ANAMA-nın bazasında
minalarla mübarizə
üzrə beynəlxalq
mərkəz yaradılacaqdır
Mayın 20-də
ANAMA-nın (Ərazilərin Minalardan Təmizlənməsi
üzrə Milli Agentlik) əsas ofisində Birləşmiş
Millətlər Təşkilatının İnkişaf
Proqramı (BMTİP) ilə birgə layihənin
üçüncü mərhələsinin həyata
keçirilməsinə dair sənədin imzalanma mərasimi
keçirilmişdir.
ANAMA-nın direktoru Nazim
İsmayılov bildirmişdir ki, "Azərbaycanda minalarla
mübarizə üzrə potensialın daha da gücləndirilməsi
və genişləndirilməsi" layihəsindən əsas
məqsəd növbəti üç il ərzində ANAMA-ya
texniki dəstək, məsləhət və əlaqələndirmə
yardımı göstərməkdir.
Azərbaycanda Minalarla
Mübarizə üzrə Proqramı çərçivəsində
minalanmış ərazilərdə tədqiqat, xəritəçəkmə
və təmizləmə işlərinin aparılması, həmçinin
işğal altında olan torpaqlar azad edildikdən sonra bu ərazilərin
minalardan təmizlənməsi üçün zəruri
potensialın yaradılması nəzərdə tutulmuşdur.
Ümumi dəyəri 6 milyon 600 min ABŞ dolları olan layihədə
ANAMA-nın Minalarla Mübarizə üzrə Beynəlxalq Mərkəzə
çevrilməsi də planlaşdırılır.
Bildirilmişdir ki,
1998-ci ildən ANAMA-nın öz ehtiyatları hesabına 100
kvadratkilometrdən artıq ərazi təmizlənmişdir.
BMTİP-in rezident-əlaqələndiricisi
Bruno Pueza müharibə şəraitində yaşayan Azərbaycan
əhalisinin minalardan çox ziyan çəkdiyini
bildirmiş, bu sahədə ANAMA-nın gördüyü
işləri təqdirəlayiq hesab etmişdir. Azərbaycan
hökumətinin ərazilərin minalardan təmizlənməsinə
xüsusi diqqət yetirdiyini vurğulayan B.Pueza bu əməliyyatların
səmərəli surətdə həyata keçirilməsində,
həmçinin zərərçəkənlərə
yardım göstərməkdə ANAMA-ya dəstək veriləcəyini
söyləmişdir.
Sonra ANAMA ilə
BMTİP arasında əməkdaşlığın daha
üç il davam etdirilməsi barədə sənəd
imzalanmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 21 may.- S. 7.