Əsrdən uzun yol
Azərbaycan
qadını qaranlıqlardan, mövhumatın əsarətindən,
milli adət-ənənələrin pas atmış zəncirindən
xilas olmaq üçün əsrdən uzun bir yol keçib.
Bu yolun əvvəlini elmin və əxlaqın
çırağı kimi şəkildə
gördüyünüz bu binada yerləşən Bakı Qızlar
Məktəbi nura boyadı. Binaların da insanlar kimi öz
taleləri olur. Metronun "İçərişəhər"
dayanacağının qarşısından İstiqlaliyyət
küçəsi ilə üzüaşağı Qoşa
qala qapısına tərəf gedəndə sağ cinahda
gözəlliyi və əzəməti ilə yoldan ötənləri
valeh edən Əlyazmalar İnstitutu və Hüseyn Cavidin ev
muzeyinin yerləşdiyi möhtəşəm bina var.
Bakıda XIX əsrin sonunda müsəlman qızları
üçün məktəb kimi ucaldılan bu bina
dünyanın bir çox ölkələrindəki universitet
və institut binalarından öz orijinallığı ilə
seçilir. Hətta bir dəfə rusiyalı qonaqlara burada
ilk Qızlar məktəbinin yerləşdiyini deyəndə,
heyrətlərini gizlədə bilmədilər və etiraf
etdilər ki, bu bina Lomonosovun yaratdığı universitetin ilk
binasından yaraşığı və gözəlliyi ilə
geridə qalmır.
XIX əsrin son onilliklərində
Azərbaycanda neft istehsalının artması Almaniya,
İngiltərə, İsveçrə, Fransa və digər
dövlətlərdən sərmayələrin və yaxın
qonşu ölkələrdən böyük işçi
qüvvəsinin Bakıya güclü axınına səbəb
oldu. Şəhərin ərazisi XIX əsrin sonlarında 7 dəfə
böyüdü, əhalisinin sayı isə iki əsrin
astanasında (son 40 ildə) 20 mindən 262 min nəfərə
çatdı. Neft səltənətinə qoyulan xarici
kapitalın sürətli artımı və həmçinin
milli burjuaziyanın formalaşması bütünlükdə
şəhərin çiçəklənməsinə təkan
verdi. Bakı Qafqazın ən varlı və sürətlə
inkişaf edən şəhərinə çevrilirdi. Neftdən
tez bir zamanda varlanıb elitar təbəqəyə çevrilən
milli burjuaziyanın savadsız təmsilçilərinə Azərbaycan
ziyalılarının təsir qüvvəsi böyük idi.
Qərbdən gələn təcrübəli və zəngin
milyonerlərlə yanaşı, Bakıya miskin görkəmdə
cumub, bir parça neft püskürən torpaq alaraq zənginləşən
erməniləri üstələmək üçün yerli
iş adamlarına savadlı və tərəqqipərvər
ziyalıların dəstəyi hava, su kimi lazım idi. Onlar
yeni neft erasında bir-birlərini tamamlayırdılar və bu
zərurətdən doğan ünsiyyət əvəzsiz bəhrəsini
verirdi.
Bu baxımdan görkəmli
ictimai xadim və maarifçi Həsən bəy Zərdabi ilə
milyonçu mesanat Hacı Zeynalabdin Tağıyevin sonralar
dostluğa çevrilən səmimi münasibətlərini
nümunə göstərmək olar. Zəmanəsinin tərəqqipərvər
ziyalısı sayılan H.Zərdabi Tağıyevin qeyri-adi
xeyriyyəçi kimi formalaşmasına, elmin, maarifin
inkişafı ilə bağlı bütün layihələrdə
irəlidə getməsinə ciddi təsir göstərmişdir.
Elə qızlar üçün məktəb yaratmağa da
Hacını ilk dəfə Zərdabi cəlb edir. 1896-cı
ilin yanvarında o, Bakı qubernatoruna məktubla müraciət
edərək qızlar məktəbi açmaqdan ötrü vəsait
ayırmağı xahiş etsə də, rədd cavabı
almışdı. Əslində Bakıda müsəlman
qızları üçün məktəbin
açılması tarixi zərurət idi. Belə ki, varlanan
və getdikcə milli tərkibi dəyişərək beynəlmiləlləşən
şəhərdə başqa millətlərin
qadınları artıq cəmiyyətdə öz yerini təsdiqləyirdilər.
Onlarla müqayisədə çadraya bürünmüş
azərbaycanlı qızları xurafatın girovuna
çevrilmişdilər. Bu əsarətdən
qurtarmağın yeganə yolu maariflənməkdən
keçirdi.
