Texnopark elm, təhsil
və istehsalatın inteqrasiya vasitəsidir
Kiçik və orta
biznesin inkişaf etdirilməsi dünya ölkələrinin
daim diqqət mərkəzindədir. Azərbaycan milli müstəqilliyini
bərpa etdikdən sonra özəl biznesin inkişafına
xüsusi diqqət yetirilir. Bu məqsədlə müvafiq
dövlət qurumları yaradılmış, bir sıra
istiqamətlərdə dövlət proqramları qəbul
olunmuşdur.
Həyata keçirilən
məqsədyönlü siyasətin nəticəsidir ki,
ötən il ümumi daxili məhsulda özəl sektorun
xüsusi çəkisi 85 faiz təşkil etmişdir. Qanunvericilik
bazasının təkmilləşdirilməsi, sahibkarlara
dövlət dəstəyinin gücləndirilməsi və
işgüzar münasibətlərin inkişafı ölkə
iqtisadiyyatına qoyulan investisiyaların artmasına gətirib
çıxarmışdır. Keçən il ölkəmizin
iqtisadiyyatına 11,2 milyard dollar investisiya qoyulmuşdur. MDB və
Şərqi Avropa ölkələri arasında Azərbaycan
adambaşına düşən xarici investisiyanın həcminə
görə lider mövqedədir. Son iki ildə daxili
investisiyanın həcmi xarici investisiyanı üstələmişdir.
Dünya Bankının və Beynəlxalq Maliyyə
Korporasiyasının hesabatında "Doinq Business 2009"
işgüzar mühitin yaxşılaşdırılması
sahəsində Azərbaycan ən mütərəqqi ölkə
elan olunmuşdur.
Kiçik istehsal biznesi
Azərbaycan üçün iqtisadiyyatda sabitlik yaradan əsas
amillərdəndir. Eyni zamanda, yüksək texnologiyalara əsaslanan
biznes prosesləri, müasir ideyaların
reallaşdırılması və innovasiyaların tətbiqi
ölkə üçün böyük əhəmiyyət
daşıyan məsələlərdəndir. Bunlar investorlar
üçün vahid biznes meydanı ola biləcək komplekslərin
yaradılmasını nəzərdə tutur. Dünya
praktikasında texnopark adlanan belə komplekslərin
yaradılmasına böyük önəm verilir.
Ötən əsrin 50-ci illərində ABŞ-ın Stenford Universitetində bu problemin həllinin ilk variantı tapıldı. Yarımkeçirici tranzistorun ixtira olunması ilə əlaqədar yarımkeçiricilər elektronikasının sürətlə inkişaf etdiyi bir dövrdə sözügedən universitet özünün istifadə etmədiyi binalarını və boş ərazilərini bu məsələ ilə məşğul olan yaradıcı kollektivlərə nisbətən ucuz qiymətə icarəyə verdi. Bu yolla universitetin elmi-texnoloji parkı yarandı. Hazırda ABŞ-da 160-dan çox texnopark fəaliyyət göstərir ki, bu da dünyadakı texnoparkların ümumi sayının 30 faizini təşkil edir. Texnoparkları dəstəkləmək üçün "texnoloji istixana", "texnoloji inkubator" və "biznes inkubator" kimi qurumlar yaradılmışdır.
ABŞ-dan sonra digər inkişaf etmiş ölkələrdə də texnoparklar təşkil edildi: İngiltərənin Kembric Universitetində elmi-texnoloji park, Fransanın Qrenobl Akademiyasında elmi-texniki yeniliklər və istehsal zonası və sairə. Texnopark ideyası daha sonra üçüncü dünya ölkələrində yayıldı. Çində 1988-ci ildə qəbul edilmiş dövlət elmi-istehsal proqramına uyğun olaraq, elmi-texniki potensialı bir sıra elm tutumlu sahələrdə (mikroelektronika, informatika, optik-lifli rabitə, biotexnologiya, tibb avadanlıqları və s.) cəmləşdirmək üçün yüksək texnologiyaların inkişafı zonaları - texnoparklar yaradılmağa başladı. Hazırda bu ölkədə müxtəlif səviyyəli 120 texnopark fəaliyyət göstərir. Onların məhsul ixracından illik ümumi gəliri 4 milyard dollara çatır. Qonşu Rusiyada ilk texnopark keçən əsrin 90-cı illərində meydana gəlmişdir. Texnoparklar əsasən ali məktəblərin və iri elmi-texniki mərkəzlərin nəzdində yaradılır. Bu gün Rusiyanın 35 regionunda 60 texnopark fəaliyyət göstərir.
