Estoniyanın sabiq
prezidenti Arnold Rüytel Bakının
yaxınlığındakı Qala Arxeoloji-Etnoqrafik Muzey
Kompleksində olmuşdur.
Ali qonağa məlumat
verildi ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə həyata keçirilən bu layihə Azərbaycanın
tarixi keçmişinin qorunub saxlanması ilə
yanaşı, ölkəmizin turizm mərkəzlərindən
birinə çevrilməsinə də xidmət edir. Burada hələ
1988-ci ildə Qala Dövlət Tarix Etnoqrafiya Qoruğu təşkil
olunmuşdu. Abidələrin qorunması, eləcə də
Abşeronda aşkar edilən arxeoloji tapıntılar
hesabına qoruğun daha da zənginləşdirilməsi
üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi
ilə burada açıq səma altında ilk
arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır. Kompleksdə
Abşeron yarımadasında tapılmış və eramızdan
əvvəl III-II minilliklərdən orta əsrlərə qədər
dövrü əhatə edən qayaüstü rəsmlər,
keramika, məişət və bəzək əşyaları,
silah və sikkələr, qədim yaşayış
kompleksinin konservasiya olunmuş qalıqları və sair yerləşdirilmişdir.
Estoniyalı qonaq muzey kompleksini
gəzdi, buradakı eksponatlarla tanış oldu.
Qala Dövlət Tarix
Etnoqrafiya qoruğunun direktoru Fikrət Abdullayev məlumat verdi
ki, dünyanın ən qədim insan məskənlərindən
olan Azərbaycanın ərazisi arxeoloji abidələrlə,
maddi mədəniyyət nümunələri ilə zəngindir.
Kompleksin ərazisində Abşeron yarımadasında aşkar
edilmiş arxeoloji, memarlıq abidələri toplanmış və
bərpa olunmuşdur. Bu ərazidə eramızdan əvvəl
III-II minilliklərə aid kurqanlar, yaşayış
binaları və s. ilkin görünüşündə
olduğu kimi qurulmuşdur.
Arnold Rüytel
Qavaldaşa, Şüvəlan, Ağdaş düzü,
Xaşaxuna, Zirə yaşayış məskənlərinin
planına, qədim toyxana yerinə, tacir evinin maketinə, dəvələrə,
Dübəndidə və digər ərazilərdə arxeoloji
qazıntılar zamanı aşkar olunmuş tapıntılara
da baxdı, xatirə kitabına ürək sözlərini
yazdı.
Hörmətli qonaq muzey
kompleksindən zəngin təəssüratla ayrıldı.
AzərTAc
Azərbaycan.- 2009.- 21 may.- S. 4.