Əlbəttə,
XIX əsrin sonlarında Qafqazda yeni qız sinifləri
yaranırdı. 1893-cü ildə Nehrəm kəndində Cəlil
Məmmədquluzadə 8 nəfər qız
uşağını məktəbə cəlb edərək
sinif yaratdı. Ondan təxminən 10 il sonra Nuxada (indiki Şəkidə)
pedaqoq Şeyxzadə ayrıca qız sinifləri yarada bildi.
1902-ci ildə isə Məmmədqulubəy Kərim Sultani
İrəvan kişi məktəbinin nəzdində 20-yə
yaxın azərbaycanlı qız üçün bir neçə
sinif açdı. XX əsrin əvvəlində Yelizavetpolda
da (indiki Gəncədə) qızlar üçün məktəb
təşkil edilmişdi.
Lakin iki əsrin
qovuşuğında Azərbaycanda və hətta Qafqazda
müsəlman qızlar üçün açılan
bütün məktəbləri Zərdabi ilə Zeynalabdinin
müştərək ideyalarından doğan Bakı
Qızlar Seminariyası ilə müqayisə etmək
qeyri-mümkündür. Ona görə ki, digər məktəblər
təsisçilərin öz evlərində cüzi vəsait
hesabına açıldığından ölkədə
qadın təhsilinin inkişafında aparıcı rol oynamaq
imkanında deyildilər. Onlar Azərbaycan maarifi tarixində zərif
və kövrək işıq saçan şamlar kimi
sayrışsa da, o dövr üçün çox
böyük vəsait hesabına yaradılan Bakı Qızlar
Məktəbi təhsilin alovlanan möhtəşəm məşəli
kimi qaldı.
Bu məşəlin
işıqları isə Bakıda
mövhumatçıların, varlılardan pul qoparmaqda
püxtələşən şəhər
qoçularının, kolonial hökumətin yerli təmsilçilərinin
gözlərini qamaşdırırdı. Hamı birlikdə
müsəlman qızlarının təhsil almasının əleyhinə
çıxış edirdi. Savadsız kütlə isə hələ
ki, Zərdabi ilə Tağıyevin nə istədiyini dərk
etmək iqtidarında deyildi. Onların bu işdə özlərindən
başqa heç bir dayağı yox idi. Hamının istəmədiyi
bir işdə uğur qazanmaq, onu sona çatdırmaq nadir
hadisədir və tarix belə nümunələrin bolluğu
ilə öyünmür.
Hacı Zeynalabdinin Həsən bəy
Zərdabi kimi dostu və silahdaşı olmasaydı, o, bu məktəbi
açmaqda daha böyük çətinliklərlə
baş-başa qala bilərdi. Ziyalı və milyonçunun əqidə
birliyi, eyni amal uğrunda bütün maneələrə
duruş gətirməsi onlara sonda arzuladıqları qələbəni
gətirdi. Hacı dəfələrlə ruhaniləri,
ziyalıları ətrafına toplayaraq dünya ölkələrinin
çoxunda qızların oxumasından danışar, müsəlman
qadınların isə illər boyu savadsız qalmasına belə
qiymət verərdi: "Anaları, qadınları bisavad olan
camaat kor kimidir."
Tağıyev məqsədinə
çatmaq üçün cəsarətlə addımlayan qətiyyətli
şəxsiyyət kimi hədələrdən çəkinmədi.
O, rus çarına ərzi-hal yazıb müsəlman
qızlarının öz ana dillərində oxumaları
üçün Bakıda məktəb açmaq istəyinə
rədd cavabı alanda belə, geri çəkilmir. III
Aleksandrın ölümündən sonra taxta sahib
çıxan II Nikolayın tacgüzarlıq mərasimində
Hacı bir senatorla çarın arvadı Aleksandraya çox
bahalı bir hədiyyə ilə Bakıda onun adına
qızlar üçün məktəb açmaq barədə
təkrar xahişnamə təqdim edir və nəhayət ki,
imperatorun razılığını alır.
Bu razılıqdan sonra Hacı
keçmiş Nikolayevsk, indiki İstiqlaliyyət küçəsində
hər cür şəraiti olan möhtəşəm bir bina
tikdirir. Müsəlman qızları üçün
yaradılan bu təhsil müəssisəsinin ilk adı
Alaksendriyski Rus-Tatar Qızlar Məktəbi idi. "Kaspi" qəzeti
həmin hadisəni yüksək qiymətləndirərək
yazırdı: "Müsəlman qızları
üçün dünyəvi məktəbin
açılması bizim diyarda, imperiyada, hətta Yaxın Şərqdə
birincidir".
