bəy"lərin dolaşıq, qorxacaq, məntiqsiz, biabırçı danışıqlarını birbaşa tənqid edirdi. Azadlıq müqəddəs və ali bir dəyər kimi insana məxsusdursa və onun vasitəsilə həyata keçirilirsə, deməli, burada insani ləyaqət, ilahi eşq, vicdan və məsulliyyət olmalıdır, məmurun tutduğu vəzifəyə, alimin daşıdığı dərəcəyə və ada, zabitin gəzdirdiyi paqonlara uyğunluğu və haqqı olmalıdır. Yoxdursa, onda həm milli, həm də bəşəri dəyərlər tapdalanır, onların mahiyyəti təhrif olunur, boşboğazlara və riyakarlara, mənfəətdarlara və acgözlərə, iddialarına müqabil savadları, qabiliyyətləri olmayan adamlara yol açılır, son nəticədə isə dövlətə və xalqa, milli simaya və millətləşmə prosesinə ciddi ziyan yetirilir. O dərəcədə ziyan yetirilir ki, hətta dövlətə qarşı qiyam başladığı anda yüksək rəsmilər içərisindən bir kişi tapılmır ki, məsuliyyətini anlayaraq, yuxarıda açıqladığım həqiqi azadlığa məxsus iradəni, cəsarəti ortaya qoysun və xalqın qarşısına çıxsın, böyük amal və məqsəd naminə öz həyatını risk altına versin. Xahiş edirəm, ötən əsrin 80-ci illərinin axırlarında və 90-cı illərinin əvvəllərində silsilə halında baş vermiş bir çox hadisələri, o cümlədən yenə də Gəncə qiyamı ilə bağı olayları xatırlayın! Ən yüksək rütbəlilərdən yalnız Baş prokuror Gəncəyə "getmişdi" (göndərilmişdi desək, daha düzgün olar), o da ki, öz prezidentinə qarşı sanksiya verməklə canını sığortalamağa çalışdı. İkinci, ücüncü dərəcəli məmurları heç demirəm də - "qəhrəman oğullar"dan, bu "azadlıq aşiqləri"ndən bir neçəsini elə sərxoş vəziyyətdə yatdıqları yerdə "qonaq evində"n, bəzilərini gizləndikləri dərə-təpədən yığışdırdılar... Ancaq bir çoxları, günahsız fədakarlar (Allah onlara rəhmət eləsin!) elə həmin rəsmilərin, azadlığı, hüququ, dövlətçiliyi, milliliyi yalnız lovğalıq, yekəxanalıq predmeti kimi başa düşənlərin ucbatından şəhid oldular. Bu, faciə deyildimi!? Və günahkarlar kimlər və nələr idi?

Xarici səbəb və amillər bir yana dursun, bu, hər şeydən əvvəl, gurultulu-yalançı söz, onu doğuran cılız və bəsit təfəkkür, ağılsız və iradəsiz əməl məsələsi idi. İnsan ləyaqətinə və milli ruha, xalq duyumuna-qənaətinə sığışmayan anlamın və fəaliyyətin nəticəsi idi. Dəqiqlik naminə deyim ki, bu söz, təfəkkür və əməl milli ruha sığışmadığı qədər də bəşəri mahiyyətdən, ən başlıcası isə, İlahi hökmündən uzaq idi. Məhz bunu Heydər Əliyev görürdü. Ulu öndər yaxşı anlayırdı ki, milli ruh, dövlətçilik, doğma Vətən hansı təhlükə ilə üzləşib. Ürək ağrısı, həm də fəxrlə "Mənim xalqım!" deyən istedadlı rəhbər dövlətin təyinatını vurğulayır - "Xalq dövlət üçün deyil, dövlət xalq üçündür!" - və xalqın dəstəyilə siyasi hakimiyyəti konsolidasiyaya gətirərək, ağır, çətin, taleyüklü problemlərin həllini bacarıqla həyata keçirməyə başlayır. Bu yolda böyük uğurlar da əldə edilir və edilməkdədir.

