Naxçıvan müstəqillik və dövlətçilik uğrunda mübarizənin ön cərgəsində olub

 

"Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz bir hissəsi kimi milli azadlıq uğrunda, dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada olmuş, təşəbbüskar olmuşdur".

 

Heydər ƏLİYEV

 

 

Xalqımız müstəqil Azərbaycanın dilbər güşəsi - Naxçıvan Muxtar Respublikasının yaradılmasının 85 illik yubileyini qeyd edir. Qədim tarixə malik Naxçıvan diyarı Azərbaycan dövlətçiliyinin formalaşmasında, XX əsrin sonunda mübarizələrlə dolu şanlı tarixə malik xalqımızın yenidən öz müqəddəs amalına - istiqlalına qovuşmasında əvəzsiz xidmətlər göstərmişdir. Muxtar respublikasının 85 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2009-cu il 6 fevral tarixli sərəncamında bu barədə deyilir: "Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan diyarı çətin, mürəkkəb və eyni zamanda, parlaq inkişaf yolu keçmişdir...

Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir".

Naxçıvanın yetişdirdiyi görkəmli şəxsiyyətlər Azərbaycan elminin və mədəniyyətinin inkişafında mühüm rol oynamış, milli dövlətçilik tariximizə öz adlarını əbədi həkk etmişlər. Bütün türk dünyasının nadir tarixi simalarından sayılan, zəmanəsinin qüdrətli siyasətçiləri ilə bir sırada dayanan görkəmli dövlət xadimi, müstəqilliyimizin memarı ulu öndər Heydər Əliyev məhz mayası Vətənə və xalqa məhəbbətdən yoğrulmuş Naxçıvan torpağının yetirməsidir.

Heç də təsadüfi deyildir ki, Azərbaycanın bu bölgəsinin ən yeni tariximizdə dirçəlişi və inkişafı məhz ulu öndərin adı ilə bağlıdır. 1969-cu ildə Heydər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə Azərbaycan və onun tərkib hissəsi olan Naxçıvan MR həqiqi inkişaf yoluna qədəm qoydu. Bugünkü müstəqil dövlətimizin siyasi, iqtisadi və mədəni inkişafının potensialı məhz 1969-82-ci illərdə yaradılmışdır. Bu dövrdə Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan MR də əsl quruculuq, yüksəliş yolu keçdi, 3500 illik tarixinin maddi və mənəvi intibah dövrünü yaşadı.

1969-cu ildən sonra Naxçıvan MR-də tikinti-quruculuq işlərinin həcmi ölçüyəgəlməz dərəcədə artmışdır. Həmin illərdə ölkənin rəhbəri kimi Heydər Əliyevin Naxçıvana hər gəlişi mühüm sosial obyektlərin, yaşayış sahələrinin istifadəyə verilməsi ilə əlamətdar olmuşdur. Onun tapşırığı, diqqət və qayğısı ilə Naxçıvan şəhərində dəmir-beton məmulatı zavodu, evtikmə kombinatı, üzlük plitələr zavodu, qum-çınqıl karxanası, Babək və Şərur rayonlarında tikinti materialları müəssisələri, Naxçıvanda asfalt zavodu və başqa mühüm obyektlər həyata vəsiqə aldı. Bütün bunların nəticəsində muxtar respublikanın ərazisində yeni yaşayış massivləri, mikrorayonlar salınmış, yüzlərlə sosial təyinatlı obyektlər tikilib istifadəyə verildi. Çox təəssüf ki, sonralar SSRİ kimi böyük bir məkanda gedən proseslər Naxçıvana da öz mənfi təsirini göstərdi. Yalnız Heydər Əliyev müstəqillik dövründə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra bu sahədə vəziyyət müsbətə doğru dəyişdi.

