Azərbaycan - NATO əlaqələri yüksələn xətt üzrə inkişaf edir

 

Azərbaycan Respublikası sivil dünyanın qəbul etdiyi meyarlara, beynəlxalq hüquq norma və prinsiplərinə istinad edərək nüfuzlu dövlətlər və xarici təşkilatlarla faydalı əməkdaşlıq edir. Ölkə rəhbərinin yürütdüyü xarici siyasət strategiyasının prioritet istiqamətini milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, üzləşdiyimiz Dağlıq Qarabağ münaqişəsinə dünya ictimaiyyətinin diqqətinin cəlb edilməsi təşkil edir. Bu ümumi strategiyanın başlıca məqsədi ölkəmizin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsindən, davamlı inkişafı və əhalinin rifahının yaxşılaşmasından, eləcə də bütün regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdən ibarətdir.

1993-cü ildən böyük uzaqgörənliklə aparılan xarici siyasət məhz bu vacib meyarlar əsasında müəyyənləşdirilmiş və müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda milli mənafelərimiz layiqincə qorunmuşdur. Bu siyasi xətti uğurla davam etdirən Prezident İlham Əliyevin 23 may 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyasında ölkəmizin milli maraqlarının dəqiq təsnifatı verilir. Azərbaycan Respublikasının milli maraqları xalqın fundamental dəyər və məqsədlərini, habelə insan, cəmiyyət və dövlətin tərəqqisini təmin edən siyasi, iqtisadi, sosial və digər tələbatların məcmusundan ibarətdir.

Qərb dəyərlərini seçən Azərbaycan beynəlxalq birliyin tamhüquqlu subyektinə çevrilmək, eyni zamanda hərbi-siyasi təhlükəsizliyinə təminatı gücləndirmək üçün bir sıra aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. NATO ilə əməkdaşlıq da bu baxımdan diqqəti cəlb edir. 1994-cü ildən təşkilatın "Sülh naminə tərəfdaşlıq" proqramında yaxından iştirak edən Azərbaycan NATO hərbi strukturları ilə əməkdaşlıq etmək, birgə təlimlər keçirmək, hərbi kadrlar hazırlanmasında blokun təcrübəsindən bəhrələnmək imkanları qazanmışdır. Bu əməkdaşlıq strateji məzmun kəsb etməklə regionun mühüm enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə də əsaslı təminat yaratmışdır. Antiterror koalisiyasının üzvü olan Azərbaycanın ordu birləşmələri NATO qoşunlarının tərkibində Kosovoda, Əfqanıstanda və İraqda həyata keçirilən sülhyaratma missiyasında yaxından iştirak etmişlər.

Prezident İlham Əliyevin hələ 2004-cü ilin mayında Brüsselə səfəri zamanı NATO-nun Baş mənzil-qərargahında keçirdiyi müxtəlif səviyyəli görüşlər ikitərəfli münasibətlərin daha aktiv fazaya keçməsini təmin etmişdir. Səfər zamanı dövlət başçısının Azərbaycan adından "Fərdi əməkdaşlq üzrə əməliyyat planı"nı NATO rəhbərliyinə təqdim etməsi böyük rezonans doğuran siyasi hadisə kimi dəyərləndirilmişdir. Buna adekvat olaraq NATO rəhbərliyinin də Azərbaycana diqqəti artırmaq, ölkəmizə hərbi-texniki yardımları genişləndirmək istəyi qabarıq müşahidə edilmişdir. Azərbaycanın beynəlxalq əməkdaşlığında NATO-nun yeri və rolu getdikcə güclənir və bu, ikitərəfli əməkdaşlığın yüksələn xətlə inkişafında da öz təsdiqini tapır. Bu əməkdaşlıq qlobal planda sülh və sabitliyə xidmət etməklə regionun nəhəng enerji layihələrinin təhlükəsiz gerçəkləşdirilməsinə əsaslı təminat yaratmışdır. Xəzərin enerji resurslarının dinc şəraitdə mənimsənilməsi, habelə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təhlükəsizliyinin təmin edilməsi baxımından Azərbaycan-NATO əməkdaşlığının mühüm əhəmiyyəti var. Azərbaycan ordusunun NATO standartlarına uyğunlaşdırılması istiqamətində atılan addımlar sistemli xarakter daşımaqla bu gün də davam etdirilir.

