Ombudsmanın səlahiyyət müddətinin artırılması
məsələsi parlamentdə
müzakirə olunacaqdır
Mayın 20-də Milli Məclisin
Hüquq siyasəti və dövlət quruculuğu və
İnsan hüquqları komitələrinin birgə iclası
keçirildi. İclası açan parlamentin Hüquq siyasəti
və dövlət quruculuğu komitəsinin sədri Əli
Hüseynov gündəlikdəki birinci məsələnin
"Azərbaycan Respublikasının İnsan hüquqları
üzrə müvəkkili (Ombudsman) haqqında" Konstitusiya
Qanununa dəyişikliklər edilməsi barədə qanun
layihəsi olduğunu diqqətə çatdırdı. Əli
Hüseynov bildirdi ki, dəyişikliyə əsasən bu
qanunun 4.2-ci maddəsində əksini tapan bir nəfərin
yalnız bir dəfə Ombudsman seçilə bilməsi
normasının "eyni şəxs iki dəfədən artıq
seçilə bilməz" redaksiyasında verilməsi təklif
olunur.
Qanunun 4.3-cü maddəsindəki
düzəliş isə müvəkkilin fəaliyyətində
praktik halda meydana çıxa biləcək boşluğun
aradan qaldırılmasına xidmət edir. Əli Hüseynovun
sözlərinə görə, bu, Ombudsmanın fəaliyyətinin
davamlılığını təmin edən əlavə
düzəlişdir.
Müzakirələr
zamanı deputat Qüdrət Həsənquliyev Ombudsmanın səlahiyyət
müddətinin məhdudlaşması ilə
razılaşmadığını qeyd etdi. Deputat Rafael Cəbrayılov
isə xalqın aktiv seçki hüququna məhdudiyyətin
qoyulmasını düzgün hesab etmədi. Onun sözlərinə
görə, zaman keçdikcə qanunlara, insan
hüquqlarına yeni prizmadan yanaşmaq zərurəti ortaya
çıxır.
Müzakirələrin
sonunda qanun layihəsi Milli Məclisin plenar iclasının
müzakirəsinə tövsiyə edildi.
İclasda Əli
Hüseynov "Azərbaycan Respublikasının
Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər
və əlavələr edilməsi haqqında" qanun layihəsini
də müzakirəyə təqdim etdi.
Layihənin Azərbaycan
Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında
Milli Məclisə təqdim olunduğunu deyən komitə sədri
onu da əlavə etdi ki, Məcəlləyə dəyişikliklə
bağlı Azərbaycan Respublikası Ali Məhkəməsində
uzun müddətdir ki, işçi qrup yaradılıb. Bu
prosesə sonrakı mərhələdə alman mütəxəssislər
də cəlb olunub.
İclasda iştirak edən
Ali Məhkəmənin hakimi Əsəd Mirzəliyev əlavə
və dəyişikliklərin mahiyyəti barədə məlumat
verdi. Qanun layihəsi parlamentin plenar iclasına tövsiyə
edildi.
İclasda "Polis
haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə
edilməsi barədə" qanun layihəsi də müzakirə
edildi. Qanuna təklif olunan əlavəyə əsasən,
yaşayış yeri üzrə ictimai asayişin və təhlükəsizliyin
təmin edilməsi ilə bağlı yaranan sosial problemlərin
birgə həlli üçün ayrı-ayrı şəxslər
könüllülük əsasında ictimai asayişin və
təhlükəsizliyin təmin olunması işinə cəlb
edilə bilər. Bu işdə iştirak edən şəxslərin
fəaliyyətinin əlaqələndirilməsi
üçün yerli polis orqanlarının yanında ictimai
şuralar yaradılacaq.
Komitə sədri Əli
Hüseynov bildirdi ki, ictimai şuraların yaradılması
polisin işinə kömək edəcək. Hazırda polis
orqanlarında ictimai şuraların yaradılması
üçün hazırlıq işləri başa
çatmaq üzrədir. Könüllü ictimai fəaliyyət
hüquqazidd və cəmiyyətə qarşı hörmətsiz
davranışın qarşısının alınması məqsədi
ilə maarifləndirmə və təbliğat işinin
aparılması, narkomaniyanın və alkoqolizmin, həmçinin
yetkinlik yaşına çatmayanların
baxımsızlığının və hüquq
pozuntularının profilaktikası, cinayətlərin və
digər hüquqpozmaların qarşısının
alınmasını, araşdırılmasını təmin
etmək məqsədilə zəruri məlumatların polis
orqanlarına verilməsi istiqamətlərini əhatə edəcək.
Qanun layihəsi Milli Məclisin
plenar iclasının müzakirəsinə tövsiyə
edildi. İclasda "Dövlət qulluğu haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə edilməsi barədə",
"Azərbaycan Respublikası Mülki Məcəlləsinə,
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə,
"Banklar haqqında" Azərbaycan Respublikasının
Qanununa və "Azərbaycan Respublikasının Milli
Bankı haqqında" Azərbaycan Respublikasının
Qanununa əlavələr və dəyişiklik edilməsi barədə",
"Saxta və keyfiyyətsiz malların idxal edilməsinə,
habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara
görə məsuliyyətin gücləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə
əlavələr və dəyişikliklər edilməsi
haqqında" qanun layihələri Milli Məclisin plenar
iclasına tövsiyə edildi.
Anar RASİMOĞLU
Azərbaycan.- 2009.- 21 may.-
S. 4.