Mədəniyyət məkanı

 

Qafqazda ilk teatr 1845-ci ildə Tiflis şəhərində tamaşaya qoyulub. O vaxtlar Şuşa ilə Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Şuşada isə ilk tamaşa 1848-ci ildə səhnələşdirilmişdi.

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun Azərbaycan dilində yazdığı ilk pyeslər bundan sonra mütəmadi olaraq Tiflisdə, Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı. 1870-ci ildə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı Mirzə Muxtar tərəfindən ana dilində tamaşa göstərildi. O dövrdə gənc müəllimlərdən Firidun bəy Köçərli, Bədəl bəy Bədəlbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Həsən bəy Vəzirov və məşhur xanəndə Cabbar Qaryağdıoğlu bu tamaşada iştirak etmişdilər. Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin "Leyli və Məcnun" poeması əsasında Məcnunun Leylinin qəbri üstündəki səhnəsini musiqili tamaşa kimi 1897-ci ildə Şuşada Cabbar Qaryağdıoğlunun iştirakı ilə Əbdürrəhim bəy Haqverdiyev tamaşaya qoymuşdu.

Şuşanı məşhurlaşdıran qədim memarlıq və incəsənət abidələrinin sayı çoxdur. Burada təkcə rəsmən qeydə alınmış 170 memarlıq abidəsi və 160 incəsənət abidəsi, şairə Xurşudbanu Natəvanın, artilleriya generalı, Port-Artur qalasının qəhrəmancasına müdafiəsinin iştirakçısı olmuş Səməd bəy Mehmandarovun, dahi bəstəkar Üzeyir Hacıbəyovun, görkəmli müğənni Bülbülün, şair və rəssam Mir Möhsün Nəvvabın ev-muzeyləri, İbrahim xanın və onun qızı Qara Böyükxanımın qəsrləri, "Gəncə darvazaları", qala divarı və sairə var idi.

Şuşanı həm də "Şərqin konservatoriyası" adlandırırdılar. Çünki bu şəhər Azərbaycanın bir sıra görkəmli müğənnilərinin, musiqiçilərinin, böyük bəstəkarların və dirijorların yurdudur. Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, Üzeyir Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov əslən şuşalıdır.

Azərbaycanın ilk təcrübəli pedaqoqu olan görkəmli maarifçi, "Vətən dili"nin (II hissə) həmmüəllifi Səfərəli bəy Vəlibəyov, böyük ədəbiyyatşünas və pedaqoq Firidun bəy Köçərli, tanınmış yazıçılar Süleyman Sani Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, rəssam Toğrul Nərimanbəyov, heykəltəraş Cəlal Qaryağdı və başqaları bu şəhərdə doğulmuşdu.

Erməni xisləti hər vaxt özünü büruzə vermişdir. Bir qədər əvvələ, tarixi keçmişə nəzər salsaq görərik ki, Azərbaycanın gözəl guşəsi olan Şuşa zaman-zaman erməni qəddarlığına tuş gəlib. 1905-ci il iyun ayının 13-də Qarabağda, Gəncə quberniyasının Qaryagin qəzasında erməni-müsəlman toqquşmaları başladı. 1905-1906-cı illərdə Cənubi Qafqazda yerli türk-müsəlman əhaliyə qarşı ermənilərin ən güclü təcavüzü Şuşa şəhərində olmuşdur. Ermənilər öz qarşılarına qoyduqları məqsədə çatmaq üçün durmadan səngərlər tikir, silahlanır, vilayətlərdən, şəhər və kəndlərdən Şuşaya canlı qüvvə gətirirdilər.

1905-ci il avqust ayının 16-21-də Şuşada erməni silahlılarının təcavüzü nəticəsində türk-müsəlman əhalisi müdafiə olunmaq üçün silaha sarılmışdı. Avqust ayının 16-da erməni daşnak silahlıları üç istiqamətdə Şuşanın türk-müsəlman əhalisi üzərinə hücuma keçdilər. Ermənilərin 1-ci dəstəsi Yuxarı Xəlfəli qapısına, 2-ci dəstəsi Meydana, 3-cü dəstəsi Köçərli məhəlləsinə hücum etdi. Qalan ermənilər isə əvvəldən qazılmış səngərlərə girdilər. Ermənilər Köçərli məhəlləsində beş nəfəri, doxsan yaşlı Abbas bəyi, onun oğlu və qardaşı oğlunu, Nuşirəvan adlı bir gənci gəlini ilə birlikdə öldürüb evlərinə od vurdular, həmin məhəllədə on beşə qədər müsəlman evini qarət edib yandırdılar.

Xəlfəli qapısında ermənilər on evə hücum edərək yandırdılar. Ev sakinlərindən üç nəfər öldürüldü, qalanları qaçıb canlarını qurtardılar. Erməni silahlılarına qoşulan erməni tacirləri öz dükanlarını bağlayır, əllərinə silah alaraq türk-müsəlmanların dükanlarını gülləbaran edirdilər. Döyüş başlayanda ermənilər məhkəmə və Duma divanxanasını yandırdılar. Avqust ayının 17-də "Difai" partiyasının rəhbərliyi altında yaxşı təşkil olunmuş müdafiə və hücumdan sonra ermənilər xeyli itki verərək geri çəkilməyə məcbur oldular.

Şuşa müsəlmanlarına köməyə gələn şəhərətrafı türk-müsəlman kəndlərinin silahlı dəstələri yüzlərlə erməni silahlısını məhv etdi. Şuşada döyüş üstünlüyünü saxlayan türk-müsəlman silahlı dəstələri avqustun 21-nə kimi erməni daşnak silahlı dəstələrini şəhərdən qovub çıxarmağa nail oldular. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzədək türk-müsəlman erməni silahlıları tərəfindən öldürülmüş və iyirmiyə qədər müsəlman evi yandırılmışdı. 1905-ci il sentyabr ayının 10-dək Şuşada atəş səsləri kəsilmədi. Qafqaz canişini Vorontsov-Daşkovun Şuşa şəhərinə gəlməsi ilə atəş dayandırıldı. Sentyabrın 14-də sülh elan olundu.

Xarici himayədarlarının köməyi ilə ermənilərin 1992-ci ildə törətdikləri vəhşilikləri nəzərə alsaq (Şuşanın işğalı zamanı 200 nəfər şəhid olmuş, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 1000-ə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılmışdır), tarixin təkrarlandığını düşünmək olar. Və inam da var ki, bir zamanlar olduğu kimi, yenə də üstünlük bizim olacaq, işğalçılar tarixi torpaqlarımızdan çıxarılacaq.

 

 

Zəkurə Quliyeva

 

Azərbaycan.-2009.-20 may.-S.7.