Səfirlikdən gələn məktub

 

O, 1943-cü ildə Ukraynanın Kremençuk ərazisi uğrunda vuruşlardan birində ağır yaralanaraq huşsuz halda əsir düşmüş, əvvəlcə Almaniyada, sonra isə Fransada məşəqqətli günlər yaşamışdı. Həmin vaxtlarda fiziki və mənəvi əzab-əziyyətlərə məruz qalan döyüşçü əsirlikdən qurtulmaq, faşizmə qarşı mübarizə aparan partizan hərəkatına qoşulmaq üçün plan cızır və istəyinə çatır. Fransadakı koloniyaların birindən qaçaraq buradakı Milli Müqavimət Hərəkatına qoşulur.

Haqqında söhbət açdığımız Qasımağa Qasımov müharibədən sonra doğma kəndindəki kolxozda işlədi. O dövrdə indiki texnika yox idi. İşlərin çoxu əl ilə görülür, biçilmiş taxıl dərzləri arabalarla kolxozun xırmanına daşınır, ata qoşulmuş vəllərlə döyülüb sovrulurdu. Su kanalları əllə qazılıb təmizlənir, ot tayaları əllə qurulurdu. Hələ gənc yaşlarında ad-san çıxaran kolxoz sədri Qüdrət Səmədovla işləmək, onun tapşırıqlarını yerinə yetirmək heç də asan deyildi. Q.Qasımov təhsilini də yaddan çıxarmadı. İşləyə-işləyə qiyabi yolla Salyan Kənd Təsərrüfatı Texnikumunun aqronomluq şöbəsini bitirdi.

Gecə-gündüz işləməsinə baxmayaraq, qabaqcıllara orden-medallar, mükafatlar veriləndə o, "yaddan" çıxırdı. Kənddə müəllim işləyən oğlu Firdovsinin də üzünə atası əsirlikdə olduğuna görə bir çox qapılar bağlı qalmışdı. Amma Qasımağa kişi heç bir qapını döymədi, heç kimi narahat etmədi, başını aşağı salıb sadə kəndli əməyi ilə məşğul oldu.

İllər keçdi, Azərbaycan müstəqilliyə qovuşdu. Dünyanın bir çox ölkələrinin, eyni zamanda, Fransanın respublikamızda səfirliyi açıldı. Əsl həqiqət 1997-ci ildə Q.Qasımova Fransa səfirliyindən gələn məktubdan sonra üzə çıxdı. Məktubda onun səfirliyə gəlməsi xahiş olunurdu. Diplomatik korpusun nümayəndələri onu mehribanlıqla qarşılayıb Fransanın azadlığı uğrunda mübarizədə yaxından iştirak etdiyinə görə öz təşəkkürlərini bildirdilər. Həmin vaxtdan etibarən keçmiş döyüşçü hər il 14 iyul - Fransanın Müstəqillik Günü münasibəti ilə keçirilən bayram tədbirlərinə dəvət alır. Bundan sonra Q.Qasımov mənəvi rahatlıq tapdı. Heç nəyin, heç kimin unudulmadığını şəxsi taleyində görüb uşaq kimi sevindi. Hətta Fransanın Bakıdakı baş konsulu Jan Lui Jilber onun 80 illik yubileyində iştirak etmək üçün yaşadığı Salyan rayonunun Sarvan kəndinə gəldi.

Bu günlərdə oğlu Firdovsi müəllimlə söhbətimiz zamanı o bildirdi ki, atası ulu öndər Heydər Əliyevlə görüşünün ömrünün ən xoş və mənalı günü olduğunu həmişə iftixar hissi ilə deyirdi. İlk görüş 1999-cu ilin iyul ayının 14-də Gülüstan sarayında Fransanın Müstəqillik Gününə həsr olunmuş mərasimdə baş vermişdi. Tədbir qurtardıqdan sonra ulu öndər veterenlarla bir-bir görüşüb onların arzu və istəklərini öyrənirdi. Veteranların bir çoxu mənzil, şəxsi problemlərindən danışırlar. Q.Qasımov ümummilli liderdən imkan daxilində müharibə veteranlarının pensiyalarının artırılmasını xahiş edir. Heydər Əliyev üzünü veteranlara tutaraq: - Siz hamınız öz problemlərinizdən danışdınız, bu kişi isə bütün veteranlara aid olan mühüm bir məsələyə toxundu - dedi.

Sonra Heydər Əliyev əlini Qasımağa kişinin çiyninə qoyaraq hansı rayondan olduğunu soruşdu. Biləndə ki, o, Salyan rayonunun Sarvan kəndindəndir, azacıq fikrə gedərək 1971-ci ildə orada pambıqçılarla görüşdüyünü, o zaman kolxoz sədrinin Sosialist Əməyi Qəhrəmanı Qüdrət Səmədov olduğunu xatırladı. Elə həmin il müharibə veteranlarının pensiyası iki dəfə artırıldı. Fransa Milli Müqavimət Hərəkatının iştirakçısı Q.Qasımovun ulu öndərlə ikinci görüşü 2000-ci ildə yenə də Fransanın Müstəqillik Günündə oldu. Bayram şənliyində Amerika, Rusiya, Böyük Britaniya, Türkiyə və digər ölkələrin diplomatları iştirak edirdilər. Heydər Əliyev tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsinin acı nəticələrindən, fəlakətlərindən ətraflı danışaraq problemin sülh yolu ilə həll olunması üçün əlindən gələni etdiyini bildirdi. Bundan sonra icazə istəyib söz alan Qasımağa kişi üzünü səfirlərə tutaraq dedi ki, İkinci dünya müharibəsində qüdrətli, güclü dövlətlər birləşərək dünyanı faşizm taunundan xilas etdi. İndi heç nəyi olmayan, kasıb və miskin Ermənistan öz havadarlarının köməyi ilə meydan sulayır.

Azərbaycanda öz dədə-baba torpağından qovulmuş 1 milyondan çox qaçqın və köçkün vardır, torpağının 20 faizi ermənilər tərəfindən zəbt edilmişdir. Sülhdən, ədalətdən, demokratiyadan dəm vuran ölkələr niyə buna qarşı susur, etirazlarını bildirmirlər?! Ulu öndər Q.Qasımovun cəsarətli çıxışını bəyənib onun əlini sıxdı.

Q.Qasımov 2008-ci il dekabrın 24-də 89 yaşında haqq dərgahına qovuşmuşdur. İndi də onun ömründən acılı-şirinli xatirələr qalmışdır. Övladları, nəvələri, yaxınları, el-obası Qasımağa kişini tez-tez yad edir, ulu öndər Heydər Əliyev kimi tarixi şəxsiyyətlə bir neçə dəfə görüşdüyündən qürur hissi duyurlar.

 

 

Seyran CAVADOV

 

Azərbaycan.- 2009.- 21 may.- S. 5.