Qarabağ həqiqətlərinə mükəmməl tarixi-hüquqi
yanaşma
Tarixi faktlar təsdiqləyir
ki, "Dənizdən-dənizə Ermənistan"
xülyası ilə yaşayan ermənilər xarici
havadarlarının köməyilə müxtəlif dövrlərdə
azərbaycanlılara və türklərə qarşı
amansız terror, soyqırımı siyasəti həyata
keçirmiş, etnik təmizləmə siyasəti
aparmışlar. Erməni terrorizminin qanlı fəsadları
təkcə böyük türk dünyasının deyil,
bütün bəşəriyyətin başı
üstünü qara kabus kimi bürüməklə,
insanlığa qarşı yönəlmiş ən
amansız, dəhşətli cinayətlərə rəvac
vermiş, əsrlər boyu bu vandalizmin
ağrılarını çəkən Azərbaycan
xalqının təhtəlşüurunda dərin izlər
buraxmışdır.
Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzü dünyanın yeni
münaqişələr tarixinə beynəlxalq hüquqi
normaların kobudcasına pozulduğu faktlardan biri kimi
yazılmış və Azərbaycan üçün
ağır nəticələrə səbəb olmuşdur. Bu
vandal siyasət nəticəsində Azərbaycan ərazilərinin
20 faizi işğal edilmiş, 20 mindən çox vətəndaşımız
qətlə yetirilmiş, 50 mindən çox insan
yaralanmış, şikəst olmuşdur. Bir milyona yaxın əhali
20 ilə yaxındır ki, doğma yurd-yuvasından didərgin
düşərək işğalçı Ermənistanın
etnik təmizləmə və soyqırımı siyasətinin
qurbanı olmuşdur. Bütün bunların fonunda bədnam
erməni lobbisinin apardığı həqiqətə
uyğun olmayan məkrli, iftira xarakterli təbliğata
qarşı effektiv əks-hücumun təşkili və təcavüzkarın
beynəlxalq səviyyədə ifşası baxımından
elmi ictimaiyyətin üzərinə mühüm vəzifələr
düşür. Azərbaycan Prezidenti cənab İlham Əliyev
hələ 2005-ci ilin dekabrında AMEA-nın 60 illiyi ilə
bağlı təntənəli yubileydəki
çıxışında bu məqama xüsusi toxunaraq
demişdir: "Xarici mətbuatda Azərbaycan haqqında həqiqəti
əks etdirməyən, tamamilə yalan, böhtan xarakterli məlumatlar
kifayət qədərdir. Onların böyük hissəsi erməni
lobbisinin sifarişi ilə işıq üzü
görübdür. Bu sahədə daha böyük işlər
görülməlidir, elm adamları təbliğatda daha fəal
olmalıdır. Mən ümid edirəm ki, bizim fəallığımız
gözəl nəticələrini
verəcəkdir".
Son illər Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı yazılıb nəşr edilmiş kitablarda bu
münaqişənin kökləri hərtərəfli
araşdırılır, ermənilərin Azərbaycana
qarşı ərazi iddialarının istər tarixi, istərsə
də beynəlxalq hüquq normaları baxımından əsassızlığı
önə çəkilir. Bakı Dövlət Universitenin
hüquq fakültəsinin professoru, Rusiya Hüquq Elmləri
Akademiyasının həqiqi üzvü, İnsan
Hüquqları və Vətəndaş Cəmiyyəti Naminə
İctimai Birliyin sədri Məhəmməd
İmanlının müəllifliyi ilə bu günlərdə
nəfis tərtibatda işıq üzü görmüş
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi beynəlxalq sülh və təhlükəsizliyə
təhdiddir: problemə tarixi baxış və bəzi beynəlxalq
cinayət hüququ məsələləri" adlı kitab
da öz sanbalı, elmi-fəlsəfi, eləcə də
siyasi-hüquqi məzmun yükü ilə mühüm əhəmiyyət
kəsb edən nəşrlərdəndir.
Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının
hüquq-mühafizə orqanları ilə iş şöbəsinin
müdiri Fuad Ələsgərovun elmi redaktorluğu ilə
işıq üzü görmüş kitabda Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi tarixi, hüquqi və
politoloji aspektdə təhlil olunmuş, ermənilərin azərbaycanlılara
qarşı yeritdiyi soyqırımı, deportasiya və terror
siyasəti beynəlxalq hüquq norma və prinsipləri
kontekstində elmi təhlil süzgəcindən
keçirilmiş və əsaslı şəkildə ifşa
edilmişdir. Zəngin faktoloji və ensiklopedik səciyyəyə
malik əsərdə ermənilərin ötən əsrdə
azərbaycanlılara qarşı ərazi iddialarının
hüquqi cəhətdən əsassızlığı
sübuta yetirilir, Xocalı faciəsinin soyqırım cinayəti
kimi töfsif edilməsinə əsas verən beynəlxalq
hüquq normalarına diqqət çəkilir. Müəllif
münaqişənin tarixi və hüquqi aspektdən təhlilinə
geniş yer verməklə yanaşı, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ətrafında son
illərdə cərəyan edən hadisələri dərin
politoloji rakursda təhlil etmiş, Azərbaycan Prezidenti cənab
İlham Əliyevin problemin beynəlxalq hüquq normaları əsasında
həlli istiqamətində həyata keçirdiyi siyasəti
geniş və ətraflı şərh etmişdir.
Müəllifin ciddi
tarixi və hüquqi mənbələrə əsaslanmaqla ərsəyə
gətirdiyi kitabın birinci fəslində Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri,
habelə ermənilərin iki əsrdən artıq müddətdə
azərbaycanlılara və türklərə qarşı həyata
keçirdiyi soyqırımı və terror, etnik təmizləmə
siyasətindən söhbət açılır. Çar
Rusiyasının erməniləri Türkiyə və
İrandan Cənubi Qafqaza köçürdüyünü,
onları himayə edərək azərbaycanlılara
qarşı qoyduğunu konkret tarixi fakt və dəlillər əsasında
yazan Məhəmməd İmanlı bədxah
qonşularımızın müxtəlif dövrlərdə
Azərbaycana qarşı ərazi iddiası ilə çıxış
etdiklərini diqqətə çəkir. "Azərbaycan
torpaqlarının şimal hissəsinin
"Gülüstan" və "Türkmənçay"
sülh müqavilələri ilə çar Rusiyasının
tərkibinə daxil edilməsi zamanı İran və
Türkiyə ərazisindən məqsədyönlü və
kütləvi şəkildə ermənilərin Qafqaza
köçürülməsi çar Rusiyasının xarici
siyasətinin əsas istiqamətlərindən biri hesab olunur. Başlıca
səbəb isə Osmanlı imperiyası və İran
arasında münaqişəni dərinləşdirmək və
onlarla öz aralarında əhalinin əksəriyyətinin azəri
türkləri olan Azərbaycan xanlıqlarının ərazisində
bufer xristian dövləti yaratmaq olmuşdur" - deyə
kitabın birinci fəslində vurğulanır. Əsərdə
həmçinin ermənilərin qədim Azərbaycan
torpaqlarının ilhaqı yolu ilə özlərinə
qondarma dövlət yaratdığı, İrəvanın
tarixi Azərbaycan torpağı olduğu göstərilir.
Bu fəsildə həmçinin
"ASALA", "Daşnaksütyun" və digər terror
təşkilatlarının dağıdıcı fəaliyyətindən,
ermənilərin 1905-1907, 1918-1920-ci illərdə və 1988-ci
ildən sonra azərbaycanlılara qarşı həyata
keçirdikləri soyqırımı və terror cinayətlərindən
bəhs olunur. Müəllif haqlı olaraq vurğulayır ki,
erməni ideoloqlarının milli ədavəti üzündən
Azərbaycanın çəkdiyi müsibətlərin uzun illər
qıfıl altında saxlanması gözlənilən
qarşıdurmanı zəiflətməmiş, əksinə,
onun güclənməsinə imkan yaratmışdır.
