Macarıstan parlamentinin deputatları beynəlxalq qurumlarda Azərbaycanın haqlı mövqeyini daim müdafiə edəcəklər

 

Azərbaycanda səfərdə olan Macarıstan parlamentinin Avropa İşləri üzrə Komitəsinin sədri Matyas Eörşi mayın 19-da Milli Məclisin Sədri Oqtay Əsədov ilə görüşmüşdür.

Görüşdə ölkələrimiz arasındakı əməkdaşlığın inkişaf perspektivləri əsas müzakirə mövzusu olmuşdur.

Oqtay Əsədov ölkəmizdə ictimai-siyasi, iqtisadi sahədə atılan mühüm addımlardan, qazanılan uğurlardan danışmış, Azərbaycanın regionda həyata keçirilən irimiqyaslı layihələrin həm təşəbbüskarı, həm birbaşa iştirakçısı olduğunu, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırmışdır.

Ölkələrimiz arasında əlaqələrin inkişafından bəhs edən Milli Məclisin Sədri demişdir ki, Azərbaycan Macarıstan ilə əlaqələrin inkişafında maraqlıdır. Macarıstan Avropa İttifaqının fəal üzvlərindən biridir. Azərbaycan da Avropa İttifaqı ilə əldə olunmuş razılaşmanın bütün şərtlərinə əməl edir. Macarıstan Azərbaycanın Avropaya inteqrasiyasında, ən başlıcası, qarşılaşdığımız ən ciddi problem - Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində mühüm rol oynaya bilər. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsipləri çərçivəsində həll olunmasında macar deputatlar öz səylərini əsirgəməyəcəklər.

O.Əsədov ölkələrimiz arasındakı əlaqələrin daha da inkişafında parlamentlərarası işçi qruplarının rolunu xüsusi qeyd etmiş, qarşılıqlı səfərlərin mühüm rol oynadığını bildirmişdir.

Azərbaycana dost kimi gəldiklərini vurğulayan Matyas Eörşi Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində reallaşan səfərdə ölkəmizin mövqeyini daha yaxından öyrənmək, məsləhətləşmələr aparmaq niyyətində olduqlarını bildirmişdir. O demişdir ki, Macarıstan parlamentinin deputatları bundan sonra da beynəlxalq qurumlarda Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəklər.

Qonaq ölkəmizin sürətli inkişafından məmnunluqla danışmış, Macarıstanın da Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğunu, əməkdaşlığımızın bütövlükdə Avropa üçün faydalı olacağını xüsusi qeyd etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-20 may.-S.3.