Dövlət başçıları mətbuat üçün bayanatlarla çıxış etmişlər

 

Gürcüstan Prezidenti Mixeil SAAKAŞVİLİ ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkür etdi.

"Bu, Azərbaycan ilə münasibətlərimizin ən gözəl təzahürüdür", - deyən dövlət başçısı Azərbaycanın demokratik ölkə kimi inkişaf etdiyini bildirdi.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xatırladan Mixeil Saakaşvili dedi ki, ulu öndər Azərbaycanın inkişafında müstəsna rol oynamışdır.

Mixeil Saakaşvili bildirdi ki, ölkələrimiz arasında əməkdaşlığın ən vacib istiqamətlərindən biri də iqtisadiyyatdır. Gürcüstan Azərbaycan ilə qaz təchizatı haqqında beş illik müqavilə imzalamışdır. Bu isə o deməkdir ki, gələn beş il ərzində gürcü xalqı elektrik enerjisini və digər enerji daşıyıcılarını Azərbaycandan alacaqdır.

Ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayan M.Saakaşvili, əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.

Mixeil Saakaşvili ölkələrimiz arasında enerji və nəqliyyat sahələrində həyata keçirilən layihələrin əhəmiyyətindən də danışdı. "Biz strateji layihələri həyata keçiririk", - deyən Gürcüstan dövlətinin başçısı bildirdi ki, mayın 21-də Bakı-Batumi hava reysinin açılması münasibətilə təyyarə ilə ora gedəcəkdir. Bu yaxınlarda Batumidə böyük inşaat layihəsinin icrasına da başlanılacaqdır. Bütün bunlar isə xalqlarımız və ölkələrimiz arasında inkişaf edən əməkdaşlığın nəticəsidir.

Dövlətlərimiz arasında münasibətlərin bünövrəsinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirən Gürcüstan Prezidenti bu gün Prezident İlham Əliyevin qarşılıqlı əməkdaşlığı uğurla davam etdirdiyini qeyd etdi.

Sonda Gürcüstan Prezidenti ona və nümayəndə heyətinə göstərilən diqqətə görə bir daha minnətdarlıq etdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 may.- S. 2.