"Bakı" futbol
üzrə XVII Azərbaycan
çempionatının qalibi
oldu
Bu günlərdə
futbol üzrə XVII milli çempionatın son turunun
oyunları başa çatmışdır. "Bakı"nın
eyni adlı klubu keçirdiyi görüşlərdə 62
xal toplayaraq tarixində ikinci dəfə ölkə
çempionu adına layiq görülmüşdür.
Milli çempionatda II
yeri paytaxtın digər təmsilçisi "İnter"
tutmuşdur. Gümüş mükafatçılar
"Bakı"dan cəmi 1 xal geri qalmışlar.
Zaqatalanın "Simurq" klubu 53 xalla bürünc medal əldə
etmişdir.
Builki Azərbaycan
çempionu 1997-ci ildə "Çinar Polis
Akademiyası" və "Qartal - 95" klublarının
birləşməsindən yaranmışdır. Sonradan
"Polis Akademiyası" və "Dinamo"
adlandırılan klubu 2004-cü ildə "Baghlan Group"
şirkətlər qrupu himayəsinə
götürmüşdür. Həmin ildən
"Bakı" futbol komandasının yüksəlişi
başlayıb. Qısa müddət ərzində klub Azərbaycan
çempionu (2006), Azərbaycan kubokunun sahibi (2005)
titullarını qazanmış, 2007-ci ildə XV milli
çempionatın bürünc mükafatçısı
olmuşdur.
"Bakı"
komandasının az bir zamanda böyük uğurlar əldə
etməsində, heç şübhəsiz, onun prezidenti Hafiz
Məmmədovun böyük rolu var. O, komandanı səviyyəli
yerli futbolçularla və legionerlərlə komplektləşdirmiş,
klubun sükanı arxasına tanınmış makedoniyalı
mütəxəssis C.Hacıyevski baş məşqçi
kimi gətirilmişdir. Çempionat başa çatdıqdan
sonra klubun rəhbəri mətbuata verdiyi
açıqlamasında komandanın oyunundan və göstərdiyi
nəticədən razı qaldığını
bildirmişdir: "Bakı"da işini bilən baş məşqçi
və kifayət qədər səviyyəli futbolçular
var. Bir kollektiv olaraq birləşdik və öz oyunumuzla bu yerə
gəlib çıxdıq... Elə dönəm oldu ki,
qeyri-sabit çıxış etdik. Lakin çətin
günlərdə də komandadan əlimi üzməmişdim".
Qeyd edək ki, bu il
"Bakı" ölkəmizi Avropa çempionlar
liqasında təmsil edəcək və artıq məlum
olduğu kimi, mübarizəyə II təsnifat mərhələsindən
qoşulacaq. H.Məmmədovun dediyinə görə, klub
Avropa yarışlarında bacardıqca irəli getməyə
çalışacaq. Heyətin indikindən də xeyli
güclü olacağını vurğulayan klub rəhbəri
yaxınlarda komandanın bazasının və məşq
üçün meydançaların istifadəyə veriləcəyini
qeyd etmişdir. O vurğulamışdır ki, futbolsevərlərimiz
Avropada daha müasir, sürətli futbol oynayan
"Bakı" komandasını görəcəklər.
Onu da bildirək ki, bu
ildən etibarən UEFA kuboku və İntertoto
yarışları birləşdirilərək Avropa
liqasına çevrilmişdir. Avropa liqasında ölkəmizi
çempionatın gümüş və bürünc
mükafatçıları "İnter" və
"Simurq", habelə mayın 23-də baş tutacaq Azərbaycan
kubokunun final görüşü - "İnter" -
"Qarabağ" matçının qalibi təmsil etməlidir.
Kuboku Ağdam təmsilçisi qazanarsa, Qarabağ Avropa
liqasında çıxış edəcək.
"İnter"in kuboka sahib çıxacağı təqdirdə
isə Avroliqaya milli çempionatda IV yeri tutmuş "Xəzər-Lənkəran"
gedəcək.
Artıq
premyer-liqamızın səviyyəsinin artdığına və
klublarımızın iddiasının xeyli yüksəlməsinə
şübhə yoxdur. Buna görə builki Avropa miqyaslı
yarışlarda komandalarımızdan layiqli
çıxış gözləməyə dəyər. İnanırıq
ki, ölkəmizi Avropa çempionlar liqasında təmsil edəcək
"Bakı" və Avropa liqasında iştirak edəcək
komandalarımız digər idman növlərində olduğu
kimi, beynəlxalq arenada da böyük əzmkarlıq və
ustalıq nümayiş etdirərək layiqli
çıxışları və yüksək nəticələri
ilə çoxsaylı azarkeşləri sevindirəcəklər.
Azərbaycan.-2009.-20 may.-S.8.