Ancaq, nə yazıqlar olsun ki, Heydər Əliyevin idarəetmə fəlsəfəsinin mahiyyətini, onun əsaslandığı məfhumların mənasını adekvat anlamayan bəzi "hüquq müdafiəçiləri" qatı cinayətkarları da "siyasi məhbus" adı ilə siyahılara salırlar, əcnəbi mənbələrdən qrantlar almaq naminə "donos"lar yazmaqdan çəkinmirlər. Bu hal, bir tərəfdən, korlanmış insanın təbiətindən irəli gəlirsə, digər tərəfdən, yenə də, yanlışlığın, təfəkkür cılızlığının, sivillik pərdəsi altında barbarlığın məhsuludur ki, yalnız özlərinin idraki varlığından törəmir. Problem, fikrimizcə, daha ciddi və hətta universallaşmış məqamlardadır, "azadlıq", "demokratiya", "dövlət", "vətəndaş cəmiyyəti" kimi fenomenlərin hansı koqnitiv müstəvidə anlaşılmasındadır.

"Müasir Qərb liberalizmi" və yaxud "Qərb liberal demokratiyası" dedikdə, geniş planda, biz iki xətti nəzərdə tutmalıyıq: a) Hegel "liberalizmi"; b) anqlosakson liberalizmi. Praktikada reallaşması və nisbi-keçici zəfər çalması baxımından, şübhəsiz, üstünlük anqlosakson xəttinə məxsusdur. Hüquq və azadlıq, ədalət və həqiqət zəminlərinin öncədən daha səlistliyi və fundamentallığı cəhətdən isə Hegel xətti danılmaz üstünlüyə malikdir. Ən vacibi, bu xətt cəmiyyətlərin sosial ədalət prinsipinə uyğun yaşayışı, beynəlxalq münasibətlər sisteminin tarazlığı, bəşəriyyətin perspektivi, insani dəyərlərin təntənəsi baxımından anqlosakson liberalizmi ilə heç müqayisə ediləsi deyil. Bu səbəbdən bütün mütərəqqi ideya və prinsiplərin, ümidverici idealların yalnız anqlosakson xətti ilə bağlı olduğunu düşünmək, sadəcə olaraq, səhvdir. Vaxtilə kapitalizmin daxili inkişaf tələbatları hesabına (mənfəət əldə etmək, gəlir götürmək, rəqabətdə mövqe qazanmaq və s. motivlər) daha çox dəstəklənmiş və önə çıxmış, maddi-iqtisadi, informasion-texnoloji, industrial və postindustrial qazanclara yardımçı olmuş anqlosakson liberalizmi tədricən gəlib dalana dirənmişdir. Onun inadkarcasına "yeganə yol", "universal xətt" kimi fəaliyyət göstərməsi artıq fəlakətlərə səbəb olmuşdur və daha çox bəşəri faciələrə gətirə bilər. Elə axır vaxtlar dünyada tüğyan edən maliyyə, sonra iqtisadi, bunun ardınca sosial və siyasi böhranların baş verməsində və cərəyanında anqlosakson liberalizminin "xidmətləri" az deyil. Obyektivlik və həqiqət naminə bu böhranlar sırasında ilk növbədə "insan və insanlıq böhranı" qeyd olunmalıdır. Onu da deyim ki, vaxtilə, XX əsrdə, 20-ci illərin sonu və 30-cu illərin əvvəllərində qlobal böhranın yaranmasında da kifayət qədər anqlosakson liberalizminin rolu olmuşdur. Həmin qlobal böhranın nəticələri hamıya məlumdur: faşizm, İkinci Dünya müharibəsi, görünməmiş miqyasda və sayda insanların məhv edilməsi və s.

