Azərbaycan-Türkiyə birliyindən
Ermənistana növbəti
sarsıdıcı zərbə
Cənubi Qafqazın
lider dövləti olan Azərbaycan dünya miqyasında təkcə
bu regiona deyil, əslində, daha böyük coğrafi məkana
açılan bir qapı hesab edilir. Belə əlverişli
strateji mövqe, zəngin enerji qaynaqları, eləcə də
digər sahələrdə böyük potensialı olan Azərbaycanın
dünyanın ən böyük dövlətləri
üçün də önəmini əhəmiyyətli dərəcədə
artırır. Təbii ki, bütün bunlardan faydalanan Azərbaycan
istər region, istərsə də uzaq xarici dövlətlərlə
maraqlarının tam qorunması əsasında əməkdaşlıq
qurmaqda və onu inkişaf etdirməkdədir. Bu əməkdaşlıq
fonunda həm də Azərbaycanın strateji mütəffiqləri
də yaranmışdır ki, onların da önündə
eyni tarixi, mədəni kökə malik Türkiyə gəlir.
Prezident İlham Əliyevin
də qeyd etdiyi kimi, Türkiyə-Azərbaycan əlaqələri
çoxşaxəlidir, bunun çox böyük tarixi var:
"Bizim xalqlarımız qardaş xalqlardır və bu
birlik, qardaşlıq, əlbəttə ki, ikitərəfli əlaqələrin
inkişafına xüsusi önəm verir. Bütün
dövrlərdə bizim xalqlarımız bir yerdə
yaşayıb-yaratmışlar. Bu gün isə iki müstəqil
dövlət kimi biz öz imkanlarımızı ortaya qoyaraq,
həm ikitərəfli münasibətlərin inkişafı
üçün çalışırıq, həm də
ki, bölgədə sülhün təmin olunması
üçün birgə səylər göstəririk".
Lakin o da sirr deyil ki, son
dövrlər iki qardaş ölkənin münasibətlərinin
inkişafında müəyyən narahatedici məqamlar da
yaranmışdı ki, bu da Türkiyə-Ermənistan sərhədlərinin
açılması ilə əlaqədar yayılan məlumatlarla
bağlı idi. Bu narahatlığın xronologiyası və
konkret səbəbləri isə Prezideni İlham Əliyev tərəfindən
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla
keçirilən birgə mətbuat konfransında çox dəqiq
ifadə olundu: "Erməni mətbuatında Türkiyə-Ermənistan
sərhədlərinin açılması ilə bağlı
məlumatlar fevral ayının birinci yarısından
yayımlanmağa başlamışdır və bu məlumatlar
bir müddət bir növ cavabsız qaldı. Yəni bu məlumatlara
lazımi səviyyədə cavabı hər halda Azərbaycan
cəmiyyəti görmədi, yəni heç bir şərh
verilməmişdir. Yəqin ki, müəyyən şübhələrin
ortaya çıxmasının birinci səbəbi budur. Digər
tərəfdən, müxtəlif ölkələri təmsil
edən yüksək vəzifəli şəxslər öz
çıxışlarında və öz sözlərində
yenə də, bir növ, Türkiyə-Ermənistan əlaqələrinin
normallaşması məsələlərinə əldə
edilmiş bir fakt kimi yanaşırdılar və belə olan
halda, əlbəttə ki, Azərbaycanda müəyyən
fikirlər ortaya çıxdı, müəyyən
şübhələr oyandı. Aprel ayının
ortalarında bu şübhələrə son qoyuldu. Məhz
Türkiyənin yüksək vəzifəli şəxsləri
- Baş nazirin, Prezidentin birmənalı sözlərindən
sonra bu məsələyə son qoyuldu. Artıq mən hesab
edirəm ki, bu, tarixdir və biz bu tarixə
qayıtmamalıyıq".
Həqiqətən də
Türkiyənin Baş
naziri Rəcəb Tayyib Ərdoğanın ölkəmizə reallaşan
son səfərində
verdiyi açıqlamalar
Azərbaycan-Türkiyə
birliyinin sarsılmaz olduğunu göstərməklə
yanaşı, qeyd olunan məsələ ətrafında yaranan bütün şübhələrə
də son qoydu. Baş nazir Azərbaycan əraziləri
işğaldan azad edilməyənə qədər
Ermənistanla Türkiyə
sərhədlərinin açılmasının
mümkünsüzlüyünə dair Bakıdan konkret və aydın mesajlar verdi: "Azərbaycanın
Dağlıq Qarabağ
məsələsindəki həssaslığı
həmçinin bizim də həssaslığımızdır.
