İlk son məhəbbətləri vətən oldu

 

Fransız yazıçısı - hərbçi, İkinci dünya müharibəsinin iştirakçısı mayor Antuan de Sent-Ekzüperi "Hərbi təyyarəçi" əsərində yazırdı: "Müharibə rəşadət deyil, insanın insan tərəfindən qətli, zülmüdü. Müharibə baxışları gözlərdə, gülüşləri dodaqlarda dondurur. Anaların, ataların belləri erkən bükülür. Lənət olsun müharibə törədənlərəE" Şimali Qafqazdan Polşayadək döyüş yolu keçən Cəmil Məmməd oğlu Əhmədov da müharibə qurbanlarından biri olub. Onun yolunu doğmaları çox gözləyib. Lakin özü yox, "qara kağı"zı gəlib. Atası Məmmədin son nəfəsinə qədər eyni açılmadı. Rayonun mərkəzində, məşhur "Xan çinar"ın yaxınlığında oğlunun büstü önündə saatlarla dayanıb xəyala dalar, öz-özünə deyərdi: "Ay oğul, sən gedəndə sağollaşdın, mehriban görüşdün. Bəs indi niyə donmusan, daşlaşmısan?!"

Cəmil 1924-cü ildə Cəbrayıl rayonunda dünyaya göz açmışdı. Ağıllı, əlaçı şagird kimi tanınmışdı. 18 yaşında onu ordu sıralarına apardılar. Qabiliyyətini, hərbi qayda-qanunu tez mənimsədiyindən zabitlik kursuna qəbul etdilər. Leytenant rütbəsi alıb, ön cəbhəyə getdi. Belarusun faşist işğalından azad edilməsində göstərdiyi hünərə görə Aleksandr Nevski və "Qırmızı Ulduz" ordenləri ilə təltif edildi. Komandanlığın, silahdaşlarının hörmətini, etimadını qazandı. Evlərinə tez-tez məktub yazardı. Atası onlardan birini bəlkə də təskinlik üçün tez-tez xatırlayardı. O yazmışdı ki, məndən nigaran olmayın. Canım vətənə qurbandır. Gələrəmsə, görüşərik. Qayıtmasam, şərəfli xidmətimin sorağı nisgilinizi azaldar.

Cəmil qayıtmadı. Məmməd kişinin gözünün biri güldü, digəri ağladı. Deyərdi ki, oğlumun sifəti, qaməti gözlərim önündən çəkilmir, gecələr də yuxumdan çıxmır. Ata daim narahat idi, o gedən yola tez-tez boylanardı. Hətta xoş xəbər gətirənə muştuluq hədiyyəsini həmişə cibində saxlardı. Onu müxtəlif görüşlərə, tədbirlərə dəvət edərdilər, danışmasını istəyərdilər. Amma susardı. Handan-hana deyərdi: " qədər ki bu dünya var, Cəmil yaşayacaq". O bilirdi ki, oğlu 1944-cü il iyun ayının 10-da Polşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub, Varşavada - sovet döyüşçüləri üçün ayrılmış qəhrəmanlar xiyabanında dəfn edilib. Oğlunun ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülməsi haqqında aldığı rəsmi sənədi gözündən uzağa qoymazdı.

Məmməd kişi uzun illər partiya-sovet orqanlarında yüksək vəzifələrdə işləmiş İsa dayımla həm qonşu, həm dost idilər. Saatlarla bir yerdə olar, söhbətləşər, keçmişi xatırlardılar. 1966-cı ildə Məmməd kişini yenə dayımgildə gördüm. Büsbütün dəyişmişdi. Baxışlarından bəxtəvərlik oxunurdu. Çöhrəsində nur vardı. Sevincinin səbəbini özü danışdı: "Ay bala, dünən şair Əli Kərimin Cəmilə həsr etdiyi "Heykəlin qardaşı" poemasını mənə göndəriblər. Min bir həvəslə oxudum. Bilmədim ağlayım, yoxsa sevinim. Söznən heykəl yaratmaq olar, ay oğul?!" Poemanı birnəfəsə oxudum. Şairin poeması bütün təfsilatı, təfərrüatı, lirikası, fərəhi, göynərtisi ilə həqiqətən monumental abidədir. Üzünü görmədiyi, səsini eşitmədiyi qəhrəmanı o, olduqca gözəl təsvir edib.