Dünya təcrübəsində texnopark ideyası ən çox Şanxay və Honqkonq regionlarında reallaşdırılmışdır. Bu ideyanın başlıca prinsipi azsaylı personal və kiçik sahə tələb edən xırda istehsal sahələri təşkil etməkdir. Texnoparkın rentabelliyi ondadır ki, kifayət qədər bahalı və müasir avadanlığa malik belə biznes-inkubatorlar inkişafda olan kiçik biznesin gəlirlərində iştirak edərək fəaliyyət göstərir və özü də gəlir əldə edir. Belə bir fəaliyyəti dəstəkləmək məqsədilə texnoparklar üçün xüsusi iqtisadi zonalar yaradılır. Xüsusi iqtisadi zonalar haqqında qanunda nəzərdə tutulduğu kimi, müəyyən bir sahə ayrılır, sahənin administratoru təyin olunur və bu zona üçün vergilər kəskin şəkildə aşağı salınır. Yalnız belə şərtlər daxilində rentabelli kiçik biznesə başlamaqdan söhbət gedə bilər.
Digər tərəfdən, texnopark axtarış məkanıdır. Finlandiyada innovasiya texnologiyaları axtarışı ideya-modelindən istifadə edilir. Bu modelə görə, layihələndirmənin ilk mərhələsində ancaq müəllif-ixtiraçı və müəyyən qədər də sərmayə tələb olunur. Bu ideyanı sənaye səviyyəsinə çatdırmağı tələb edən ikinci mərhələdə isə daha çox investisiya, müxtəlif texnika və texnologiya, müxtəlif ixtisaslı mütəxəssislər, tərəfdaşlar lazım gəlir. Hətta ən yaxşı ideyadan belə əlverişli biznesin alınacağını proqnozlaşdırmaq çox çətindir. Odur ki, xırda istehsal biznesində vençur maliyyələşdirilməsindən geniş istifadə edilir. Bunun mahiyyəti ondadır ki, reallaşdırılmaq üçün seçilmiş ideyalardan 15-20 faizinin tətbiq olunması çəkilmiş xərcləri ödəyir və müvafiq bank üçün hətta ən gəlirli investisiyalardan sayılır.
Hər bir sənaye nümunəsi üçün çəkilən xərclərin optimallaşdırılması məsələsi daim gündəlikdə olmalıdır. İnvestor bankdırsa, onda o hər bir müəllif-ixtiraçı ilə işləyir. Yox, əgər müəllifin özü tərəfdaşlar, texnika, mütəxəssislər axtarırsa və hər dəfə də yenilərini tapırsa, onda xərclər kifayət qədər artır. Belə olan halda yeni bir ideya meydana gəlir: bütün ixtiraçıları avadanlığı və ekspertizası olan bir qurumda toplamaq və hamısı ilə birgə işləmək. Bunu, əlbəttə ki, ali məktəb bazasında etmək daha məqsədəuyğundur, çünki ali məktəblərdə elmin müxtəlif sahələri ilə məşğul olan mütəxəssislər var. İxtiraları isə ekspertiza etmək, işçi cizgilərini hazırlamaq müasir texnoloji durum səviyyəsində hazırlıq və ciddi elmi əsaslandırmalar tələb edir. Ali məktəblərin xeyri ondadır ki, onların tələbə və professor-müəllim heyətləri ən qabaqcıl istehsal məsələlərinin həllində iştirak edir, ixtiraçının xeyri başa düşüləcəyi bir mühitdə çalışması, investorlarınkı isə hər bir ixtiraçı ilə fərdi yox, yüksək elmi-texnoloji potensiala malik güclü struktur daxilində işləməsidir.
Texnopark şəhər və dövlət üçün də faydalıdır. O, şəhər üçün yeni iş yerlərinin açılması və yeni texnologiyaların inkişaf etdirilməsidirsə, dövlət üçün innovasiya əsaslı və rəqabətə davamlı iqtisadiyyatın yaradılması vasitəsidir. Odur ki, belə kommersiya təyinatlı qurumların təsisatçısı kimi dövət, bələdiyyə, ali məktəb və biznes strukturları çıxış edirlər.
Texnoparkın digər bir üstün cəhəti onun kommersiya cazibədarlığına və sabitliyə malik olmasıdır. Texnoparkın əsas təsisçilərindən birinin ali məktəb olmasına baxmayaraq, onun idarə olunması işini, kommersiya qurumu kimi, ali məktəb deyil, biznesdə artıq müəyyən müvəffəqiyyətlər qazanmış və biznesi özünün əsas fəaliyyət istiqaməti sayan sahibkarlar həyata keçirirlər. Başqa sözlə, texnopark yüksək texnologiyalar və innovasiyalar əsasında biznes fəaliyyəti həyata keçirən sərbəst, kommersiya baxımından əlverişli və səmərəli müəssisədir.