Avratlantik məkana inteqrasiya kursunu əsas götürən Azərbaycanın NATO ilə uğurlu əməkdaşlığı da hərbi quruculuq məsələlərində az əhəmiyyət daşımır. Azərbaycan ordusunda həyata keçirilən islahatlarda, hərbi hissələrin komplektləşdirilməsində NATO standartları əsas götürülür. Ölkəmizə səfər edən NATO rəsmiləri də keçirdikləri görüşlərdə Azərbaycan ordusunda aparılan islahatlardan razılıqlarını dəfələrlə bəyan ediblər. Bu, həm də Azərbaycan-NATO əməkdaşlığının perspektivləri barədə daha nikbin düşünməyə əsas verir.

Azərbaycan Silahlı Qüvvələrinin təhsil sistemi NATO standartlarına uyğun təkmilləşir. Azərbaycan ordusunun zabitləri ölkəmizin NATO ilə əlaqələri çərçivəsində təşkilatın üzvü olan bir çox ölkələrin hərbi məktəblərində təhsil alır, NATO-nun təşkilatçılığı ilə ixtisasartırma kurslarında, hərbi təlimlərdə iştirak edirlər. Ordumuzun idən-ilə qüdrətlənməsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəmizə mühüm üstünlüklər verir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Belçika Krallğına bu günlərdə işgüzar səfəri çərçivəsində NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer ilə görüşmüşdür. Prezident İlham Əliyev NATO-nun mənzil-qərargahında Şimali Atlantika Şurasında qurumun üzvü olan dövlətlərin şuradakı daimi nümayəndələri səfirləri qarşısında çıxış etmişdir. Ölkə başçısı 15 il ərzində Azərbaycan-NATO əməkdaşlığı, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir.

Prezident İlham Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığının səviyyəsindən razılığını ifadə etmişdir. "Təkcə ötən il Azərbaycan təmsilçiləri NATO-nun təşkil etdiyi 200-dən çox əməkdaşlıq tədbirində iştirak etmişlər. Biz bu tərəfdaşlığı yüksək dəyərləndiririk. Azərbaycan Əfqanıstanda öz hərbçilərinin sayını iki dəfə artırmaq üzrədir. Biz öz regionumuz bütün dünyada sülh, sabitlik təhlükəsizlik kimi ümumi işə antiterror əməliyyatlarına verdiyimiz töhfəni davam etdirəcəyik.

Bu gün müzakirə etdiyimiz məsələlər arasında, təbii ki, NATO ilə Azərbaycan münasibətlərinə regional vəziyyətə dair məsələlər var idi. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ərazi bütövlüyü prinsiplərinə əsaslanan qəti mövqeyinə görə NATO-ya olduqca minnətdarıq. Bu, regiona çox yaxşı mesajdır. Hesab edirəm ki, biz həmin münaqişənin həlli istiqamətində yalnız bu prinsip əsasında irəliyə doğru gedə bilərik".

Azərbaycan NATO arasında əməkdaşlıq hazırda yüksələn xətt üzrə inkişaf edir. Ölkəmizin regional qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi çıxış etməsi bütövlükdə sabitliyə təhlükəsizliyə verdiyi dəyərli töhfə qurum tərəfindən yüksək qiymətləndirilir. Regionun lider dövlətinə çevrilən Azərbaycanla əməkdaşlığa böyük maraq göstərən nüfuzlu təşkilatlardan biri kimi NATO son illər ölkəmizlə əlaqələrin daha da intensivləşdirilməsi üçün mühüm addımlar atır. NATO-nun Baş katibi Yaap de Hoop Sxeffer bildirmişdir: "Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır. Artıq on beş ildir ki, "Sülh naminə tərəfdaşlıq" proqramı, 2005-ci ildən etibarən isə "Fərdi tərəfdaşlığın əməliyyat planı" çərçivəsində çalışırıq. Təbii ki, Azərbaycan nəinki regionda, o cümlədən onun hüdudlarından kənarda mühüm iştirakçıdır. Azərbaycan enerji təhlükəsizliyi baxımından çox vacib bir ölkədir NATO-nun çox dəyərli tərəfdaşıdır. Biz həmin tərəfdaşlığı genişləndiririk. Mən Əfqanıstanda İSAF əməliyyatları çərçivəsində Azərbaycanın verdiyi vacib töhfəsinə görə Prezident İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Biz bu işləri davam etdiririk gələcəkdə bu əsaslarla işləyəcəyik".

Ölkəmizin siyasi, iqtisadi, hərbi potensialının ildən-ilə artması bölgədə lider statusuna malik olması beynəlxalq aləmdə mövqelərimizi möhkəmləndirməkdədir. Azərbaycan-NATO əlaqələrinin yeni mərhələdə uğurla inkişafı qarşıda daha böyük perspektivlər açır.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.-2009.-20 may.-S.4.