XX əsrin əvvəlində Naxçıvan sənayesi cəmi bir neçə yarımkustar emalatxanadan ibarət idisə, bu gün burada müasir tipli onlarca iri müəssisə fəaliyyət göstərir. Ümumiyyətlə, bu qədim diyarın sənayesi son 40 il ərzində müxtəlif sahələr üzrə ixtisaslaşdırılmışdır. O, daş, duz, travertin, ipək, konserv, şüşə, mineral sular, elektrik avadanlığı, xalçaçılıq, alt trikotaj və bir sıra başqa məhsullarla ölkənin vahid sənaye kompleksinə layiqli töhfə verir. Muxtar respublikanın zəngin təbii sərvətləri burada sənayenin daha sürətli inkişafı üçün geniş perspektivlər açır.

Naxçıvanda tütün fermentləri, alüminium qablar, elektrotexnika, "Araz" təcrübə zavodları, taxıl, ət və süd kombinatları, Ordubadda, Şərurda konserv müəssisələri, Şahbuzda avtotəmir, Şərur rayonunda radio və Ordubadda elektron zavodlarının tikilib istifadəyə verilməsi nəticəsində minlərlə insan işlə təmin olunmuşdur.

Ötən əsrin 80-ci illərinin sonunda keçmiş Sovetlər İttifaqının hər yerində olduğu kimi, Azərbaycanda da ictimai-siyasi vəziyyət olduqca gərgin idi. Dünyaya meydan oxuyan böyük bir imperiya artıq çökürdü. SSRİ sərhədlərinin Azərbaycana aid hissəsində dirəklərin sökülməsi Moskvanı bərk hiddətləndirmişdi. Belə bir vaxtda mərkəz Azərbaycan xalqının azadlıq istəyini boğmaq üçün imperiya qoşunlarını Bakıya yeridərək qanlı 20 Yanvar qırğınını törətdi. Bu faciəyə qədər artıq Naxçıvanın Ermənistanla sərhədində ermənilər rus qoşunlarının köməyi ilə muxtar respublikaya hücuma keçmişdilər. Heç kimdən kömək görməyən, blokadaya alınmış Naxçıvanda həmin il yanvarın 19-da xalqın tələbi ilə muxtar respublikanın Ali Sovetinin sessiyası çağırıldı. Sessiyada muxtar respublikasının Sovet İttifaqının tərkibindən çıxması haqqında qərar qəbul olundu. Bu, keçmiş İttifaqda misli görünməmiş bir hadisə idi. Bu dövrdə Naxçıvanda baş verən hadisələr ulu öndər Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında fərmanında (4 fevral 1999-cu il) belə xarakterizə olunmuşdu: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasına hücum etmiş, qan tökülmüş və erməni quldur dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişdir.

Ermənistanın apardığı təcavüzkarlıq siyasəti nəticəsində vaxtilə ümumqoşun şəbəkəsinə daxil olan, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsilmiş, Naxçıvana Azərbaycandan təcrid olunmuş vəziyyətdə, blokada şəraitində yaşamaq taleyi qismət olmuşdur.

Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslər öz müsbət təsirini göstərdi".

Belə bir vaxtda türk-müsəlman xalqlarının lideri sayılan, artıq İttifaq rəhbərliyindən istefa vermiş Heydər Əliyevə qarşı məkrli planlar işə salındı. O, Moskvanın bütün təzyiqlərinə baxmayaraq xalqı ilə birlikdə olmaq, Azərbaycana qayıtmaq istəyini gizlətmirdi. Xalqının taleyinə biganə qala bilməyən böyük siyasətçi ciddi təhlükələrə rəğmən 1990-cı il iyunun 20-də Vətənə döndü. Lakin onun Bakıda yaşamasına imkan verilmədi və iyulun 22-də Heydər Əliyev doğulub boya-başa çatdığı Naxçıvana getdi. Sonralar Heydər Əliyev bu dövrü belə xatırlayırdı: "O vaxt mən Azərbaycana gəlməyə çox can atdım. Hər vəchlə mənim qarşımı aldılar, çox maneələr törətdilər, hətta bunu mənə qadağan etdilər, inzibati təzyiq tədbirlərinə əl atdılar. Buraya gəlməyimi nə Sovetlər İttifaqının o vaxtkı rəhbərliyi istəyirdi ("istəyirdi" demək olmaz, buna qəti etiraz edirdi), eyni zamanda, Azərbaycan Respublikasının o vaxtkı rəhbərliyi buna etiraz edirdi.

