Azərbaycan xalçaları Estoniyanın sabiq Prezidenti Arnold Rüyteli valeh etmişdir

 

Qonağa məlumat verilmişdir ki, xalçaçılıq Azərbaycanın ən qədim el sənətlərindən biridir. Qədim səyyahlar, salnaməçilər ölkəmizdə toxunan xalı-xalçanın yüksək keyfiyyəti, zəngin çeşniləri barədə yazılı məlumatlar vermiş, Şirvan, Təbriz, Qarabağ, Qazax, Gəncə, Quba xalçalarının Böyük İpək yolu üstündəki bütün ölkələrdə məşhur olduğunu bildirmişlər.

Azərbaycanın xalı və xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır. 1996-cı ildən fəaliyyətə başlamış, hazırda 350 nəfərin çalışdığı "Azər-İlmə"nin məhsulları ABŞ, Almaniya, Avstriya, İngiltərə, İtaliya, Yaponiya və Rusiyada keçirilən satış sərgilərində xüsusi mükafatlara və sertifikatlara layiq görülmüşdür.

Müəssisədə toxunmuş "Şeyx Səfi" xalısı qonağın diqqətini daha çox cəlb etmişdir. Bildirilmişdir ki, əsli Londonda saxlanılan və Təbriz xalçaçılıq məktəbinə aid olan 37 kvadratmetrlik "Şeyx Səfi" xalısına 9,25 milyon ilmə vurulmuşdur.

Naxışların incəliyi və ilmələrin yüksək sıxlığı, tərtibatın orijinallığı, milli koloriti ilə seçilən xalçaların istehsal prosesi bütün beynəlxalq standartlara cavab verir. Sapları boyamaq üçün ancaq təbii rənglərdən istifadə edilir, eskizlər yalnız milli naxış və çeşnilərdən götürülür. İşlədilən bütün xammal yerli məhsullardır.

Estoniyanın sabiq Prezidenti Arnold Rüytel boyama, toxuma prosesini maraqla izləmiş, qalereyanın açıq səma altında nümayiş olunan zəngin eksponatlarına baxmışdır. Qonaq xalçalarımızın gözəlliyinə valeh olduğunu bir daha vurğulamış, ölkəmizdə bu qədim el sənətinin belə məhəbbətlə yaşadılmasını yüksək qiymətləndirmişdir.

Arnold Rüytel "Azər-İlmə"nin xatirə kitabına ürək sözlərini yazmışdır.

Qonağa Vidadi Muradovun "Azərbaycan xalçaları" kitabı və Şəki kəlağayısı hədiyyə olunmuşdur.

Sonra Azərbaycan xalçaçılıq sənətinə dair söhbət çay süfrəsi arxasında davam etdirilmişdir.

 

 

Azərbaycan.- 2009.- 21 may.- S. 21.