Tanınmış alimin 80 illiyinə həsr edilmiş kitab
Pedaqoji elmlər namizədi Allahverdi Eminovun tanınmış alim, pedaqoq, əməkdar elm xadimi, yazıçı, filologiya elmləri doktoru, professor Şahin Səfərovun həyat və yaradıcılığından bəhs edən "Unudulmaz alim, müdrik insan" kitabı işıq üzü görmüşdür. Kitabda Ş.Səfərovun keçdiyi ömür yolundan, jurnalistlik fəaliyyətindən, alim-pedaqoq kimi yazdığı resenziyalardan, müxtəlif janrlarda qələmə aldığı əsərlərindən bəhs olunur.
Şahin Səfərov 18 il "Azərbaycan müəllimi" qəzetinin baş redaktoru olmuşdur. Kitabda onu yaxından tanıyan görkəmli alimlərin, dostlarının, qohumlarının və ailə üzvlərinin xatirələri toplanmışdır. Müəllif, 1952-ci ildə jurnalistlik fəaliyyətinə başlayan və sonralar gələcək jurnalistlər nəslinə örnək olan, geniş elmi dünyagörüşə, böyük yaradıcılıq potensialına malik Ş.Səfərovun səmərəli fəaliyyətinə ayna tutmağa çalışmışdır. Müəllif ömrünün 40 ilini elmə və təhsilə həsr etmiş məhsuldar alim, yazıçı, baş redaktor, pedaqoq Ş.Səfərovun 15-dən artıq sanballı kitabın, 300-ə qədər məqalənin, saysız publisistik yazıların, resenziyaların müəllifi olduğunu qeyd edir. Onun ədəbiyyatın tədrisi məsələlərini əhatə edən "Ədəbiyyat dərslərində ideya-siyasi tərbiyəyə dair" (1971), "Ədəbiyyat dərslərində şagirdlərin elmi dünyagörüşünün formalaşması" (1973), "Ədəbiyyat tədrisi və yeni insan tərbiyəsi" (1976) , "Nizami Gəncəvi yaradıcılığının məktəbdə öyrədilməsi" (1981), "Şagirdlərin bədii təfəkkürünün inkişafı" (1989) və digər əsərlərində qabaqcıl məktəb təcrübəsi ümumiləşdirilmiş və ədəbiyyat tədrisinin aktual elmi-metodik problemlərinin nəzəri həlli verilmişdir. Kitabda, eyni zamanda, Ş.Səfərovun həssas müşahidə və seçmə qabiliyyətinə, aydın dilə və orijinal üsluba malik yazıçı-jurnalist olduğu da vurğulanır. Tanınmış alimin əməyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilmiş, bir sıra orden-medallara və fəxri adlara layiq görülmüşdür.
Professor Ş.Səfərova həsr olunmuş "Unudulmaz alim, müdrik insan" kitabına "Ön söz"ü filologiya elmləri doktoru, professor Yusif Seyidov yazmışdır. Kitab çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı və mətbuatı tarixində özünəməxsus iz qoyan professor Şahin Səfərovun 80 illiyinə gözəl töhfələrdən biridir.
Azərbaycan.-2009.-20 may.-S.7.