O vaxt mən adi bir vətəndaş idim. Şübhəsiz, vətəndaş kimi istədiyim yerə gedə bilərdim. Axı, mən xaricə getmək istəmirdim. Sovetlər İttifaqı dövlət idi, onun daxilində istədiyim yerə gedə bilərdim, o cümlədən doğulduğum, yaşadığım, işlədiyim vətənimə də qayıda bilərdim. Ancaq onlar mənim hüquqlarımı tamamilə pozdular, dağıtdılar, tapdaladılar".

Naxçıvan əhalisi Heydər Əliyevi böyük izdihamla qarşıladı. Xalqın mənəvi sıxıntı məngənəsində boğulduğu, iqtisadi, siyasi, sosial, hərbi və mənəvi böhran keçirdiyi bir dövrdə onun Naxçıvana qayıtması respublika əhalisində böyük ruh yüksəkliyi, gələcəyə inam yaratdı. Belə bir şəraitdə Heydər Əliyev böyük qurtuluş savaşının Naxçıvan cəbhəsindən Azərbaycanın azadlıq mücadiləsinə qalxdı. Onun rəhbərliyi ilə Naxçıvan Azərbaycanın dövlət müstəqilliyinə doğru irəliləməsində bayraqdar rolunu öz üzərinə götürərək bu vəzifənin öhdəsindən ləyaqətlə gəldi. Sonralar Heydər Əliyev Naxçıvana səfəri zamanı o dövrü belə xarakterizə edirdi: "1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim böyük həyatımda həqiqətən, xüsusi yer tutur. Şübhəsiz ki, o illər biz sizinlə birlikdə Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, bəlkə də böyük faciələrdən birlikdə xilas etdik. Bu, hamımızın birlikdə tarixi nailiyyətidir. Mən sizinlə bir idim, siz də mənimlə bir idiniz və bizim birliyimiz, dəyanətimiz, dözümlülüyümüz, fədakarlığımız Naxçıvan Muxtar Respublikasının əhalisini o ağır dövrdən, demək olar ki, müvəffəqiyyətlə keçirdi. O dövr böyük sınaq dövrü oldu, naxçıvanlıların böyük bir sınaqdan keçməsi dövrü oldu, insanların öz torpağına, vətəninə sədaqətinin sınaqdan keçməsi oldu. Mənim üçün sınaq dövrü oldu və sizin üçün də sınaq dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq".

Heydər Əliyevin yenidən siyasi səhnəyə qayıtmasından qorxuya düşmüş odövrkü hakimiyyət bu parlaq şəxsiyyətə qarşı hər cür çirkin əməllərə rəvac verir, onun əleyhinə açıq-aşkar kampaniyalar təşkil edirdi. Lakin heç bir təzyiq və təqib böyük Vətən oğlunu öz amalından döndərə bilmədi. 1990-cı il sentyabrın 30-da Azərbaycan SSR xalq deputatlarının və yerli xalq deputatları sovetləri deputatlarının seçkiləri zamanı əhali bu böyük siyasətçini birmənalı şəkildə dəstəklədi. Seçkilərin birinci turunda Heydər Əliyev 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR xalq deputatı, 2 nömrəli M.F.Axundov seçki dairəsindən isə Naxçıvan MSSR xalq deputatı seçildi.

