ATU-da tələbə gənclər təşkilatının hesabat-seçki konfransı olmuşdur

 

Mayın 20-də Azərbaycan Tibb Universitetinin (ATU) tələbə gənclər təşkilatının hesabat-seçki konfransı keçirilmişdir.

Universitetin tələbə gənclər təşkilatının sədr müavini Vaqif Mirzəyev hesabat məruzəsi ilə çıxış edərək, görülmüş işlər haqqında ətraflı məlumat vermiş, tələbə gənclər təşkilatının son illərdəki fəaliyyəti uğurlu hesab olunmuşdur.

Tədbirdə çıxış edən fəal tələbələr ulu öndər Heydər Əliyevin gənc nəslə olan diqqət və qayğısından, Prezident İlham Əliyevin Azərbaycan gəncliyinin hərtərəfli inkişafı üçün imzaladığı fərman və sərəncamların əhəmiyyətindən, ümumiyyətlə, son illərdə ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışmışlar.

Universitetin rektoru, akademik Əhliman Əmiraslanov gənclərin ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında fəal iştirakı, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.

Bildirilmişdir ki, hazırda ATU-nun yüzdən çox məzunu dünyanın ən tanınmış tibb ocaqlarında həkim kimi fəaliyyət göstərir. Universitetin tələbələri təcrübə mübadiləsini Türkiyənin, Amerikanın, Bolqarıstanın, Rusiyanın ali məktəblərində keçir və ən qabaqcıl təcrübənin mənimsənilməsi üçün bütün imkanlardan istifadə edilir.

Təhsil nazirinin müavini Elmar Qasımov, gənclər və idman nazirinin müavini İntiqam Babayev tələbə özünüidarə orqanının fəaliyyətinin əhəmiyyətini vurğulamış, ölkəmizdə gənclərə və təhsilə göstərilən dövlət qayğısından danışmışlar.

Çıxış edənlər vurğulamışlar ki, bu təşkilat tələbələri maraqlandıran məsələləri təhsil ocağının rəhbərliyi qarşısında qaldırmağı, eyni zamanda, onların həyata keçirilməsində yaxından iştirak etməyi bacarmalıdır. Tələbələr təşkilatın fəaliyyətinə qoşulmaqla, həyatlarını daha maraqlı və zəngin edəcək, dünyagörüşlərini artıracaqlar.

Sonra seçkilər keçirilmiş, daha çox səs toplamış Orxan İsayev təşkilatın yeni sədri və 15 nəfərdən ibarət idarə heyəti seçilmişdir. Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis konfransında ATU-nu təmsil edəcək 15 nəfər nümayəndənin adları da məlum olmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 21 may.- S. 3.