Dünya şöhrətli uroloq-cərrah

 

Azərbaycan tibb elminin inkişafında misilsiz xidmətləri olan və xalqımızın qürur hissi ilə xatırladığı görkəmli şəxsiyyətlərdən biri SSRİ və Dövlət mükafatları laureatı, AMEA-nın akademiki, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, Beynəlxalq və Avropa Uroloqlar Cəmiyyətinin həqiqi üzvü Mirməmməd Cavad oğlu Cavadzadədir. M.Cavadzadə Azərbaycanda urologiya sahəsində böyük məktəb yaratmış və burada görkəmli həkimlər nəsli yetişmişdir. Respublikada urologiya və operativ nefrologiyanın inkişafı M.Cavadzadənin adı ilə bağlıdır.

Ötən əsrin 50-ci illərində fəaliyyətə başlayan gənc alim anesteziologiya problemini önəmli hesab etmiş, urologiyanın inkişafını anesteziologiya-reanimatologiya ilə əlaqələndirərək bu sahədə elmi-tədqiqat işlərinin aparılmasını zəruri saymışdır. Alim ilk dəfə olaraq prostat vəzisi və sidik kisəsində cərrahi əməliyyat zamanı çanaq sümükdaxili anesteziya tətbiq etmişdir. O, uroloji əməliyyat vaxtı ümumi ağrısızlaşdırma məsələlərinin həllinə xüsusi diqqət yetirirdi. Gərgin axtarışlardan sonra cərrah belə nəticəyə gəlmişdi ki, uroloji əməliyyatların geniş spektoruna daimi seçilmiş anestezioloji təminatın olması mümkün deyil. Sonralar bununla bağlı "Böyrək polikistozlu xəstələrdə cərrahi əməliyyat zamanı ağrısızlaşdırma" adlı elmi əsərini çap etdirmişdir.

Alimin anesteziologiya və reanimatologiya sahələrindəki ideyalarının həyata keçirilməsində 1966-cı ildə onun təşəbbüsü və rəhbərliyi altında keçmiş İttifaqda ilk dəfə Bakı şəhərində fəaliyyətə başlayan Respublika klinik uroloji xəstəxananın mühüm rolu olmuşdur.

M.Cavadzadənin təşəbbüsü ilə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda anesteziologiya və reanimatologiya kafedrasının açılması respublikada bu sahənin sonrakı inkişafına təkan vermişdir. Kafedrada aparılan elmi və pedaqoji işlər ölkədə anesteziologiya xidmətinin keyfiyyətinin yüksəlməsinə böyük təsir göstərmişdir.

Böyrək çatışmazlığı, onun patogenezi, gedişi, kəskinləşməsi, konservativ və fəal müalicəsi məsələsi müasir nefrologiyanın qlobal problemlərindən birinə çevrilmişdi. Bu məsələnin öyrənilməsi görkəmli alimin elmi fəaliyyətində aparıcı yerlərdən birini tuturdu. Təkcə onu qeyd etmək kifayətdir ki, keçmiş sovetlər ittifaqında ilk dəfə olaraq hemodializin birinci seansı 1958-ci ildə M.Cavadzadənin yaxından iştirakı ilə həyata keçirilmişdir. O, uroloji xəstəxana təşkil edilərkən respublika səhiyyə orqanları qarşısında ilk dəfə hemodializ şöbəsinin açılması problemini qoymuş və buna nail olmuşdu.

Orqanların köçürülməsi insanların böyük arzularından idi. Daim öz üzərində işləyən, axtarışlar aparan və dünyanın qabaqcıl klinik təcrübələrinə yiyələnən cərrah-uroloq tibb elminin bu sahəsini də fəth etmiş və 1971-ci ildə Zaqafqaziyada ilk dəfə terminal böyrək çatışmazlığı zamanı böyrəkköçürmə əməliyyatını uğurla həyata keçirmişdir. Elə həmin il Azərbaycanda hemodializ və böyrək köçürülməsi işinə görə M.Cavadzadə və bir qrup alim Azərbaycan Dövlət mükafatına layiq görülmüşdür. Uroloq bir il ərzində dörd dəfə belə əməliyyat aparmışdır. Yeri gəlmişkən, elmi-praktiki fəaliyyət səviyyəsinə görə Respublika Klinik uroloji xəstəxana Zaqafqaziyada yeganə, keçmiş İttifaqda isə dördüncü belə klinikadır. Burada böyrək köçürülməsi sahəsində əldə olunmuş nailiyyətlər Azərbaycanın tibb tarixinin misilsiz səhifələrindəndir.