Kitabın ikinci fəslində
isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi hüquqi-siyasi təhlil süzgəcindən
keçirilir, ermənilərin irəli sürdüyü
iddiaların beynəlxalq hüquq normaları ilə tamamilə
ziddiyyət təşkil etdiyi konkret konvensiya və sazişlər
əsasında şərh edilir. Müəllif yazır ki,
1988-ci ildən ortaya atılan qondarma Dağlıq Qarabağ
münaqişəsinin əsasında bu ərazinin müəyyən
bəhanələrlə Azərbaycandan qoparılaraq Ermənistana
birləşdirilməsi məqsədi dayanır. Ötən əsrin
80-ci illərinin sonunda Azərbaycanın Dağlıq
Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə
daxil edilməsı haqqında konstitusiyaya zidd qərarın
verilməsi, eləcə də SSRİ rəhbərliyinin bu
vilayəti Xüsusi İdarəetmə Komitəsi vasitəsilə
Azərbaycanın tabeliyindən çıxarmağa
çalışması ilə Azərbaycan zorən hərbi
münaqişəyə cəlb edilmişdir. Professor Məhəmməd
İmanlının fikrincə, Ermənistanın 1987-1988-ci illərdə
Azərbaycanın əzəli Dağlıq Qarabağ
torpağına başlanan əsassız ərazi iddiaları -
separatçılıq hərəkətləri beynəlxalq
hüquq və normalarına, o cümlədən BMT-nin, ATƏT-in,
Avropa Şurasının nizamnamələrinə, Helsinki Bəyannaməsinə
daban-dabana ziddir. Həmin prinsiplər heç bir dövlət
tərəfindən və heç bir xüsusi akt əsasında
ləğv edilə bilməz.
Kitabın ikinci fəslində
həmçinin vurğulanır ki, separatizm dövlətçiliyin,
cəmiyyətin demokratik quruluşunun mövcudluğunun
dağıdılmasına, dövlətin ərazi
bütövlüyünə, qlobal aspektdə isə beynəlxalq
hüquq norma və prinsiplərinə qarşı yönəlmiş
təcavüzkar qəsddir. Dağlıq Qarabağdakı
separatçı rejim isə xarici dəstək faktoru ilə
qeyri-qanuni şəkildə nəzarət altında
saxladığı ərazilərdəki fəaliyyətini
"pərdələmək" üçün hər zaman
beynəlxalq hüququn "milli özünütəyinetmə"
kimi müstəsna prinsipinə istinad etməyə
çalışır. Kitabda düzgün olaraq qeyd edilir ki,
Ermənistanın işğal yolu ilə Dağlıq
Qarabağda separatçı rejim və nəzarətsiz zona
formalaşdırması regionda, eləcə də Avropada
sülhə və təhlükəsizliyə böyük təhdidlərdən
biridir. Dövlət başçısı cənab İlham Əliyevdən
iqtibas gətirən müəllif yazır ki,
separatçılıq fəaliyyətinin "Dağlıq
Qarabağ "xalqı"nın öz müqəddəratını
təyin etmək" arzusu kimi qələmə verilməsi
tamamilə absurd olub beynəlxalq hüquq norma və prinsiplərinə
ziddir. Tarixən Azərbaycan torpaqlarına göz dikən ermənilər
bu yolla özlərinin işğalçılıq siyasətinə
"bəraət qazandırmağa", beynəlxalq ictimaiyyətin
qınaq və təzyiqlərindən sığortalanmağa
çalışırlar.