Heydər Əliyev müdrik siyasətçi kimi İttifaqın dağılacağını qabaqcadan görür və Azərbaycanın müstəqillik ulduzunun yenidən parlayacağına qəlbən inanırdı. Belə bir ağır vaxtda o, Naxçıvanda milli dövlətçilik ənənələrini bərpa etməyə başladı. 1990-cı il noyabrın 17-də muxtar respublikanın qanunvericilik orqanında məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırıldı. Naxçıvan parlamentinin Heydər Əliyevin sədrliyi ilə keçən həmin tarixi sessiyasında muxtar respublikanın rəsmi adından "Sovet Sosialist" sözləri çıxarıldı, qanunvericilik hakimiyyəti orqanının adı dəyişdirilərək "Ali Məclis" adlandırıldı. Bunun ardınca 1991-ci il fevralın 5-də Azərbaycan parlamenti də respublikanın adının dəyişməsi və dövlət bayrağı haqqında qərar qəbul etdi. Bu dövrdə, sözün həqiqi mənasında, Naxçıvan parlamenti Azərbaycanın ali qanunverici orqanı üçün nümunə idi. Sonralar o dövrü Heydər Əliyev belə qiymətləndirdi: "1990-1991-ci illərdəE müstəqillik yolunda mübarizə aparan adamlar Naxçıvan əhalisinin, demək olar ki, əksəriyyətini təşkil edirdi.

Naxçıvanın müstəqillik, milli azadlıq əhval-ruhiyyəsi bütün Azərbaycana təsir edirdi. Məhz bunların nəticəsində Naxçıvan bir çox ciddi addımlar atdı və nəhayət, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əldə edilməsində Naxçıvan Respublikası öz xidmətlərini göstərdi".

Heydər Əliyevin və demokratik qüvvələrin ciddi etirazlarına baxmayaraq 1991-ci il martın 7-də respublikanın Ali Sovetində SSRİ-nin saxlanması barədə referendumda Azərbaycanın iştirak etməsi haqqında qərar qəbul olundu. Yalnız Heydər Əliyevin iradəsi nəticəsində Naxçıvanda referendum keçirilmədi. Ulu öndər deyirdi: "Naxçıvan parlamenti özünün sessiyalarında Azərbaycanın müstəqilliyi barəsində dəfələrlə məsələ qaldırıb. Naxçıvan 17 martda - yeni ittifaq yaranması haqqında referendumda iştirak etməyib və yeni ittifaqın yaranmasının əleyhinədir, Azərbaycan Respublikasının yeni bir ittifaqa girməsinin tamamilə əleyhinədir".

Ötən əsrin 90-cı illərinin əvvəllərində Heydər Əliyev imperiyanın qorunub saxlanmasına çalışan qüvvələrə, ilk növbədə, Kommunist Partiyasına açıq etirazını bildirərək, 1991-ci il iyulun 19-da partiya sıralarından çıxdı. Həmin il avqustun 26-da Naxçıvan ərazisində Azərbaycan Kommunist Partiyasının fəaliyyəti dayandırıldı, onun bütün strukturları ləğv edildi.

Zaman Heydər Əliyevin haqlı olduğunu sübut etdi. O dövrdə baş verən proseslərin məntiqi nəticəsi kimi 1991-ci il oktyabrın 18-də Azərbaycanın Ali Soveti "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul etdi.