Ağır böhran dövrünü yaşayan müasir qlobal kapitalizm, bildiyimiz kimi, qeyri-klassik və yaxud, neoklassik iqtisadi nəzəriyyəyə əsaslanır ki, onun da qnoseoloji-metodoloji baza elementlərinin bir çoxu müasir anqlosakson liberalizmindən qidalanır. Klassik nəzəriyyə ilə müqayisədə daha qabaqcıl, kamil və gerçəkliyə müvafiq olsa da (bu nəzəriyyəni təmsil edənlər içərisində çox tanınmış simalar, o cümlədən Milton Fridman, Qeri Bekker, Corc Stiqler, Teodor Şults, Ceyms Bükenen kimi Nobel mükafatı laureatları vardır), qeyri-klassik nəzəriyyənin mövcud reallığın tələblərini ödəmək iqtidarı, filosof-sosioloq Frensis Fukuyamanın fikrincə, 80 faiz civarındadır. Üstəlik də, bu nəzəriyyə lap əvvəlcədən bazar fundamentalizmini və spekulyativ kapitalizmi qidalandıran elementlərdən azad deyildir. İndiki qlobal böhrana gətirib çıxaran səbəblər içərisində bu da var. Ona görə də məntiqi və zəruri olaraq, hansısa yeni paradiqmaya - postqeyri-klassik nəzəriyyəyə ehtiyac danılmazdır. Bu qənaətləri mən hələ 2001-ci ildə nəşr olunmuş "Keçid dövrü və yeni iqtisadi təfəkkür" adlı kitabımda irəli sürmüşdüm və postqeyri-klassik paradiqmaya olan ciddi zərurəti əsaslandıraraq, onun başlıca təsəvvürlər sistemini, ideya və prinsiplərini verməyə çalışmışdım, eyni zamanda, bu istiqamətdə işlərin uğurlu aparılması üçün tənqidi-sinergetik təfəkkürün əhəmiyyətini, rolunu vurğulamışdım. O təfəkkür tərzinin, tipinin ki, həm ehkam və totalitar xarakterli elementlərdən, həm də demokratik və müasir görünən anqlosakson liberalizminin nöqsanlarından azaddır. Tam əminliklə düşünürdüm ki, anqlosakson liberalizmi yeganə "çıxış yolu" ola bilməz, onun monobaxış statusuna iddia etməsi əsassızdır. Hadisələrin sonrakı gedişi, qloballaşmanın mənfi tendensiya və məqamları, nəhayət, indiki qlobal böhran, sadəcə olaraq, fikirlərimdə məni daha da qərarlaşdırdı.
Həqiqi demokratik siyasi rejimlərin və ədalətli dünya nizamının formalaşması anqlosakson modeli əsasında mümkün deyil, baxmayaraq ki, bu modeli və bu xətti indinin özündə də çoxları, dərindən mahiyyətlərə varmadan, alqışlayır və dəstəkləyir -ya birbaşa və şüurlu surətdə, ya da dolayısı, qeyri-iradi halda. Bizim siyasi və ictimai təşkilatlarda, insan hüquq və azadlıqları ilə bağlı qurumlarda çalışan fəalların əksəriyyəti də sanki, bu liberalizmin ab-havası ilə sehrləniblər. Çəkdikləri zəhmətə görə sağ olsunlar, ancaq ortada olan problemlərə daha açıq gözlə baxmağın vaxtıdır. Hər şeyi subyektiv amillərlə, kiminsə demokratiyanı istəyib-istəməməyi ilə bilavasitə bağlamaq düzgün deyil. Bir çöx problemlərin kökü və məğzi koqnitiv müstəvidədir, ictimai və fərdi şüuru işğal etmiş yanlış təsəvvürlərdədir, azadlıq, hüquq, demokratiya, cəmiyyət-dövlət haqqında atüstü, asan əldə edilmiş "bilik"dədir. Və hər şeydə bir qərəz, məkr axtarmağa, sağı-solu avtoritarizmə meyillikdə suçlandırmağa ehtiyac yoxdur.

Bu gün qloballaşma hay-küyündə "tam" kimi təsvir edilən dünya, həqiqətdə, ciddi surətdə çat verib, şaqqalanıb, hədsiz dərəcədə qütbləşib və diskretləşib. Barışmaz ziddiyyətlərin də olduğunu inkar etmək, sadəcə olaraq, mümkün deyil. Anqlosakson ənənəsindən törəyən amerikasayağı qloballaşmanın ortaya atdığı "iqtisadi adam" xalqların və ölkələrin inkişafında baş verən qeyri-tarazlığı, ədalətsizliyi nəinki aradan götürməyə və yaxud onları yumşaltmağa qadirdir, əksinə - bu natarazlığı və təzadları dərinləşdirməyə məhkumdur. O, qəddar dünyanın qaydaları ilə hesablaşmalı, total hökmlü kapitalın diqtəsi altında hərəkət etməlidir. Bütün sərhədləri keçmiş "kapital diqtəsi" diktaturaların, despotiyaların, yalan və dezinformasiyaların başlıca səbəbi və havadarıdır! Onu da deyək ki, hər bir diktatura, ilk növbədə, həqiqət üzərində diqtədən başlayır.