Akademik M.Cavadzadə tərəfindən uşaqlarda anadangəlmə hidronefrozlu xəstəliklərin müalicəsinin taktika və diaqnostikası, operativ müdaxilə və əməliyyatdan sonrakı vəziyyəti işlənib hazırlanmışdır.

Uşaq urologiyası akademikin ən çox diqqət yetirdiyi sahələrdən biri idi. Təsadüfi deyil ki, keçmiş İttifaqda ilk ixtisaslaşdırılmış uşaq uronefroloji şöbəsi məhz M.Cavadzadənin klinikasında yaradılmışdır. Respublikamızda ilk dəfə alim tərəfindən uşaqlarda sidikliyin neyrogen disfunksiyasının kompleks müayinəsi, rekonstruktiv plastik əməliyyatlar, operativ texnikanın təkmilləşdirilməsi ilə modifikasiyalar təklif olunmuşdur. Uronefrologiya sahəsində angioqrafik, radioimmunoloji tədqiqat metodlarının, tibbi-genetik müayinələrin tətbiqi də məhz ilk dəfə akademik tərəfindən aparılmışdır. Son illərdə onun təşəbbüsü və rəhbərliyi altında RKUX-da müasir litotripsiya və endocərrahiyyə şöbələri yaradılmış və müasir cihazlarla təmin edilmişdir.

Alimin məhsuldar fəaliyyəti nəticəsində bir-birinin ardınca çap olunan və müxtəlif formalı böyrək anomaliyasının embirogenezi, klinik gedişi, diaqnostikası və müalicəsinə həsr olunmuş "Böyrək anomaliyalarının cərrahiyyəsi" və ingilis dilində nəşr olunan "Böyrəklərin və sidik axarı anomaliyalarının cərrahiyyəsi" monoqrafiyaları dərin elmi tutumu ilə yanaşı, həm də praktik əhəmiyyəti baxımından müəllifinə böyük şöhrət qazandırmışdır.

1982-ci ildə akademik M.Cavadzadə "Anadangəlmə böyrək və sidik yolları orqanlarının anomaliyalarının müalicəsində diaqnostik və orijinal rekonstruktiv əməliyyatların müasir üsullarla kliniki təcrübədə işlənilməsi və tətbiqi" işinə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdür.

Urologiyanın bütün bölmələrini əhatə edən yaradıcılıq axtarışlarının genişliyi, uzaqgörənlik, aparılan tədqiqatların aktuallığı, ciddilik və məsuliyyətlilik M.Cavadzadənin elmi fəaliyyətinin əsas xarakterik cəhətlərindən idi. Onun elmi işləri urologiya və nefrologiya sahəsində çalışan həkimlərin gündəlik fəaliyyətinin istiqamətvericisi rolunu oynamışdır. Akademik endocərrahiyyə və rentgen-radionuklid laboratoriya, hemodializ və böyrək köçürülməsi, anesteziologiya və intensiv terapiya, litotripsiya, uşaq uronefroloji şöbələrini, urodinamik laboratoriya, tibbi genetik məsləhətxana təşkil etmişdir. Onun gərgin əməyi sayəsində bütün elmi-klinik bölmələr, aparılan elmi-tədqiqat işləri, xəstələrə göstərilən müasir müalicə xidmətləri qabaqcıl uroloji klinikalar səviyyəsinə çatmışdır. Yeni tədqiqatların nəticələri klinik praktikada tətbiq edilir, namizədik, doktorluq dissertasiyalarının mövzusuna çevrilirdi. Alimin rəhbərliiy ilə 17 doktorluq və 72 namizədlik dissertasiyası müdafiə edilmişdir.

Akademik M.Cavadzadənin rəhbərlik etdiyi Respublika Klinik uroloji xəstəxanaya keçmiş sovetlər İttifaqının müxtəlif şəhərlərindən xəstələr daxil olur və onlara yüksək səviyyədə tibbi yardım göstərilirdi. M.Cavadzadə xəstələrə tez bir zamanda düzgün diaqnoz qoymağı, onlarda sağalacaqlarına böyük ümid, ümumi əhval-ruhiyyələrində nikbinlik yaratmağı bacarır və bunu müalicənin əsas hissəsi hesab edirdi. Onun təşəbbüsü ilə yaradılmış uroloji xəstəxana qabaqcıl elmi-tədqiqat müəssisələrindən biri kimi indi də dünyanın alim-uroloqlarının diqqətini cəlb etməkdədir.