Bu məktəbin
açılması Azərbaycanın maarifçilik tarixində
ən nadir hadisələrdən biri olsa da, birmənalı
qarşılanmadı. Uzun illər boyu məktəbi yaratmaq
üçün rus imperiyasının qadağalarını dəf
edən Tağıyev və Həsən bəy Zərdabi bu dəfə
başqa hədələrlə üzləşdilər. Məktəb
daş-qalaq edildi, pəncərələri
sındırıldı. Qızlarını oxumağa göndərən
atalar təhsilin əleyhinə çıxan ruhanilər və
qoçular tərəfindən ağlasığmaz təzyiqlərə
məruz qaldılar. 1901-ci ilin 1 sentyabrında məktəbə
çox az qız gəldiyindən açılış mərasimi
baş tutmadı.
Ertəsi gün Tağıyev
qızlarını oxumağa qoymayan din adamları ilə
şəhər ziyalılarını Təzəpir məscidinə
toplayaraq bir daha qızların təhsil almasının
vacibliyindən danışdı: "İngilistana, Germaniyaya,
Firəngistana gedib oxuyan cavanlarımız hərəsi
oralardan qollarına bir arvad keçirib gətirirlər,
çünki qızlarımıznan məcazları tutmur,
dolana bilmirlər. Təzə məktəbdə
qızlarımıza ehkamı-şəriət, müsəlman
və rus dillərində yazıb-oxumaq, paltar tikmək,
toxuculuq, tifillərə tərbiyə vermək öyrədiləcək.
Burda nə pis şey var?!
Molla Əli Hacı Xəlil
oğlu! Qulaq as! Srağagecə, 20 yaşlı ortancıl
qızın sancılanmışdı, az qalmışdı
ölsün. Lopabığ ərməni Ambarsum həkimi gətizdirdin,
qızı yoxladı, dava-dərman elədi, qız
ölümdən qurtardı. İndi de görüm,
lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkim
olsaydı, şəriətə hansı daha düzgün gələrdi?"
Hətta Tağıyev adamları
inandırmaq üçün axundları şəriətdə
qadın təhsilinin yasaq edilməməsi ilə bağlı
"təhsilə icazə" sənədlərini gətirmək
üçün Məkkəyə, Mədinəyə göndərmişdi.
Bu söhbətlərdən sonra
qızlarına savad vermək istəyənlərin sayı
artsa da, məktəbin açılış günü, ertədən
şəhərdə yenidən qeylü-qal qopdu. Qoçular
küçələrə tökülüşüb dikdaban
ayaqqabı geymiş müsəlman qadın və
qızlarının tufli və çəkmələrini
çıxardıb, zorla nəleyin geyindirirdilər.
Məktəb açılandan
sonra ortaya başqa çətinliklər çıxdı.
Bunlardan ən başlıcası türk dilini bilən müəllimlərin
çatışmaması idi. Rusiya qəzetlərində
Tağıyevin verdiyi elanların sorağı ilə
Axalsıxdan Hənifə xanım Məlikova, Tambovdan milliyyətcə
tatar Rəhilə xanım Terequlova (Hacıbəyova), Litvadan Məryəm
xanım Bakıya gələrək Qızlar Məktəbində
dərs deməyə başladılar.
Yeni açılan məktəbdə
azərbaycanlı qızların oxuması Tağıyev
üçün başlıca məqsəd olduğundan o,
ziyalıları əyalətlərə göndərirdi ki,
onlar qız uşaqlarını yığıb gətirsinlər.
Məktəbə cəlb edilən bütün kasıb-kusub
balalarının yol və digər izafi xərclərinin
hamısını Hacı ödəyirdi. O, hər gün həyat
yoldaşı Sona xanımla məktəbə gələr, hər
şeyə özü nəzarət edərdi. Məktəbin tədris
proqramını hazırlamaqda Hacıya dostu H.Zərdabi
yaxından kömək edirdi. Onun həyat yoldaşı Hənifə
xanım Məlikova məktəbin ilk direktoru oldu. Yataq və dərs
otaqlarından savayı məktəbin xəstəxanası,
yeməkxanası, şəriət dərsi üçün
xüsusi zalı, kitabxanası vardı.
Azərbaycanın görkəmli
siyasi və ictimai xadimi Nəriman Nərimanov bu hadisəni
xalqımız üçün qənirsiz bəxşiş
kimi qiymətləndirmişdi.
1901-ci il oktyabrın 7-də
Aleksandriyski Rus-Tatar Qızlar Məktəbinin təntənəli
açılışı oldu. Açılış mərasimində
o dövrün tanınmış şəxsiyyətlərindən
olan Əlimərdan bəy Topçubaşov qonaqlar
qarşısında hərarətli bir təbrik nitqi söylədi.
Bu məktəbin adı Azərbaycan
tarixində Bakı Qızlar Məktəbi kimi qaldı.