İnsan və vətəndaş hüquq və azadlıqları barədə minlərlə sənədlər qəbul edib kitablar yazmaq olar. Lakin bu işin kökündə demokratiya pərdəsinə bürünmüş kapital diqtəsi varsa, deməli, insan haqlarına (geniş və dar mənada) heç bir real və səmimi təminat yoxdur. Deməli, insanın yaşayıb-yaratmasında, onun daxili aləmində, ümumən sosiallaşmasında nəsə bir konflikt potensialı hökm sürür. Bəzən bu konflikt potensialı müxtəlif istiqamətlərdə açıq kinetik formalara keçir.

Tarix özü azadlıq problematikasının anqlosakson ənənəsi üzrə həllinin yararsızlığını, qeyri-insaniliyini göstərir. Onun artıq bütün dünya xalqlarına, bəşəriyyətin perspektivlərinə təhlükə yaratdığını təsdiqləyir. "Görünməz əl"ə (bazar mexanizminin daxili potensialına) bəslənən ümidlər bir illüziya, xəyal, bazar apologetlərinin təbliğatı, yalanı olaraq ortaya çıxmaqdadır. Reallıqları obyektiv və tənqidi dəqiqliklə təhlil etsək görərik ki, anqlosakson "hüquq-azadlıq" sisteminin hökmranlığı şəraitində heç bir bazar iqtisadiyyatı bəşəriyyət və insan üçün vacib olan böyük (ali) prinsipləri təmin edə bilmir və etməyəcək.

Anqlosakson liberalizmi yalnız müsəlman ölkələrini qarşıdurmaya, zillətə və zülmətə sürükləyən "ideal" deyil, o, Avropada, Amerika Birləşmiş Ştatlarının özündə insanları amansızcasına bir-birindən ayıran, özgələşdirən, hipertəbəqələşmə və yeni istismar formaları ortaya qoyan, "insanilik" deyilən nə varsa, hamısını silib-süpürən allahsız bir yoldur. Bu yolun hansısa ikinci, üçüncü dərəcəli qolunda "narıncı", "məxməri" ingilablar həyata keçirməklə qətiyyən heç bir müsbət nəticəyə nail olmaq mümkün deyil. Düşüncə və əməldə, ictimai praktikada avtoritarizmdən-totalitarizmdən uzaqlaşaraq demokratiyaya can atmaq yaxşı və zəruri haldır, lakin tarixin özü göstərir ki, bu məqsədlə birbaşa "anqlosakson gəmisi"nə atılanlar elə birbaşa da bu çürümüş, dəlinib-deşilmiş, zamanın "sərhəd qalası"na dirənmiş gəminin qurbanlarına çevrilirlər. Xilas yolu bu istiqamətdə deyil, əks halda mövcud və müasir liberal demokratiyanın gücsüzlüyündən və yaxud yaratdığı fəsadlardan narahat olan, "tarixin sonu"na işarə vuran, Qərb cəmiyyətlərinin özündə çoxsaylı çatların yaranmasından təlaş keçirən F.Fukuyama, İ.Vallerstayn, S.Hantinqton, P.Bükenen kimi şəxsiyyətlərin özü bilavasitə anqlosakson gəmisinin sakinləri olmaqdan çəkinməzdilər.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Demokratiya yolunda: irs haqqında düşünərkən" adlı fundamental kitabında qeyd olunduğu kimi, bir növ "əyləc rıçağı" rolunu oynayan "rəngli" ingilablar göstərdi ki, "hakimiyyətin dəyişməsi və "demokratik elitanın" hakimiyyətə gəlməsi heç də həmişə sabitliyə və iqtisadi dirçəlişə şərait yaratmır." O yazır: "Beləliklə, postsovet respublikalarında demokratikləşmənin sürətləndirilməsi layihəsinin "məxməri" inqilablar yolu ilə reallaşdırılması bu layihənin müəlliflərinin ümidlərini doğrultmadı... Layihənin iflasa uğraması, eləcə də bu layihə ilə əlaqədar dünyada baş verən bəzi başqa proseslər... ABŞ-ın xarici siyasətinin ən mühüm istiqaməti kimi "bütün dünyada demokratiyanı inkişaf etdirmək" barədə qlobal siyasətinə düzəliş edilməsinə də çox ciddi təsir göstərdi."