1975-ci ildə akademik ulu öndər Heydər Əliyevin göstərişi ilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin edilmişdir. İnstitutun fəaliyyətində olan çatışmazlıqları aradan qaldırmaq məqsədilə həmin ildən onun rəhbərliyi altında bütün sahələrdə böyük dəyişikliklər baş vermişdir. Alim institutun sosial inkişafına, elmi və elmi-pedaqoji kadrlarla təminatın keyfiyyətinin yüksəldilməsinə, professor-müəllim heyətinin yaradıcılıq fəaliyyəti üçün şəraitin yaradılmasına, gənc elmi-pedaqoji kadrların bacarıqlarının üzə çıxarılmasına xüsusi diqqət yetirmişdir.

Ölkəmiz müstəqillik əldə etdikdən sonra akademik M.Cavadzadənin rəhbərliyi altında ADHTİ durmadan yeniləşərək maddi-texniki bazası möhkəmləndirilmiş, kadr potensialı artırılaraq öz fəaliyyəti ilə bütünlükdə səhiyyəmizin inkişafına layiqli töhfələr vermişdir.

İnstitutda tədrisin, pedaqoji hazırlığın səviyyəsinin müasir tələblərə cavab verməsinin təmin edilməsi məqsədilə daim axtarışlar aparılır. 2002-2003-cü illərdə ilk növbədə bütün ixtisaslar üzrə ümumiləşdirilmiş tədris proqramlarına aparıcı mütəxəssislərin iştirakı ilə yenidən baxılmış, elmi şurada dəfələrlə müzakirə edilmişdir. İxtisasartırma kurslarında mövzuların seçimi zamanı onun aktuallığı, tibb elminin son nailiyyətlərini əks etdirməsi əsas meyar kimi götürülür. Tədrisin mənimsənilmə səviyyəsinin obyektiv qiymətləndirilməsi üçün institutun əməkdaşları tərəfindən hazırlanmış sınaq testlərinin istifadə olunması bu yeniliklərdən biridir. ADHTİ-də 2006-cı ildən başlayaraq Səhiyyə Nazirliyinin göstərişi əsasında ixtisasdəyişmə və hazırlıq kursları yeni formada keçirilir. Onların müddəti artırılmış, tədris proqramları təkmilləşdirilmişdir və eyni zamanda müdavimlərin praktik vərdişlərə yiyələnmələrinə xüsusi diqqət yetirilir. M.Cavadzadə tədris prosesini daim diqqət mərkəzində saxlayır, elmi-pedoqoji kadrların hazırlanmasına xüsusi diqqət yetirirdi. Akademik müdavimlərlə şəxsən görüşür, onların problemləri ilə maraqlanır, öz dəyərli məsləhətlərini verirdi. Gənc alimlər şurasının fəaliyyəti ilbəil gücləndirilir, yerinə yetirilən elmi-tədqiqat işlərinin miqyası xeyli genişləndirilir. Nəticədə institutda son beş ildə 14 elmlər doktoru, 30-dan çox elmlər namizədi hazırlanmışdır. 30 ildən yuxarı rektorluq fəaliyyəti dövründə isə ümumilikdə 51 elmlər doktoru, 152 elmlər namizədi, akademikin şəxsi rəhbərliyi altında isə urologiya və nefrologiya sahəsində 17 elmlər doktoru və 71 elmlər namizədi hazırlanmışdır.

M.Cavadzadə aydın zəkaya, dərin klinik analizlər aparmaq bacarığına və fenomenal yaddaşa malik, eyni zamanda tibbi ədəbiyyatı gözəl bilən şəxsiyyət idi. O, sadə, ədalətli, ünsiyyətli, müraciət edənlərə kömək əli uzadan, savadlı tibb kadrlarının yetişməsində əlindən gələni əsirgəməyən insan olmuşdur.

Alimin tibb elminə verdiyi misilsiz töhfələr yüksək qiymətləndirilmişdir. O, respublikamızın və bir çox xarici ölkələrin ali mükafatlarına, o cümlədən 1997-ci ildə "Şöhrət", 2007-ci ildə "İstiqlal" ordenlərinə layiq görülmüşdür.

Həyatının son günlərinə qədər akademik M.Cavadzadə rəhbərlik etdiyi Ə.Əliyev adına ADHTİ-nin və Respublika Kliniki uroloji xəstəxananın inkişafına və yenidən qurulmasına tükənməz enerji sərf etmişdir. Dünya şöhrətli alim neçə-neçə insana şəfa, tibb elminə dəyərli töhfələr bəxş etdiyinə görə xalqın qəlbində daim yaşayır, gələcək nəsillərə örnək olaraq qalır.

 

 

S.Kərimov,

tibb elmləri doktoru,

Ə.Əliyev adına

ADHTİ-nin rektoru

 

Azərbaycan.-2009.-20 may.-S.6.