1991-ci il sentyabrın 3-də Naxçıvanda yaşayan Heydər Əliyev əhalinin ciddi təkidi ilə muxtar respublikanın Ali Məclisinə sədr seçilməyə razılıq verdi. O, muxtar respublikaya başçılıq etməyə başladığı ilk gündən təcili tədbirlər görməyə başladı. 1991-ci il sentyabrın 7-də Naxçıvanın Dövlət Müdafiə Komitəsi təşkil olundu, dekabrın 16-da muxtar respublikanın Ali Məclisi hər il dekabr ayının 31-nin "Dünya azəri türklərinin həmrəylik və birlik günü" kimi bayram olunması barədə qərar qəbul etdi. 1992-ci il yanvarın 13-də Ali Məclis qanlı 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsini tələb edən bəyanat qəbul etdi. 1992-ci ilin martın 24-də Ankarada Naxçıvan Muxtar Respublikası və Türkiyə Cümhuriyyəti arasında əməkdaşlıq protokolu imzalandı. "Qars müqaviləsi"nin şərtlərinin yerinə yetirilməsi ilə bağlı Türkiyə tərəfi ilə danışıqlar aparıldı. Türkiyə hökuməti Ermənistanın Naxçıvana təcavüzü ilə əlaqədar bəyanat verdi. Sonralar Naxçıvan Ali Məclisinin üzvləri ilə görüşündə (31 dekabr 1996-cı il) Heydər Əliyev bu barədə deyirdi: "1920-ci ilin dekabr ayında Ermənistanda sovet hakimiyyəti qurulan zaman Azərbaycan hökumətinin adından bəyan edilmişdi ki, Zəngəzur və Naxçıvan qəzaları Ermənistanın tərkibinə verilir. Sonra ermənilər həm Naxçıvana, həm də Dağlıq Qarabağa çox iddia etdilər. Məhz buna görə də Naxçıvanın Azərbaycanın tərkibində olması üçün 1921-ci ildə referendum keçirildi və Naxçıvan əhalisinin 90 faizi Naxçıvanın Azərbaycanın tərkibində olmasına səs verdi. Onun məhz Azərbaycanın tərkibində olmasını bir daha təsdiq etmək üçün...

1921-ci ilin mart ayında Moskva müqaviləsi və 1921-ci ilin oktyabr ayında Qars müqaviləsi bağlanmışdır. 1990-cı ildə və ondan sonrakı dövrdə Naxçıvanda bu müqavilələr səsləndi, insanlar bu sənədləri yada saldılar və həmin müqavilələrdən istifadə etdilər. 1992-ci ilin mart ayında mən Naxçıvanda Ali Məclisin Sədri olarkən Türkiyəyə səfər etdiyim zaman orada mərhum prezident Turqut Özalla, ovaxtkı baş nazir Süleyman Dəmirəllə danışıqlarımızda həmin Qars və Moskva müqavilələrini biz çox geniş səsləndirdik".Heydər Əliyevin təşəbbüsü ilə 1992-ci ilin avqustunda "İran İslam Respublikası ilə müxtəlif sahələrdə əməkdaşlıq haqqında" sənəd imzalandı. Naxçıvan aeroportu yenidən quruldu. Culfa və Şahtaxtı-Poldəşt keçid məntəqələri inşa olundu. Muxtar respublika üçün həqiqətən, həyati əhəmiyyət kəsb edən, xalq arasında "Ümid körpüsü" adlandırılan Sədərək körpüsü tikildi.

1993-cü il fevralın 5-də Naxçıvanda Türkiyənin, martın 8-də isə İranın konsulluqları fəaliyyətə başladılar. Heydər Əliyev ABŞ-ın, Türkiyənin, İngiltərənin, Fransanın səfirləri ilə keçirdiyi görüşlərdə dünya dövlətlərinin diqqətini Azərbaycandakı vəziyyətə cəlb edə bildi.

Heydər Əliyevin Naxçıvanda yerləşən sovet ordusunun hissə komandanlıqları və Rusiya dövlətinin rəhbərliyi ilə apardığı gərgin danışıqlar nəticəsində 75-ci motoatıcı diviziya və 441-ci sərhəd dəstəsi öz əmlaklarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verərək Naxçıvan ərazisini tərk etdilər.

 Muxtar respublikada çətin və mürəkkəb şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq Heydər Əliyev Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin vəziyyəti ilə yaxından maraqlanırdı. Onun təşəbbüsü ilə 1992-ci ildə Naxçıvanda görkəmli Azərbaycan şairi Hüseyn Cavidin 110 illik yubileyi böyük təntənə ilə qeyd edildi. A.Mütəllibovdan sonra iqtidara gəlmiş AXC hakimiyyəti dövründə Naxçıvana qarşı təzyiqlər daha da artdı. Hətta iş o yerə gəlib çatmışdı ki, AXC-Müsavat iqtidarı Naxçıvan MR-in statusunun dəyişdirilməsi üçün yollar arayırdı.