Bəli, Azərbaycanda "rəngli" inqilab, şükürlər olsun ki, baş tutmadı, bunun üçün, həqiqətdə, heç bir ehtimal da yox idi. Bu barədə akademik Ramiz Mehdiyev öz əsərlərində kifayət qədər ətraflı yazıb. Lakin, tutaq ki, "narıncı" inqilab baş tutardı, cəmiyyətimiz üçün bu, nəsə yaxşı bir şey verə bilərdimi? Əlbəttə, yox! Mənfi, hətta faciəli nəticələrin olmasına şübhə yeri qalmadığı halda, yaxşı nəsə gözləmək sadəlövhlük olardı. Yuxarıda söylədiyim fikirlər bunu deməyə əsas verir. Ən başlıca səbəb, sübut da odur ki, özlərini "demokratik elita", "azadlıq əzabkeşləri", müasir dövrün müasir insanları sayan "inqilabçılar" əməlli-başlı bilgidən, dərin və qərəzsiz təhlildən (mən hələ iradə və cəsarətin, bir-birinə etibarın və sədaqətin olmasını demirəm!) məhrumdurlar, nəinki qeyri-klassik və yaxud postqeyri-klassik idarəetmə nəzəriyyələrindən, hətta klassik nəzəriyyələrdən bixəbərdirlər. İnsan isə başqa canlılardan əsasən ona görə fərqlənir ki, kor-koranə fəaliyyət göstərmir, həyata keçirmək istədiyi əməldən öncə düşünür, məxsusi ideal konstruksiya yaradır və s. Adi istəklər, arzular, xülyalar hesabına yaxşı nəyəsə yiyələnmək, xüsusən də dövlət qurub-yaratmaq, idarə etmək mümkün olsaydı, onda qədim dövrlərdən üzü bəri əziyyət çəkib cəfakeşlik etmiş böyük şəxsiyyətlərin - mütəfəkkirlərin, dövlət başçılarının, siyasi xadimlərin əməyinə, missiyasına nə ehtiyac vardı?! Yox, mən qətiyyən istehza etmək, kimlərinsə dramatik vəziyyətinə sevinmək həvəsində deyiləm, istəyim odur ki, az-çox rassionarlığa malik insanlar öz nöqsanlarını, səhvlərini saf-çürük etsinlər, zəruri və əhəmiyyətli ideyalar uğrunda görülməli işlər üçün bilik, təcrübə toplasınlar, əcnəbilər yanında nə xalqı, nə də özlərini gülünc vəziyyətdə qoymasınlar, yaxşı olana "yaxşı" deməyi öyrənsinlər. Milli mənafe, qüdrətli Azərbaycan dövləti, etibarlı gələcəyimiz naminə hamımız bir cəbhədə olmalıyıq.

Dünyanın belə bir təlatümlü, çalxalandığı dövrdə, Qarabağ probleminin həlli ilə bağlı ziddiyyətlərin, təzyiq və təhdidlərin kəskin artdığı zamanda bütün çətinliklərə mərdliklə, ağılla, cəsarətlə sinə gərən Prezidentimiz cənab İlham Əliyevi birmənalı surətdə dəstəkləməli, qadir olduğumuz yaxşı işləri ortaya qoymalıyıq. Bu yerdə dahi Hötenin akademik Ramiz Mehdiyevin kitabında işıqlandırılmış bir fikrini xatırlatmaq istərdim: "Bizi azad edən o deyil ki, öz üzərimizdə heç bir hakimiyyəti tanımırıq, bizi azad edən odur ki, bizdən yuxarıda olana hörmət bəsləməyi bacarırıq. Çünki belə hörmət bizim özümüzü ucaldır." Həqiqi demokratiyaya yol milli konsolidasiyadan, milli maraqların uca tutulmasından və reallaşdırılmasından keçir. Bu yolda kimin yaxşı nəyəsə gücü çatırsa, onu da etməlidir, hər kəs öz töhfəsini verməlidir. Onda zaman da, tarix də bizə işləyəcək.

 

 

Əbülhəsən ABBASOV,

AMEA Fəlsəfə, Sosiologiya və

Hüquq İnstitutunun şöbə müdiri,

fəlsəfə elmləri doktoru, professor,

Rusiya Pyotr Akademiyasının

müxbir üzvü

 

Azərbaycan.- 2009.- 19 may.- S. 5.