Bakıda Metrologiya üzrə Avrasiya Əməkdaşlıq Təşkilatının 19-cu iclası keçirilir

 

Mayın 20-də Ümumdünya Metrologiya Günü münasibətilə Bakıda Metrologiya üzrə Avrasiya Əməkdaşlıq Təşkilatının 19-cu iclası öz işinə başlamışdır.

İclasda təşkilat üzvlərinin illik hesabatları dinləniləcək, yeni təklif və planlar müzakirə olunacaqdır.

On yeddi ölkənin üzv olduğu Metrologiya üzrə Avrasiya Əməkdaşlıq Təşkilatı ölçü cihazlarının metroloji xüsusiyyətlərinin uyğunlaşdırılması üzrə fəaliyyət göstərir. Azərbaycan bu təşkilatda 2007-ci ildən tam hüquqlu üzv kimi fəaliyyət göstərir.

Təşkilatın sədri Qorislav Sidorenko vurğulamışdır ki, qloballaşan dünya ticarəti, əhalinin sağlamlığı və təhlükəsizliyi, eləcə də ətraf mühit problemləri quruma üzv ölkələri bu sahədə birlikdə işləməyə və əməkdaşlığa sövq edir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov demişdir: "Hazırda Prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlmiş, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənmişdir. Bütün bunlar isə metroloji təminatın inkişafından xəbər verir. Ümumdünya Metrologiya Günündə dünya metroloqlarının Bakıda bir araya gəlməsinin səbəblərindən biri də məhz bu inkişafdır. Ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə ətraf mühitin təmizliyinə imkan yaradır".

İclas mayın 22-dək davam edəcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 may.- S. 3.