Ölkəmizdə mükəmməl büdcə siyasəti həyata keçirilir

 

Mayın 20-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. İclasda "Azərbaycan Respublikası 2008-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi müzakirə edildi. Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, 2008-ci il ölkəmizin tarixində ən uğurlu illərdən biri kimi yadda qalıb. Belə ki, ötən ilin sosial-iqtisadi yekunları əvvəlki illərdən daha yüksək olmuş və bir daha sübut edilmişdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi iqtisadi siyasət ölkəmizin milli maraqlarına, iqtisadi təhlükəsizliyinə və əhalinin sosial rifahının gücləndirilməsinə xidmət edir.

Komitə sədri bildirdi ki, bütün dünyada dövlət büdcəsinin icrası mühüm iqtisadi-siyasi hadisə kimi qiymətləndirilir. Dövlət büdcəsi ən ali maliyyə sənədidir. Azərbaycanın 2008-ci il dövlət büdcəsinin icrası ilə tanışlıq belə bir fikir söyləməyə əsas verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş iqtisadi siyasət uğurla həyata keçirilir və müvafiq dövlət strukturları dövlət büdcəsində nəzərdə tutulmuş məsələlərin icrasında fəal iştirak edirlər.

2008-ci ilin dövlət büdcəsi göstərir ki, artıq Azərbaycan sivil dövlətlərə xas olan büdcə siyasəti həyata keçirir. Büdcə sisteminin fəaliyyətini, səmərəliliyini xarakterizə edən bütün göstəricilərin təhlili belə qənaətə gəlməyə əsas verir ki, Azərbaycan 2008-ci ildə də düzgün maliyyə-kredit siyasəti həyata keçirmişdir. Əgər belə olmasaydı, beynəlxalq böhran şəraitində Azərbaycanın maliyyə imkanlarının azalmasının şahidi olardıq. Amma əksinə, 2008-ci ilin ikinci yarısından dünyanı cənginə salan beynəlxalq iqtisadi böhran Azərbaycana təsir edə bilmədi.

İclasda iştirak edən maliyyə naziri Samir Şərifov dedi ki, 2008-ci ildə ölkəmizdə əldə edilən iqtisadi artım son illərdə uğurla həyata keçirilən dinamik inkişaf strategiyasının məntiqi nəticəsidir. 2008-ci ilin ikinci yarısından bir çox ölkələri bürüyən əlverişsiz iqtisadi şəraitə baxmayaraq, ölkəmizin maliyyə sistemi əhəmiyyətli dərəcədə möhkəmlənərək inkişaf tempini saxlamışdır. Ötən il də əhalinin aztəminatlı təbəqəsinin sosial-müdafiəsinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, irimiqyaslı infrastruktur layihələrin həyata keçirilməsi, investisiya, o cümlədən sosial sektor üzrə proqramların dəstəklənməsi, qeyri-neft sektorunun inkişafı hökumətin diqqət yetirdiyi ən prioritet məsələlər olmuşdur. Bu məsələlər makroiqtisadi göstəricilərdə də öz əksini tapmışdır. 2008-ci ildə ümumi daxili məhsul 2007-ci illə müqayisədə 10,8 faiz, onun adambaşına düşən həcmi isə 9,5 faiz artmışdır. Əhalinin rifahını səciyyələndirən göstəricilərdə də artım dinamikası müşahidə edilmişdir. Artan gəlirlərin hər bir Azərbaycan vətəndaşının gündəlik həyatında hiss etməsi Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi kursun əsas qayəsini təşkil etmişdir. Bunun nəticəsidir ki, 2007-ci illə müqayisədə 2008-ci ildə əhalinin nominal pul gəlirləri 38,8 faiz, adambaşına düşən pul gəlirləri 36,2 faiz artmışdır.

Ölkə iqtisadiyyatında çalışan işçilərin orta aylıq əməkhaqqı 268 manat təşkil etməklə 2007-ci ilə nisbətən 24,2 faiz artmışdır. 2008-ci ilin sonuna yoxsulluğun səviyyəsi 2003-cü ilə nisbətən 3 dəfə azalmışdır.

Nazir Samir Şərifovun sözlərinə görə, hesabat ilində iqtisadiyyatda müşahidə edilən dinamik artım özünü dövlət və icmal büdcələrin göstəricilərində də aydın şəkildə büruzə vermişdir. 2008-ci ilin icmal büdcəsinin gəlirləri 19 milyard 520 milyon manat, xərcləri 12 milyard 464 milyon manat olmuşdur ki, bu da 2007-ci illə müqayisədə gəlirlər üzrə 2,4 dəfə və ya 11,5 milyard manat, xərclər üzrə 97,6 faiz çoxdur.

Nazir qeyd etdi ki, 2008-ci ildə əhalinin sosial rifahının yaxşılaşdırılması, büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarının, pensiya və müavinətlərin artırılması üçün ölkə başçısı tərəfindən bir sıra sərəncamlar imzalanmışdır. Bu sərəncamlarla elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, habelə dövlət büdcəsindən maliyyələşən digər təşkilatlarda çalışanların aylıq əməkhaqları orta hesabla 50 faiz, Azərbaycan Milli Elmlər Akademiyasının tabeliyində olan elmi-tədqiqat müəssisələrində çalışanların aylıq əməkhaqları 50 faiz, ali təhsil müəssisələrində çalışanların aylıq əməkhaqları 50 faizdən 2 dəfəyə qədər, aspirantlara, ali, orta ixtisas, peşə məktəbləri və liseylərin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin aylıq məbləği orta hesabla 40 faiz, hərbi qulluqçuların aylıq əməkhaqları orta hesabla 80 faiz, müddətli hərbi qulluqçuların əməkhaqları 2 dəfə artırılmışdır. Minimum aylıq əməkhaqqının, əmək pensiyalarının baza hissəsinin məbləğləri 50 faiz artırılaraq 75 manata çatdırılmışdır.

2008-ci il məcburi köçkünlərin sosial şəraitlərinin yaxşılaşdırılması istiqamətində də mühüm mərhələ olmuşdur. İl ərzində məcburi köçkünlərin yeni və hər bir sosial infrastuktura malik yeni qəsəbələrə köçürülməsi məqsədlərinə 145 milyon manat vəsait sərf olunmuşdur. Ötən il məcburi köçkünlərə verilən aylıq müavinətin, çörək pulunun məbləği 50 faiz artırılmışdır.

Maliyyə naziri Samir Şərifov kənd təsərrüfatına və sahibkarlığın inkişafına ayrılan xərclər barədə də ətraflı məlumat verdi.

İclasda Hesablama Palatasının sədri Heydər Əsədovun ötən ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyi dinlənildi. H.Əsədov bildirdi ki, ötən il dövlət strukturlarının atdığı çevik və adekvat addımlar sayəsində ölkədə maliyyə böhranı hiss olunmayıb. Hesablama Palatası büdcə şəffaflığının artırılması istiqamətində lazımi iş aparmışdır.

Parlamentin İqtisadi siyasət komitəsinin üzvlərindən Vahid Əhmədov, Əli Məsimli, Nazim Məmmədov və Rüfət Quliyev bu məsələ ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər. Maliyyə naziri deputatları maraqlandıran məsələlərə və təkliflərə münasibət bildirdikdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.

İclasda "Azərbaycan Respublikası Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununa və "Azərbaycan Respublikasının Milli Bankı haqqında" Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişiklik edilməsi barədə", "Saxta və keyfiyyətsiz malların idxal edilməsinə, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında", "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"yə əlavə və dəyişiklik edilməsi barədə" qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2009.- 21 may.- S. 4.