Bu təhsil ocağında Azərbaycan
mədəniyyəti və elminin görkəmli xadimləri
yetişdilər. Bakı Qızlar Məktəbinin məzunlarından
Sona xanım Axundzadə, Umnisə Musabəyova, elmi
işçilər İ.Məcidova, D.Səfərova, ədliyyə
komissarı Ayna Sultanova və başqaları cəhalətin
qaranlıq üfüqlərinə aydınlıq gətirən
dan yerinin ilk şəfəqləri idilər. Sara
Talışinskaya, Nabat Nərimanova, Gövhər Qazıyeva,
Mina Mirzəyeva, Qərib Sultanməlikova, Nigar Aslanova, Qumru Nərimanova
Bakı Qızlar Məktəbini bitirdikdən sonra özləri
müxtəlif vaxtlarda yeni qız məktəblərini
yaratdılar, elmin, maarifin inkişafına öz töhfələrini
verdilər.
1915-ci ildə Həsən Əfəndi
Alkadarskinin qızı Şəhrizad Alkadarskaya-Sultanova bu
seminariyanı oxuyub qurtardıqdan 2 il sonra Qasımkənddə
məktəb açdı. O, qızlarını məktəbə
buraxmaq istəməyən valideynlərin tələblərini
nəzərə alaraq, öz evində 4 illik məktəb
yaratdı və oxumağa 50-yə yaxın qız cəlb
etdi. Seminariyanın başqa bir məzunu ləzgi Məryəm
Mahmudovna Dağıstanda maarifçiliyin yayılmasında
böyük xidmətlər göstərdi, sovet hakimiyyətinin
ilk illərində o, savadsızlığın ləğv
edilməsi üçün yorulmadan çalışdı.
Bakı Qızlar Seminariyası, beləliklə, nəinki Azərbaycanda,
hətta bütün Qafqazda müsəlman
qızlarının savadsızlığının aradan
qaldırılmasında əvəzsiz rol oynadı,
çoxsaylı məktəblərin açılmasına təkan
verdi.
Bakı Qızlar Seminariyasının tarixində ən kövrək məqamlardan biri də bu gün - mayın 20-də 110 yaşı tamam olmuş milyonçu Hacının qızı Sara xanımın kasıb və acınacaqlı aqibəti ilə bağlıdır. O, Peterburq Zadəgan Qızlar Seminariyasını bitirən kübar bir xanım idi. Mükəmməl musiqi təhsili vardı, bir neçə xarici dildə sərbəst danışırdı. Son dərəcə savadlı, mühakiməli, erudisiyalı və fenomenal yaddaşa malik idi. Bakı Qızlar Seminariyasından da bilik və bacarığını əsirgəməmişdi. Atası 101 yaşında 1924-cü ildə Mərdəkandakı bağ evində, bolşeviklərin onlara ayırdığı bir hücrədə rəhmətə gedəndən sonra 25 yaşlı Saranın həyatında acı ruzigarlar əsməyə başladı. Sara Tağıyeva ömrünün böyük hissəsini sürgünlərdə məhrumiyyətlər və sıxıntılar içində keçirdi. Sonra isə S.M.Kirovun qətlində suçlandırılaraq Peterburq həbsxanasına atıldı. Əri Zeynal bəy Səlimxanov kapitalist kimi güllələndi və qızı Səfiyyə xanım da ailəsi ilə sürgün olundu. Sovetlər dönəmində ömrünün sonuna kimi kiçik, rütubətli, birotaqlı evdə yaşadı. Əlində nimdaş bir çanta, əynində çox köhnə paltar, ayağında iri, yöndəmsiz çəkmələri olan zavallı Sara xanım atasının bəraət alması üçün döymədiyi idarə qapısı, müraciət etmədiyi məmur qalmamışdı. Amma buna yalnız Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra nail olundu, Tağıyevin xeyirxah işlərinə böyük qiymət verildi.
2007-ci il dekabrın 28-də Azərbacan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təmir və bərpa edilmiş Tarix Muzeyinin açılışı oldu. Dövlət başçısı mərasimdə iştirak edərkən muzeyin fəxri qonaqlar kitabına yazdığı ürək sözləri arasında Tağıyevin həyat və fəaliyyətini dəyərləndirən fikirlər var: "Azərbaycan xalqının böyük oğlu Hacı Zeynalabdin Tağıyevin evinin bərpası bizim mənəvi borcumuz idi. Öz zəhməti hesabına böyük maliyyə imkanlarını qazanmış bu şəxsiyyət Azərbaycan gənclərinin maarifləndirilməsinə böyük töhfələr vermişdir".
Mirvari Rəhimzadə
Azərbaycan.-2009.-20
may.-S.6.