Musiqişünas alim,
publisist, dramaturq, pedaqoq Üzeyir Hacıbəyovun ev-muzeyi
1975-ci il noyabrın 20-də, bəstəkarın anadan
olmasının 90 illiyi münasibətilə ulu öndər
Heydər Əliyevin yaxından köməyi nəticəsində
yaradılmışdır.
Dahi bəstəkarın
şəxsiyyətinə, yaradıcılığına
hörmətlə yanaşmış Heydər Əliyev onun
haqqında demişdir: "Üzeyir Hacıbəyov fövqəladə
fitri istedadı, böyük fədakarlığı, mükəmməl
təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti
ilə xalqımızın böyük şəxsiyyətlərindən
biri olmuş, dünya korifeylərinin ön sırasında
duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət
olmuşdur".
Ümummilli lider Heydər
Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin
2005-ci ildə imzaladığı sərəncama əsasən
(Üzeyir bəyin 120 illik yubileyi ərəfəsində)
muzeyin memorial hissəsi əsaslı təmir olunmuş, 2007-ci
ildə isə muzeyin inzibati binası yenidən qurulmuşdur.
Məlumdur ki, xarici
ölkələrdə şəxsiyyət ensiklopediyalarının
nəşri geniş yayılmışdır.
Azərbaycanda isə belə
ensiklopediyalar çox azdır. Dahi bəstəkarımızın
ensiklopediyası isə Azərbaycanda yaranan ilk belə
ensiklopediyadır.
Üzeyir bəyin ilk
ensiklopediyası 1996-cı ildə Azərbaycan dilində (kiril
əlifbası ilə), daha sonra həmin kitab 2003-cü ildə
rus dilində nəşr edilmişdir. Sonuncu ensiklopediya isə
YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə 2008-ci ildə nəşr
edilib. Qeyd edək ki, bu kitab "Üzeyir dünyası"
layihəsinə daxildir.
2008-ci ildə Heydər Əliyev
Fondu tərəfindən "Üzeyir dünyası" layihəsinə
əsasən 7 kitab nəşr edilmişdir. Bunlar Üzeyir
Hacıbəyovun "Leyli və Məcnun", "O
olmasın, bu olsun", "Arşın mal alan",
"Koroğlu" kimi əsərlərinin klavirləri,
"Bədii və publisistik əsərləri", "Ömür
salnaməsi" və "Üzeyir Hacıbəyli
ensiklopediyası"dır.
"Bədii və
publisistik əsərləri" kitabına bəstəkarın
6 operasının, 3 operettasının librettoları, satirik
hekayələri, felyetonları və məqalələri daxil
edilmiş, "Ömür salnaməsi" kitabında isə
onun həyat və yaradıcılıq yolunun əsas tarixləri,
musiqi əsərlərinin, opera, romans, mahnı, felyeton və
miniatürlərinin, ona həsr olunmuş kitabların,
monoqrafiyaların, məqalələrin siyahısı əksini
tapmışdır.
Muzeyimizə hədiyyə
edilmiş yeni materiallar burada həm fonda daxil edilib, həm də
sərgi salonunda nümayiş etdirilir. Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevaya mənsub bir fikir
var: "Üzeyir irsi həqiqətən böyük bir
dünyadır. Bu dünyanın əzəməti ondadır
ki, Üzeyir bəy bu gün də əsl pedaqoq kimi bizi tərbiyə
edir, bizə kədərlənməyi və gülməyi
öyrədir, muğam dramaturgiyasının sirlərini
açır, aşıq sənətinin qüdrətini dərk
etməyə kömək edir".
Üzeyir bəy irsi
böyük bir dünyadır. Onun yaratdığı bu
dünyanı gələcəyimiz naminə qoruyub
saxlamalıyıq.
Səbinə HAFİZOVA,
Üzeyir Hacıbəyovun
ev-muzeyinin elmi işçisi
Azərbaycan.- 2009.- 19 may.- S. 6.