Xalq rəssamı Tağı Tağıyevin emalatxanasında Cəmil Əhmədovun rəngkarlıq janrında işlənmiş portretini görəndə heyrətlənmişdim. Soruşdum ki, tabloda təsvir etdiyiniz qəhrəmanı tanıyırdınız? Cavab verdi: "Yox. Əli Kərimin əsərini oxuyandan sonra onun obrazı xəyalımda canlandı". Unudulmaz şair poemada qəhrəmanın işıqlı arzularını, vətən sevgisini, ilk məhəbbətini, son gününü, qələbə uğrunda döyüşlərini, cəsarətini poetik, xoş duyumlarla, ovqatla tərənnüm edib. Ümumiyyətlə, Cəmil Əhmədov haqqında xeyli şeir, məqalə, hekayə, povest yazılıb. "Azərbaycanfilm" kinostudiyası onun hünərindən bəhs edən "Qayıdacağına inanırdı" qısametrajlı sənədli film çəkib.

1970-ci ilin fevral ayında Məmməd kişi ilə yenə görüşdük. O, xarakterinə uyğun aram-aram dedi: "Nəvəm olub. Təklif edirlər ki, adını Cəmil qoyaq. Mən razılıq vermirəm. Birdən əmisi gəldi, bəs onda?.." Son nəfəsinə qədər Məmməd kişi ümidlə yaşadı, yollara baxa-baxa qaldı. Oğlu da gəlib çıxmadı. Nəvəsinə isə öz adını verdi. Dedi ki, adımı yaşatsın, çəkdiyim intizara sadiq olsun. Taleyin işinə bax, indi nəvəsinin adı əmisi ilə birgə çəkilir...

Baba Məmməd haqq dünyasına qovuşdu. Nəvə Məmməd isə görkəmli yazıçı, əsərləri ilə şöhrət qazanmış Sabir Əhmədovun ailəsində dünyaya göz açmışdı. Babasından eşitdiklərini qanında, canında yaşadırdı. Qəhrəman əmisinə ehtiramını daim uca tuturdu. Nəslinin-nəcabətinin adına layiq boya-başa çatırdı. Heyif ki, onun da arzuları ürəyində qaldı. Namərd qonşular torpaq iştahına düşüb fəlakətlər törədəndə Məmməd könüllü olaraq ön cəbhəyə getdi. Döyüşdü, vuruşdu, açdığı atəş düşməndən yan keçmədi. Uğrunda ölüm-dirim mübarizəsi aparılan Cəbrayıl torpağı erməni işğalına məruz qaldı. Cəmil Əhmədovun müqəddəs büstü əzildi, ruhu incidildi. Xatirə muzeyi dağıdıldı, eksponatlar yandırıldı. 56 min nəfərdən çox sakin məcburiyyət qarşısında doğma el-obasından didərgin düşdü. Ancaq Məmməd amalından, əqidəsindən dönmədi. Düşməndən intiqam almaq üçün Kəlbəcər səmtdə, Murovdağın ətəklərində döyüş yolu keçdi. Vaxtaşırı kəşfiyyata gedər, əks tərəfin mövqelərini öyrənər, onların obyektlərini tar-mar edərdi.

O, 1994-cü ilin əvvəllərində zəng edib atasına demişdi: "Mən qürbətdə deyiləm. Ölsəm , qalsam da, bu torpaq bizimdir. Əmim vətən uğrunda döyüşüb. Mən Azərbaycanımız uğrunda canımı qurban verməyə hazıram. Ata, gec gəlsəm, incimə. Ömrü boyu babam əmimi axtardı, sən məni gözləyərsən". Fevral ayının 12-də son döyüşü oldu. 24 yaşının tamamında düşmən gülləsi ondan yan keçmədi. Arzu-istəkləri yarımçıq qaldı. Onu Bakıda, Şəhidlər xiyabanında torpağa tapşırdılar...

İkinci dünya müharibəsində tarixi qələbənin növbəti ildönümlərini qeyd edərkən həmişə belə günlərdə daha çox ehtiramla xatırlananlardan biri hünərinə, vətənsevərliyinə, döyüş qabiliyyətinə görə Sovet İttifaqı Qəhrəmanı Cəmil Əhmədovdur.

 

 

Telman Ağaoğlu

 

Azərbaycan.-2009.-20 may.-S.7.