Mayın 20-də Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva
"Eurovision-2009" mahnı müsabiqəsində Azərbaycanı
uğurla təmsil etmiş Aysel Teymurzadə və Araş ilə
görüşmüşdür.
Mehriban xanım Əliyeva
müsabiqədə Azərbaycanı layiqincə təmsil
etmiş ifaçılarımızla xatirə şəkli
çəkdirmişdir.
Heydər Əliyev
Fondunda Aysel Teymurzadəni və Araşı görməyə
şad olduğunu deyən Mehriban xanım Əliyeva,
"Eurovision-2009" mahnı müsabiqəsində
qazandıqları böyük uğur münasibətilə
onları ürəkdən təbrik etmişdir.
Aysellə Araşın
qazandıqları uğuru xüsusi vurğulayan Mehriban
xanım Əliyeva bildirmişdir ki, "Eurovision" Avropada
musiqi sahəsində ən böyük müsabiqədir.
Ölkəmizdə bu
musiqi yarışmasının həyəcanla izlənildiyini
bildirən Heydər Əliyev Fondunun prezidenti
vurğulamışdır ki, Aysel və Araş qitə
miqyaslı müsabiqədə Azərbaycanı layiqincə təmsil
etmişlər. Artıq Azərbaycan bu sahədə də
nailiyyət əldə etmişdir.
"Eurovision-2009"da
qələbə münasibətilə Azərbaycan təmsilçilərini
bir daha təbrik edən Mehriban xanım Əliyeva demişdir
ki, qarşıda onları yeni-yeni uğurlar gözləyir.
Aysel Teymurzadə və
Araş yüksək diqqət, qayğı və dəstəyə
görə Mehriban xanım Əliyevaya təşəkkürlərini
bildirmişlər.
Müğənni
Araş yeni diskini Mehriban xanım Əliyevaya təqdim
etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 21 may.- S. 4.