Dövlət başçıları mətbuat üçün
bəyanatlarla çıxış
etmişlər
Azərbaycan Prezidenti
İlham ƏLİYEV bəyanatla çıxış edərək
dedi:
- Hörmətli cənab
Prezident!
Hörmətli qonaqlar!
Əziz dostlar!
İlk növbədə,
cənab Prezident, Sizi və nümayəndə heyətinizin
bütün üzvlərini Azərbaycanda səmimiyyətlə
salamlayıram. Azərbaycana xoş gəlmisiniz.
Bu gün biz Sizinlə
geniş müzakirələr apardıq, ikitərəfli
münasibətlər təhlil edildi, regional məsələlərə
münasibətimizi bildirdik. Gürcüstan-Azərbaycan əlaqələri
çox yüksək səviyyədədir. Bu əlaqələrin
çox böyük tarixi var. Bu tarix bizi daha da sıx birləşdirir.
İki müstəqil dövlət öz əlaqələrini
bu möhkəm tarixi əsaslar üzərində qurubdur və
bu əlaqələr sürətlə irəli gedir.
Səfər çərçivəsində
apardığımız danışıqlar və etdiyimiz
söhbətlər, əminəm ki, Gürcüstan-Azərbaycan
münasibətlərinin gələcək inkişafına
çox müsbət təkan verəcəkdir, bunun çox
böyük rolu olacaqdır və beləliklə, biz bölgədə
ənənəvi dostluq, qardaşlıq münasibətlərini
daha da gücləndirəcəyik.
Regional məsələlərə
gəldikdə, Gürcüstan və Azərbaycan tərəfindən
birgə icra olunan layihələr region üçün
çox mühüm əhəmiyyət daşıyır və
daha geniş mənada isə beynəlxalq münasibətlərə
müsbət təsirini göstərir. Bu gün müzakirə
etdiyimiz məsələlər müxtəlifdir. Energetika sahəsində
əldə olunmuş uğurlar bir daha təhlil edildi və
biz gələcək birgə layihələr haqqında fikir
mübadiləsi apardıq.
Gürcüstan və Azərbaycan
bölgədə enerji təhlükəsizliyinin təmin edilməsi
məsələlərinə daim böyük diqqət
göstərmişdir və birgə səylərimiz nəticəsində
bu gün bölgədə tamamilə yeni vəziyyət
yaranmışdır. Əlbəttə, çox vacibdir ki, əldə
edilmiş bu uğurlarla kifayətlənməyək, gələcəkdə
daha önəmli və böyük layihələri birlikdə
icra edək.
Bu gün, eyni zamanda,
Avropanın enerji təhlükəsizliyi məsələləri
müzakirə edildi. Bu yaxınlarda "Cənub dəhlizi"
ilə əlaqədar keçirilmiş tədbirdə Sizinlə
bərabər iştirak etdik və bizim mövqeyimiz də birmənalıdır.
Biz həm öz maraqlarımızı müdafiə edirik, həm
də bütün tərəfdaşlarımızla energetika
sahəsində çox səmərəli əməkdaşlıq
edirik.
Nəqliyyat sahəsində
əməkdaşlıq uğurla davam edir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi uğurla
gedir. Bu gün, eyni zamanda, biz bu layihənin
gələcək icrası haqqında geniş fikir mübadiləsi
apardıq və müvafiq göstərişlər verdik.
Biz ənənəvi
olaraq beynəlxalq təşkilatlarda bir-birimizi müdafiə
edirik, bir-birimizi dəstəkləyirik və mən əminəm
ki, bu qarşılıqlı dəstək gələcəkdə
də davam etdiriləcəkdir.
Gürcüstan-Azərbaycan
münasibətlərinin bölgədə çox
böyük əhəmiyyəti vardır. Dostluq və
qardaşlıq əlaqələrimizin inkişafı həm
xalqlarımız üçün, ölkələrimiz
üçün vacibdir, həm də bölgədə
sülhün, sabitliyin təmin edilməsi üçün
böyük əhəmiyyət daşıyır.
Mən
apardığımız danışıqların mahiyyəti
haqqında fikirlərimi söyləmişəm. Hesab edirəm
ki, bu danışıqlar və gələcək birgə fəaliyyət
ölkələrimizi bir-birinə daha da
yaxınlaşdıracaqdır.
Bir daha Sizi ürəkdən
salamlayıram və Sizə, bütün Gürcüstan
xalqına xoşbəxtlik və uğurlar arzulayıram.
AzərTAc
Azərbaycan.- 2009.- 21 may.- S. 2.