Dağlıq Qarabağ
məsələsində bugünə
qədər yol verilmiş bəzi möhtəkirlikləri Türkiyə
olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı
hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bugünə qədər necə qəbul edilməyibsə,
bu gün də eyni şəkildə
qəbul edilə bilməz. İnanıram ki, belə bir
şey bundan sonra da əsla
qəbul edilməyəcəkdir.
Çünki burada bir səbəb-nəticə bağlılığı
vardır. Dağlıq
Qarabağın işğalı
bir səbəbdir. Sərhədlərin bağlanması
bir nəticədir. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə
sərhədləri bağlamışdır.
İşğala son qoyulmayınca bilavasitə
sərhədlərin açılması
da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, Bakıda da bunu ifadə
edirəm".
Ərdoğanın Bakı
səfərindən sonra
Polşa və Rusiyada da verdiyi
açıqlamalar cəmiyyətdə
Ermənistan işğalına
son qoyulmayana qədər sərhədlərin
açılmayacağına dair qəti əminlik yaranmasında mühüm rol oynadı. Polşada Qdansk Universitetinin tələbələri qarşısında çıxış edərkən
Türkiyənin Baş
naziri bir daha qeyd edib
ki, Ermənistan təcavüzkar dövlətdir
və Türkiyə bu ölkə ilə sərhədləri
Azərbaycanın işğal
olunmuş əraziləri
azad edildikdən sonra açacaq. Ərdoğanın sözlərinə
görə, erməni
qoşunlarının Azərbaycandan çıxarılması
Türkiyənin şərti
deyil, BMT Təhlükəsizlik
Şurasının 4 qətnaməsində
irəli sürülən
tələbdir.
Rusiyaya səfəri
çərçivəsində isə Ərdoğan bir daha qeyd
edib ki, Cənubi Qafqazda sülh və sabitliyin olması istiqamətində Azərbaycanın
dövlət başçısı
ilə eyni baxışlara malikdir. O bildirib ki,
"Türkiyə Azərbaycanı
haqlı davasında yalnız buraxacaq" iddiaları ilə bağlı yayılan xəbərlərin həqiqətə
uyğun olmadığını
həm Azərbaycanda keçirilən mətbuat
konfransında, həm
də Milli Məclisdəki çıxışında
ifadə edib:
"Bizim bu ifadələrimizə mətbuatda
geniş yer verilərkən bəziləri
hələ də buna başqa don geydirmək istəyir. Türkiyənin
qardaş ölkə olan Azərbaycanı yalnız buraxması müzakirə mövzusu ola bilməz".
Bütün bunların
nəticəsidir ki, Rəcəb Tayyib Ərdoğanın həm
Bakı səfəri,
həm də Dağlıq Qarabağ münaqişəsilə bağlı
verdiyi son açıqlamalar Türkiyə
mediası tərəfindən
də yüksək dəyərləndirilməkdədir. Məsələn,
Türkiyənin nüfuzlu
mətbu orqanlarından
biri olan "Hürriyət" qəzeti
yazır: "Baş nazir Ərdoğan Bakıda doğru şeylər dedi, doğru siyasət açıqladı. Türkiyənin
adından önəmli
öhdəliklər verdi.
Beləliklə, yeni bir "Qırmızı çizgi hadisəsi yaşadıqmı?" - deyə
soruşsanız, "Hə"
demərik. Bu dəfə qatar bir müddətdir ki, olduğu yanlış relsdən doğru olan relsə girdi". Türkiyənin digər nüfuzlu media orqanlarından sayılan
"Posta" qəzeti
də yazır ki, Ərdoğan Azərbaycana vaxtında getdi: "Bizlər də, azərilər də xətri nazik insanlarıq. Əgər incə balans yapmaqda geciksəydik, azərilərin
könlünü almaq
daha çətin olacaqdı. Yenə də hər şeyin bitdiyini və problemlərin tamamilə aradan qaldırıldığını zənn etməyin. Hələ gediləcək
çox uzun yolumuz var.
Bakıya çox vaxtında səyahət edildi. Ermənilər bir an əvvəl
sərhədin açılmasını
istəyir. Azərilər
isə Qarabağ problemi həll edilmədən Türkiyənin
bu məsələdə
addım atmamasını
arzu edir. Nə olursa-olsun Türkiyənin mənafeyini
nəzərə alması
və dəstəkləməsi
lazım olan ən önəmli ölkə yenə Azərbaycandır".
