Azərbaycan Gürcüstan prezidentlərinin geniş tərkibdə görüşü

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Əziz dostlar!

Sizi salamlamağa çox şadam, Azərbaycana xoş gəlmisiniz.

Biz sizi görməyə həmişə şadıq. Bu, mühüm məsələləri müzakirə etmək üçün həmişə yaxşı imkandır. Biz bu gün ikitərəfli, regional və beynəlxalq məsələləri müzakirə etdik. Bizim aramızda tam qarşılıqlı anlaşma, irəliləmək, bütün sahələrdə əməkdaşlığı genişləndirmək arzusu var və əlbəttə, dövlət başçıları səviyyəsində əlaqələr xüsusi əhəmiyyət kəsb edir.

Müxtəlif beynəlxalq tədbirlərdə və forumlarda tez-tez görüşmək imkanımız olsa da, həll edilməli məsələləri bu gün Sizin rəsmi səfəriniz çərçivəsində yenidən müzakirə etməyimiz çox vacibdir. Bizim birgə işlədiyimiz illər ərzində Gürcüstan və Azərbaycan bir-birinə daha da yaxınlaşmışdır, biz həm də qlobal əhəmiyyət kəsb edən çoxlu ikitərəfli mühüm məsələləri həll etmişik. Əminəm ki, qarşıdakı illərdə də əməkdaşlığı eyni fəallıqla və bu cür dostluq ruhunda davam etdirəcəyik. Bir daha xoş gəlmisiniz.

Gürcüstan Prezidenti Mixeil SAAKAŞVİLİ səmimi qəbul üçün təşəkkür edərək dedi:

- Biz Sizinlə birlikdə, dostlarımız arasında olmağa görə çox şadıq və özümüzü xoşbəxt hiss edirik. Məncə, bizim əməkdaşlığımız çox dinamik inkişaf edir. Bu əməkdaşlıq başqa ölkələr arasında olduğu kimi, sadəcə, xoş arzulara və yaxşı niyyətlərə yox, konkret planlara və həmin planların həyata keçirilməsinə dair konkret qərara əsaslanır.

Biz görürük ki, İlham Heydər oğlu və onun komandasının üzvləri, sadəcə, vədlər vermir, öz vədlərini həmişə yerinə yetirirlər. Bizim aramızda qardaşlıq münasibətləri var və mən həmişə demişəm ki, biz əslində qeyri-formal konfederasiya yaradırıq. Əlbəttə, biz iki müstəqil dövlətik, lakin bizim münasibətlərimiz əslində qardaşcasına konfederativ münasibətlərdir. Gürcüstanla Azərbaycanı birləşdirməyən, onları bir-birindən ayıran məsələlər yoxdur. Bizim tezliklə həll edə bilməyəcəyimiz məsələlər yoxdur. Demək istəyirəm ki, bizim bir neçə il bundan əvvəl həyata keçirməyə başladığımız bütün böyük planların çoxu artıq həyata keçmişdir. Qarşıda bizim daha geniş planlarımız var.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 may.- S. 1.