1992-ci il iyunun 17-də Naxçıvan MR Ali Məclisinin Rəyasət Heyətinin iclasında çıxış edən Heydər Əliyev Bakının rəsmi dairələrində Naxçıvanın statusunun dəyişdirilməsi ilə bağlı təklifləri ermənilərin işğalçılıq siyasəti ilə eyniləşdirərək bu məsələyə özünün birmənalı münasibətini bildirdi: "Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaqdır".

Cəbhəçilər unudurdular ki, Naxçıvanın statusu beynəlxalq müqavilələrlə müəyyənləşdirilmişdir. Və onların bu məsələyə göstərdikləri cidd-cəhdlər ən azı gülünc görünürdü. Onlar Heydər Əliyevin nüfuzuna qısqanclıqla yanaşırdı. Ancaq xalqın taleyinə biganə qala bilməyən ziyalılar, sadə zəhmət adamları başa düşürdülər ki, ölkəni gözləyən fəlakətlərdən ancaq Heydər Əliyev müdrikliyi xilas edə bilər. Bu məqsədlə onlar Heydər Əliyevin rəhbərliyi altında yeni bir siyasi partiyanın yaradılması barədə müraciətlər etdilər.

Bundan narahat olan Xalq Cəbhəsinin silahlı qüvvələri 1992-ci il oktyabrın 24-də Naxçıvanda çevriliş etməyə, Heydər Əliyevi tutduğu vəzifədən devirməyə cəhd göstərdilər. Bu, müstəqillik tariximizdə ilk dövlət çevrilişinə cəhd idi. Heydər Əliyev xalqın dəstəyinə arxalanaraq dövlətçiliyə balta vurmaq istəyənlərin məkrli niyyətlərinin qarşısını aldı. Odövrkü iqtidarın bütün təqib və təzyiqlərinə baxmayaraq, 1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Heydər Əliyevin adı ilə bağlı olan bu partiya yeganə siyasi qurum idi ki, onun təsis konfransı paytaxtda - Bakıda deyil, ölkənin blokada şəraitində olan bir bölgəsində keçirilirdi. YAP tezliklə təşkilatlandı və respublikanın siyasi arenasında öz dəst-xətti olan nüfuzlu bir qüvvəyə çevrildi və tezliklə iqtidar partiyası oldu.

 Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ölkənin bu bölgəsini daim diqqət mərkəzində saxlamış, blokada şəraitində olan Naxçıvanın dirçəlişi və inkişafı üçün qüvvə və bacarığını əsirgəməmişdir. Heç də təsadüfi deyildir ki, müstəqil Azərbaycanın yeni Konstitusiyasının layihəsi hazırlanarkən ulu öndər bu diyarın statusu məsələsinə xüsusi önəm verirdi. Konstitusiya Komissiyasının iclasında o, birmənalı şəkildə bildirmişdir: "Naxçıvan muxtariyyəti tarixi nailiyyətdir və biz bunu qoruyub saxlamalıyıq".

1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə qəbul edilən ölkənin Əsas Qanununda Naxçıvan MR-ə Azərbaycanın tərkibində muxtar dövlət statusu verildi. Əgər Moskva və Qars müqavilələri ilə Naxçıvanın tarixi-hüquqi statusu müəyyənləşmişdirsə, müstəqillik dövründə qəbul olunan Konstitusiya ilə Naxçıvanın statusu yeni hüquqi məna kəsb etdi.