"Yeni şafak" qəzetinin yazarı da bildirir ki, Ərdoğan
Bakıya tam təminat verdi: "Baş nazirin
səfəri ərəfəsində
Azərbaycandakı müşahidələrim
və etdiyim qeydlər belə idi: azərilərin Türkiyədən, Baş
nazir Ərdoğandan gözləntisi - "İşğal
altındakı torpaqlar
məsələsi həll
edilmədən Ermənistanla
sərhəd qapısı
açılmayacaq" - sözü
idi. Baş nazirin Türkiyədə dəfələrlə fərqli
platformalarda dediyi bu prinsipial yanaşmanı
Bakıda da ondan eşitmək istədilər. Açıqlama
Azərbaycan ictimaiyyətini
rahatladacaqdı. Ərdoğanın
səfəri həftələrdən
bəri əsən neqativ küləkləri dağıtdı. Azəri
rəhbərləri də,
ictimaiyyət də istədiyi cavabı aldı".
Vaşinqtondakı Beynəlxalq
Strateji Araşdırmalar
Mərkəzinin eksperti
Bülənt Əlirza
isə qeyd edir ki, Rəcəb
Tayyib Ərdoğan Bakıya gedib bu sözləri söyləməklə Azərbaycanın
önəmini qeyd etmiş oldu: "Qarşıdakı dövrdə
Bakı ilə Ankara arasında münasibətlər daha yaxşı vəziyyətə
gələcək".
Bütün bunlar
Türkiyə və Azərbaycan arasında münasibətlərin sarsılmaz
olduğunu bir daha meydana çıxarmaqla
yanaşı, iki ölkənin Dağlıq
Qarabağ məsələsində
də əvvəlki kimi vahid mövqedən
çıxış etdiyini
əyani nümayiş
etdirdi. Əlbəttə,
belə vəziyyət
daha çox Ermənistanın mənafelərinin
zərbə altında
qalması deməkdir.
Təsadüfi deyil ki, Türkiyənin Dağlıq Qarabağ məsələsində bundan
sonra da Azərbaycanla birgə olacağını bildirməsinə
dair rəsmi səviyyədə verilən
açıqlamalara ilk
və narahatlıqla dolu reaksiya Ermənistandan
gəldi. Ermənistan Prezidenti Serj
Sarkisyan Böyük Britaniyanın Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Brayn Folla görüşündə
bildirdi ki, əgər Türkiyə Dağlıq Qarabağ probleminin həll olunmasına kömək etmək istəyirsə, bu prosesə qarışmamalıdır. Onun sözlərinə görə, Türkiyənin
münaqişənin həlli
istiqamətində istənilən
cəhdi ancaq danışıqlar prosesinə
təhlükə yarada
bilər. Lakin görünən odur ki, əslində,
Sarkisyan özü də bu istiqamətdə
verdiyi açıqlamaların
boş söz yığınından başqa
bir şey olmadığını yaxşı
bilir. Çünki Ərdoğanın Bakı
səfəri bir daha Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsində
Türkiyənin Azərbaycanın
yanında olduğunu
açıq nümayiş
etdirdi. Buna görədir ki, erməni politoloq David Şahnazaryan Azərbaycan-Turkiyə birliyinin yenə də Ermənistana zərbə vurduğunu bildirir: "Yəqin ki, Ermənistan rəhbərliyi Dağlıq
Qarabağ münaqişəsi
həll edilmədən
daha Türkiyə ilə sərhədlərin
açılacağına dair
gurultulu vədlər verməz".
Azərbaycan isə
Dağlıq Qarabağ
münaqişəsi ilə
bağlı indiyə
qədər tutduğu
qəti və prinsipial mövqeyini sonadək davam etdirəcəyini, bu xüsusda nəinki Ermənistana, hətta strateji müttəfiqlərinə
ən xırda güzəştə belə
getməyəcəyini son
hadisələr fonunda bir daha sübut
etdi. Regional proseslərin yenə də Azərbaycanın maraqları çərçivəsində
cərəyan etməsində
ölkə rəhbərliyinin
bu qətiyyətli mövqeyi kifayət qədər mühüm rol oynadı.
R.İslamoğlu
Azərbaycan.-2009.-20 may.-S.4.