Milli Məclis
"İKT-nin geniş
tətbiq olunduğu dövlət qurumu" nominasiyasının qalibidir
Xəbər verildiyi kimi, may ayının əvvəlində Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü münasibətilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən informasiya cəmiyyətinin inkişafını stimullaşdırmaq məqsədilə müxtəlif nominasiyalar üzrə müsabiqə elan edilmişdir. İki mərhələdə keçirilən müsabiqənin yekunlarına görə, Milli Məclis dövlət qurumları arasında "İKT-nin geniş tətbiq olunduğu dövlət qurumu" nominasiyasının qalibi olmuşdur.
Bu gün müstəqil Azərbaycanın Milli Məclisi qüvvədə olan qanunvericiliklə öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün İKT-nin naliyyətlərindən də geniş istifadə edir. Qanunvericilik orqanda bu sahənin müxtəlif istiqamətlər üzrə geniş tətbiqinə nail olunmuşdur.
Son dövrdə parlamentdə daxili istifadə üçün çoxlu sayda avtomatlaşdırılmış idarəetmə sistemləri qurulmuşdur. İnformasiya təhlükəsizliyinin təmin olunması, vətəndaşlar üçün interaktiv imkanların yaradılması bu qəbildəndir. Qısa müddət ərzində Milli Məclisdə 300-dən çox istifadəçisi olan lokal şəbəkə, müxtəlif xidmətlər göstərən 16 server, internet və daxili internet səhifələri yaradılmışdır. İclas zalında deputatlar üçün quraşdırılmış 135 kompüter və zalda tətbiq olunan elektron səsvermə Milli Məclisdə qurulmuş vahid sistemin tərkib hissələridir.
Parlamentdə iclasların stenoqramının yazılması, vətəndaşların müraciətləri, qanunvericilik bazası, inzibati ərazi vahidlərinin dövlət reyestri və digər sistemlərdən ibarət İT infrastrukturu yaradılmışdır. Bu gün Milli Məclisin rəsmi internet səhifəsində vətəndaşlar web üzərindən sorğu vermək, qanun layihələrinə təklif göndərmək, qəbula yazılmaq kimi xidmətlərdən sərbəst istifadə edirlər. Günün istənilən vaxtı Milli Məclisdə keçirilən tədbirlər, parlament nümayəndə heyətlərinin səfərləri, görüşlər və qəbullar barədə ətraflı məlumat almaq mümkündür.
Parlament informasiya texnologiyalarının tətbiqi sahəsində əldə edilmiş uğurlarla kifayətlənmir, yeni texnologiyaların tətbiqi sahəsində məqsədyönlü iş davam etdirilir.
Milli Məclisin
mətbuat xidməti
Azərbaycan.-2009.-20 may.-S.3.