Bu gün ölkə Prezidenti İlham Əliyev də əsası ulu öndər tərəfindən qoyulmuş siyasi xətti uğurla davam etdirir. Muxtar respublikaya səfərləri çərçivəsində keçirdiyi görüşlərin birində dövlət başçısı naxçıvanlılara xitabən belə deyib: "Xalqımızın ümummilli lideri Heydər Əliyev Naxçıvana çox diqqətlə yanaşırdı. Ona görə yox ki, burada anadan olmuşdu, bura onun vətəni idi. Ona görə ki, siyasi xadim kimi Naxçıvanın Azərbaycan üçün əhəmiyyətini çox gözəl başa düşürdü".

Dövlət müstəqilliyinin bərpa edildiyi vaxtdan keçən dövr ərzində Azərbaycanın, o cümlədən onun ayrılmaz hissəsi olan Naxçıvan MR-in iqtisadi-siyasi və sosial həyatında mühüm dəyişikliklər baş vermişdir. Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində bu gün qazanılmış uğurların miqyası və əhatə dairəsi xeyli genişlənmişdir.

"Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2004-2008-ci illər)" və regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş digər sənədlərdə nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası ölkənin, o cümlədən Naxçıvanın da inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı oldu. Qeyri-neft sektorunun davamlı inkişafı təmin edildi, yeni iş yerləri və müəssisələr yaradıldı, sosial infrastrukturun keyfiyyəti yüksəldi, sahibkarlıq mühiti yaxşılaşdı. Ölkə iqtisadiyyatının dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq məqsədi ilə Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında bu il aprelin 14-də imzaladığı fərman respublikamızın, o cümlədən müstəqil Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının gələcək iqtisadi yüksəlişindən xəbər verir.

Bu gün blokada şəraitində olmasına baxmayaraq, ölkə rəhbərliyinin apardığı genişmiqyaslı quruculuq işləri sahəsində Naxçıvan MR sürətlə inkişaf edən bölgəyə çevrilmişdir. Burada dövlət büdcəsi hesabına və Heydər Əliyev Fondunun xətti ilə 80-dən çox məktəb binası tikilib istifadəyə verilmiş, müasir avadanlıqlarla təmin edilmişdir. Muxtar respublikada diaqnostika müalicə mərkəzi, Olimpiya kompleksi inşa edilmişdir. Naxçıvanda modul tipli elektrik stansiyası quraşdırılmış, Vayxır su anbarı üzərində elektrik stansiyası yaradılmış, ulu öndərin adını daşıyan Naxçıvan Hərbi Liseyi tamamilə yenidən qurulmuşdur. Son illərdə burada tikilən binalar, çəkilən yollar, yeni istifadəyə verilmiş məktəblər, səhiyyə ocaqları, mədəniyyət müəssisələri diyarın simasını tamamilə dəyişmişdir. İqtisadiyyatda müşahidə olunan sürətli artım tempi sosial sahənin inkişafına da öz təsirini göstərmiş, yeni iş yerlərinin açılması ilə əhalinin həyat səviyyəsi xeyli yüksəlmişdir. Blokada ilə əlaqədar mövcud çətinliklərə baxmayaraq Naxçıvan MR Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq prosesində özünün fəal iştirakı ilə müstəqil dövlətimizin daha da möhkəmlənməsinə, dünya birliyində öz layiqli yerini tutmasına mühüm töhfələr verir. Bəli, Naxçıvan diyarı öz tarixi missiyasını bu gün də şərəflə yerinə yetirir.

Prezident İlham Əliyev Naxçıvan MR-in milli tariximizdə rolunu belə xarakterizə etmişdir: "Naxçıvanın çox zəngin dövlətçilik tarixi vardır. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan qədim diyardır... Bütün dövrlərdə Naxçıvan Azərbaycan üçün dayaq olmuş, arxa olmuşdur".

 

 

Eldar İBRAHİMOV,

Milli Məclisin Aqrar siyasət

komitəsinin sədri, iqtisad elmləri

namizədi, dosent

 

Azərbaycan.- 2009.- 21 may.- S. 5.