Müəllif həmçinin
vurğulayır ki, milli özünütəyin - öz
müqəddəratını təyinetmə prinsipi hər
bir xalqın beynəlxalq hüquqda təsbit olunmuş müstəsna
hüququdur və Azərbaycan dövləti də bu hüquqa
hörmətlə yanaşır. Lakin beynəlxalq normalara
görə, müstəqil dövləti olmayan xalqlar müəyyən
hüquqi çərçivədə öz müqəddəratını
təyin etmək iddiası ilə çıxış edə
bilərlər. Erməni xalqının isə müstəqil
dövləti var və bu baxımdan, Dağlıq
Qarabağdakı separatçı erməni rejiminin belə bir
iddia ilə çıxış etməsinin hüquqi və
siyasi əsasları yoxdur. "Əgər ötən əsrin
60-70-ci illərində öz müqəddəratını təyinetmə
deyəndə hər hansı xalqın öz müstəqil
dövlətini qurması başa düşülürdüsə,
hazırda sərhədlərin zorla dəyişdirilə bilməməsi
prinsipini özündə ehtiva edən 1975-ci il Helsinki Yekun
Aktının müasir interpretasiyası yalnız mədəni
(yəni fərdi) və inzibati muxtariyyəti qəbul edir. Başqa
sözlə, burada dövlətin ərazi
bütövlüyünü pozmamaqla reallaşdırılan
öz müqəddəratını təyinetmədən
söhbət gedə bilər. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin qeyd
etdiyi kimi, artıq öz müqəddəratını bir dəfə
təyin etmiş ermənilərin Dağlıq Qarabağı
müstəqil görmək iddiaları əsassızdır"
- deyə Məhəmməd İmanlı yazır.
Müəllif qeyd edir
ki, Ermənistan dövləti humanitar hüququn və insan
hüquqlarının əsas prinsipi olan insanpərvərliyi rədd
edərək azərbaycanlılara qarşı etnik təmizləmə,
deportasiya siyasəti yeritmiş, bu siyasət Xocalı şəhərində
özünün kuliminasiya nöqtəsinə
çatmışdır. Müəllif 1992-ci ilin fevralında
Xocalı şəhərində törədilən dəhşətli
qətliamın bir sıra konvensiya və sazişlərə əsaslanaraq
soyqırımı olduğunu diqqətə çəkir. Terrorizmi
bəşəriyyətə, dövlətlərin dinc
yaşamasına və beynəlxalq təhlükəsizliyə
qarşı yönəlmiş ən təhlükəli təhdidlərdən
biri hesab edən müəllif Azərbaycanın işğal
olunmuş ərazilərində terrorçuların
hazırlandığını, habelə narkotik vasitələrin
yetişdirildiyini konkret faktlarla diqqətə
çatdırır.
Kitabda genosid cinayəti
ilə əlaqədar beynəlxalq cinayət məhkəməsinin
universal yurisdiksiya mexanizmlərindən istifadə etməklə
ermənilərin məsuliyyətə cəlb edilməsi
perspektivlərinə toxunulur. Eyni zamanda, son illər Azərbaycanın
siyasi, iqtisadi və hərbi qüdrətinin artması fonunda
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin tənzimlənməsi prosesində
ölkəmizin mövqeyinin güclənməsi təhlil
edilir. Müəllif Azərbaycan Prezidenti İlham Əliyevin
diplomatik səyləri və uğurlu xarici siyasəti nəticəsində
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin ədalətli həllini
tapacağına dərin inamını ifadə edir. Onun fikrincə,
Azərbaycan bu gün haqlı mövqeyini müxtəlif beynəlxalq
təşkilatlarda müdafiə edir, Ermənistanın təcavüzkar
siyasətinin daha qlobal miqyasda ifşasına nail olmaq, ideoloji-təbliğati
sahədə psixoloji üstünlüyü ələ almaq
üçün diplomatik fəaliyyətini davam etdirir.
Hüquq elmləri doktoru, professor Məhəmməd
İmanlının "Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq
sülh və təhlükəsizliyə təhdiddir: problemə
tarixi baxış və bəzi beynəlxalq cinayət
hüququ məsələləri" kitabı Azərbaycan həqiqətlərinin
tarixi və hüquqi aspektdən tədqiqinə həsr
olunmuş sanballı elmi yanaşmadır. Kitab Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsini beynəlxalq
sülh və təhlükəsizliyə təhdid kimi həm
tarixi, həm də beynəlxalq hüquqi aspektdə nəzərdən
keçirməyə imkan verir. Eyni zamanda, kitab diplomatiya sahəsində
çalışan mütəxəssislər, müəllimlər,
elmi işçilər və tələbələr
üçün dəyərli vəsait kimi əhəmiyyətlidir.
Seyfəddin QƏNDİLOV,
tarix elmləri doktoru, professor,
əməkdar elm xadimi
Azərbaycan.- 2009.- 19 may.- S. 6.