Bədii gimnastlarımızın tarixi zəfəri
Bakıda bədii
gimnastika üzrə XXV Avropa çempionatı başa
çatmışdır. Azərbaycan idmançıları
bu yarışlarda 3 medal qazanaraq tarixi nailiyyətə imza
atmışlar. Komanda hesabında seniorlardan ibarət millimiz və
yeniyetmələrdən ibarət qrup hərəkətləri
üzrə komandamız fəxri kürsünün ikinci pilləsinə
qalxaraq gümüş medala yiyələnmişlər. Ayrı-ayrı
növlər üzrə fərdi yarışların
finalında isə bədii gimnastımız Anna Qurbanova topla
bürünc medal qazanmışdır.
İdmançılarımızın
tarixi uğuru mütəxəssislərin diqqətindən kənarda
qalmamışdır. Ümumrusiya Gimnastika
Federasiyasının prezidenti, Rusiya yığmasının
baş məşqçisi İrina Viner azərbaycanlı bədii
gimnastların çıxışını yüksək
qiymətləndirmişdir. O qeyd etmişdir ki, Azərbaycan
"gümüş"ə layiq idi, gimnastlar isə
çox ləyaqətlə çıxış etmişlər:
"Yadımdadır, bir vaxtlar Dinarə Gimatova Avropa
çempionatının S divizionunda çıxış
edirdi. Lakin qısa zamanda komanda gücünü xeyli
artırmış və layiqli nailiyyət əldə
etmişdir". Öz növbəsində ilk dəfə
Avropa çempionatında məşqçi rolunda
çıxış etmiş Dinarə Gimatova
komandamızın nəticələrindən razı
qaldığını bildirmişdir: "Məşqçi
işi çox xoşuma gəlir. Müəllimlərimdən
aldığım bütün təcrübə və biliklərimi
yeni nəslə ötürməyə
çalışacağam ki, Azərbaycan gimnastikası və
Azərbaycan bayrağı yüksəlsin".
Azərbaycan
Respublikasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin
prezidenti İlham Əliyev yarış ərəfəsində
bildirmişdi ki, "bədii gimnastika üzrə mötəbər
yarışların Azərbaycanda keçirilməsi artıq ənənə
halını almışdır. Bu, respublikada idman və
olimpiya hərəkatının sürətli
inkişafının və Azərbaycanın dünyanın
idman mərkəzlərindən birinə çevrilməsinin
göstəricisidir. Ölkəmizdə bədii gimnastika
özünün sürətli inkişaf dövrünü
yaşayır... Milli Gimnastika Federasiyasının çoxtərəfli
fəaliyyəti, bu qurumun beynəlxalq əlaqələri səmərəli
əməkdaşlıq şəraitində qurması, ölkəmizdə
keçirilmiş dünya və qitə
çempionatlarının yüksək səviyyədə təşkil
olunması öz bəhrələrini verir".
Sevindirici haldır ki,
dövlət başçısının dedikləri qitə
birinciliyinin nəticələri baxımından bir daha öz
təsdiqini tapdı.
Avropa
çempionatının Təşkilat Komitəsinin prezidenti,
Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban
xanım Əliyeva XXV Avropa çempionatının
iştirakçılarını, nümayəndə heyətlərinin
üzvlərini və digər qonaqları salamlayaraq
demişdir: "Azərbaycan paytaxtı Avropanın bədii
gimnastika ailəsini qəbul etməyə və yeni
çempionların adını elan etməyə
hazırdır. Biz çox gözəl başa
düşürük ki, Bakıda keçiriləcək
"Avro-2009" yeni Olimpiya dövründə ilk mühüm
yarış olacaqdır. Bundan əlavə, bu, yubiley
çempionatıdır və bu amil də bizim - təşkilatçıların
məsuliyyətini daha da artırır. 2007-ci ildə bu cür
mühüm yarışların keçirilməsindəki təcrübəmizi
nəzərə alaraq biz bu çempionatı yüksək səviyyədə
təşkil edəcək, bununla da Avropa Gimnastika
İttifaqının (AGİ) bizə göstərdiyi
etimadı doğruldacağıq. Biz gözəl şərait
yaradacağıq və mən ümid edirəm ki, siz Bakıya
yenidən gəlməkdən, onun çoxəsrlik mədəniyyətini
və müasir görünüşünü, onun qədim
idman ənənələrini qiymətləndirərək məmnunluq
duyacaqsınız. Mən əminəm ki, çempionatın hər
günü Avropanın bədii gimnastika bayramının
xoş anlarına çevriləcəkdir".
Mehriban xanım Əliyevanın
dedikləri bütövlüklə reallaşmış və
XXV Avropa çempionatı böyük idman bayramına
çevrilmişdir. Turnirdə həm də yeni adlar üzə
çıxmışdır. Buna misal olaraq ölkəmizin
yeniyetmələrdən ibarət qrup hərəkətləri
üzrə komandasını, belaruslu bədii gimnast Melitina
Stanyutu, ukraynalı Alina Maksimenkonu, bolqarıstanlı
idmançı Silviya Mitevanı və digərlərini
göstərmək olar.
Yubiley çempionatı
Avropa Gimnastika İttifaqının prezidenti Dimitrios
Dimitropulosdan da yüksək qiymət almışdır. Qitə
birinciliyinin yenidən paytaxtımızda keçirilməsindən
qürur duyduğunu bildirən AGİ-nin rəhbəri
demişdir: "2007-ci ildə Bakıda keçirilmiş bədii
gimnastika üzrə Avropa çempionatının uğurlu təşkilindən
sonra Avropa Gimnastika İttifaqı bilirdi ki, təşkilatçı
federasiya və Azərbaycan hökuməti ilə birgə
Bakı turnirin səlahiyyətli və peşəkar sahibi
olacaq. Mən qürur hissi keçirirəm və minnətdaram
ki, Azərbaycan Gimnastika Federasiyası bir daha Avropa Gimnastika
İttifaqının 2009-cu ildə keçiriləcək ən
mühüm yarışlardan birini təşkil etmək məsuliyyətini
öz üzərinə götürdü. Mən Avropa
Gimnastika İttifaqı adından Təşkilat Komitəsinə
və onun üzvlərinə gördükləri işə
görə səmimi minnətdarlığımı bildirirəm".
Yeni Olimpiya mərhələsində
ilk vacib yarış olan bədii gimnastika üzrə XXV Avropa
çempionatı artıq arxada qalmışdır. Bu turnir
2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya
Oyunlarına gedən yolun başlanğıcıdır. Bu
yolda bədii gimnastlarımıza yeni-yeni uğurlar
arzulayırıq.
Rizvan HİLALOĞLU
Azərbaycan.- 2009.- 19 may.- S. 8.