Estoniya ilə Azərbaycan
arasındakı münasibətləri
genişləndirmək üçün
böyük imkanlar vardır
Azərbaycanda səfərdə
olan Estoniyanın sabiq Prezidenti Arnold Rüytel mayın 20-də
Milli Məclisə gəlmişdir. Qonaq əvvəlcə Milli
Məclisin iclas salonuna baxmış, deputatlar üçün
yaradılmış iş şəraitini yüksək qiymətləndirmişdir.
Parlamentin binasındakı Heydər Əliyev Xatirə zalı
ilə də tanış olan Arnold Rüytel
xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat
və fəaliyyətini, dünyanın tanınmış
siyasətçilərinin Azərbaycana səfərlərini və
ulu öndərlə görüşlərini əks etdirən
fotoşəkilləri, tarixi sənədləri maraqla izləmişdir.
Sonra Arnold Rüytel Milli
Məclisin Sədri Oqtay Əsədovla
görüşmüşdür.
O.Əsədov Azərbaycan
ilə Estoniya arasındakı əlaqələrin tarixindən
danışmış, hələ sovetlər birliyi
dövründə ölkələrimiz arasında mehriban
dostluq münasibətlərinin olduğunu diqqətə
çatdırmışdır. Milli Məclisin Sədri
müstəqillik illərində əlaqələrimizin daha da
inkişaf etdiyini vurğulamış, bu işdə dövlətlərimizin
başçılarının rolunu xüsusi qeyd etmişdir.
O.Əsədov eston
iş adamlarının Azərbaycan iqtisadiyyatına sərmayə
qoyduqlarının, ticarət dövriyyəsinin ilbəil
artdığını diqqətə
çatdırmışdır.
Estoniyanın sabiq
Prezidenti ölkələrimiz arasındakı münasibətlərin
mövcud səviyyəsindən razılığını
bildirmiş, Azərbaycanın son illərdə əldə
etdiyi uğurları yüksək qiymətləndirmişdir.
Qonaq demişdir ki,
ölkələrimiz arasındakı münasibətləri
daha da genişləndirmək üçün böyük
imkanlar vardır. Parlamentlər bu sahədə faydalı
iş görə bilərlər. Deputatlarımızın və
hökumət üzvlərinin, eləcə də iş
adamlarının qarşılıqlı səfərləri də
bu baxımdan mühüm əhəmiyyətə malikdir.
Sonra görüşdə
regional layihələr, dünyada baş verən proseslər,
qlobal maliyyə böhranı, eləcə də
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 21 may.- S. 2.