Ağacəkmə kampaniyası uğurla keçdi

 

Qubadlı rayonu işğala məruz qaldıqdan sonra 32 min nəfərdən artıq sakini respublikanın 42 rayonunun ərazisində məskunlaşıb. Onların xeyli hissəsi Bakı şəhərində, Abşeron rayonunda, 21 min nəfərdən çoxu isə Sumqayıt şəhərində yaşayır. Rayonun icra strukturları, idarə və müəssisələri də Sumqayıtda fəaliyyət göstərir.

Rayon icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında yaşıllıqla bağlı da bir sıra tədbirlər həyata keçirmişdir.

Qubadlılar Heydər Əliyev Fondunun "Hərəyə bir ağac əkək!" təşəbbüsünə qoşularaq Sumqayıtın neft-kimya zavodlarının ərazilərində, müəssisələrə gedən yolların ətraflarında yaşıllaşdırma işləri görmüşdür.

Abadlaşdırılan ərazilərdə yalnız həmişəyaşıl Eldar şamı və zeytun ağacları əkilmişdir. Bu ağacların əsas üstünlüyü ondadır ki, şaxtaya və istiyə dözümlüdür.

Yeri gəlmişkən, kimyaçılar ümummilli lider Heydər Əliyevin işıqlı xatirəsinə böyük hörmət əlaməti olaraq zavodətrafı ərazilərdə daha çox ağac əkilməsi məqsədilə və 2008-ci ilin oktyabr ayını ağac əkilməsi və yaşıllaşdırma ayı elan edərək ərazilərdə xeyli Eldar şamı və zeytun ağacları əkmişdilər.

Bu ilə gəldikdə, rayon icra hakimiyyətinin tədbirlər planına əsasən yaz mövsümündə ağacəkmə kampaniyası Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunun ərazisində aparılmışdır. Nübar və Masazır qəsəbələrində yerləşən Xanlıq və Qazyan kənd orta məktəblərinin həyətlərində, Ramana qəsəbəsində yerləşən Qaralar kənd orta məktəbinin həyətində, Binəqədi rayonunun ərazisində yerləşən Abşeron Regional Su Səhmdar Cəmiyyətinin həyətində, Geoloji-Kəşfiyyat İdarəsinə məxsus idarənin ərazisində yerləşən Xanlıq 1 saylı orta məktəbin həyətində, Qaradağ rayonunun Müşfiq qəsəbəsinin ərazisində fəaliyyət göstərən Teymur Müskanlı kənd orta məktəbinin həyətində xeyli ağac əkilmişdir.

Ümumiyyətlə, təkcə Qubadlı rayonunun təhsil ocaqları tərəfindən 350-dən çox ağac əkilmişdir. Rayonun idarə və müəssisələrinin kollektivləri Sumqayıt şəhərinin müxtəlif ərazilərində, o cümlədən 41-ci məhəllədə, M.Hüseynzadə küçəsində, 11-ci və 12-ci mikrorayonların ərazilərində və digər yerlərdə yaşıllaşdırma işləri aparmışlar.

Ağac əkilməsi payız mövsümündə də davam etdiriləcəkdir. Həmin dövrdə rayonun orta məktəblərinin, idarələrinin, eyni zamanda məcburi köçkünlərin yaşadığı binaların həyətlərində 1200 ağac əkilməsi nəzərdə tutulmuşdur.

 

 

R.AĞADƏDƏBƏYOV

 

Azərbaycan.- 2009.- 19 may.- S. 7.