Avropada texnoparkların yaradılması şərtləri cazibədardır. Bu şərtlərin həyata keçirilməsi üçün müvafiq hüquqi baza olmalıdır. Azərbaycan qanunvericiliyində texnoparkın hüquqi statusu nəzərdə tutulmamışdır. Rusiyada texnopark ideoloqlarının qarşısında duran əsas vəzifə onu ölkə qanunvericiliyinə uyğunlaşdırmaq idi. Azərbaycanda da ilk növbədə əqli mülkiyyət, əmək hüququ, əqli mülkiyyətdən istifadə hüququ, müəlliflik hüququ və digər sahələrdə qanunvericiliyi uyğunlaşdırmaq lazım gələcəkdir. Bu gün ən vacib məsələ isə texnopark anlayışının özünü milli qanunvericiliyə daxil etməkdir.
Fikrimizcə, ölkəmizdə ilk texnoparkın Azərbaycan Texniki Universitetinin nəzdində yaradılması məqsədəuyğundur. Burada texnopark təşkil etmək üçün lazımi şərait var. AzTU-nun 8 fakültəsində ölkə sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edən 70 ixtisas üzrə 5600 bakalavr və magistr hazırlığı və elmi tədqiqat - innovasiya fəaliyyəti həyata keçirilir. Bu işdə 608 nəfərlik yüksək səviyyəli professor-müəllim heyəti, o cümlədən 81 texniki elmlər doktoru, professor və 333 texniki elmlər namizədi, dosent iştirak edir. Bu ali məktəbin professor-müəllim heyəti, aspirant və tələbələri tərəfindən 1965-ci ildən bugünədək 888 ixtira üçün müəlliflik şəhadətnaməsi və patent alınmışdır. Texniki Universitet Avropanın və postsovet məkanının qabaqcıl ali məktəbləri ilə sıx əməkdaşlıq edir, TEMPUS proqramı çərçivəsində birgə Avropa və fərdi mobillik layihələrində, NATO üzrə əməkdaşlıq layihələrində və Almaniya Akademik Mübadilə Cəmiyyətinin layihələrində yaxından iştirak edir. Bu yaxınlarda Almaniyanın KELLER və HAAS firmaları ilə əməkdaşlıq haqqında müqavilə imzalanmışdır. Müqavilədə KELLER firmasının proqram təminatının, HAAS firmasının CNC-torna SL-10 və CNC-frezləmə MiniMill dəzgahlarının (ümumi dəyəri 150 min avrodur) AzTU-ya təmənnasız verilməsi, gələcəkdə yüksək texnologiyaların işlənməsində və mənimsənilməsində əməkdaşlıq etmək nəzərdə tutulur. Belə bir elmi-texniki potensialın texnopark ideyası ətrafında təşkilatlanması ölkə iqtisadiyyatının innovasiyalar və yüksək texnologiyalar əsasında inkişafına böyük töhfə verər.
Yüksək texnologiyaların
inkişafının dünya
təcrübəsi göstərir
ki, texnoparkın səmərəli fəaliyyəti
onu elm, sənaye və ali təhsil
müəssisələrinin kompakt yerləşdiyi yaşayış məntəqələrində
texnopolislər təşkil
etmək məqsədəuyğundur.
Ölkəmizdə texnoparkın
pilot layihəsi üçün
AzTU-nun təklif olunması həm də ona görə
məqsədəuyğundur ki, burada istehsal
infrastrukturu ilə təmin olunmuş binalar və istehsal sahələri (su, sıxılmış hava, ventilyasiya, energetika, nəqliyyat magistrallarına yaxınlıq
və s.) var, professor-müəllim və elmi-texniki heyət kifayət qədər ixtira və patentə malikdir, ölkənin xırda və orta sənaye
müəssisələri ilə
birgə geniş elmi-texniki və innovasiya fəaliyyəti həyata keçirilir, elmi-texniki və innovasiya fəaliyyətində
sıx beynəlxalq əməkdaşlıq və
beynəlxalq layihələrdə
iştirak etmək təcrübəsi mövcuddur,.
AzTU-nun nəzdində
belə bir texnopark yaradılsa, gələcəkdə ölkənin
digər bölgələrində
texnoparklar təşkil
etmək üçün
ondan nümunə kimi istifadə oluna bilər.
Havar MƏMMƏDOV,
Azərbaycan Texniki
Universitetinin rektoru,
Həsən HÜSEYNOV,
universitetin kafedra
müdiri
Azərbaycan.- 2009.- 19 may.- S. 6.