Kitaba həsrət oxucu, yoxsa oxucuya
həsrət kitabxanalar
Böyük fransız
yazıçısı Viktor Hüqo yazırdı ki, "Bəşəriyyətin
ən dəyərli kəşfi məhz kitabdır". Dahi
mütəfəkkirin mənəvi aləmindən rişələnən
bu fikir qloballaşmanın qaçılmaz həyat gerçəkliyinə
çevrildiyi bizim günlərdə belə,
aktuallığını itirmir: sivilizasiyanın ən
müdrik, nəcib kəşflərindən sayılan kitab
tarixin böyük ərməğanı olmaqdan savayı, həm
də insanların mənəvi sirdaşı, yaxın
simsarı, istinad mənbəyidir. Kitab həm də ona görə
əvəzsiz vasitədir ki, zəngin tarixi-ideoloji, mənəvi
fikir xəzinəsini özündə daşıyır. Erkən
yaşlarından uşaqlarda kitaba həvəs və məhəbbət
oyatmaq, ilk növbədə, onların sağlam ruhda
böyüməsini, mədəni səviyyəsini, zəngin
mənəvi aləmini təmin edir. Belə uşaqlar təhsili
və davranış normaları, insanlara, milli-bəşəri
dəyərlərə münasibəti, bir sözlə,
intellektual səviyyəsi ilə fərqlənirlər. Etiraf
etməliyik ki, əvvəllər ən çox kitab oxunan
respublikalardan biri kimi tanınan, zəngin kitabxanaları ilə
seçilən Azərbaycanda ötən əsrin səksəninci
illərinin axırlarından başlayaraq mütaliənin səviyyəsinin
nəzərəçarpacaq dərəcədə aşağı
düşməsi cəmiyyətin düşünən təbəqəsini
ciddi narahat edir.
Ölkəmizdə
kitabxanaların yenidən qurulması, habelə milli kitab
fondunun qorunub saxlanılması və zənginləşdirilməsi
istiqamətində atılan addımlar da məhz zəmanənin
çağırışından irəli gəlir. Dövlət
başçısı İlham Əliyev hələ
prezidentliyinin birinci dövrü səlahiyyətlərinin
icrasına başladığı ilk aylarda Azərbaycan və
dünya klassiklərinin əsərlərinin latın
qrafikalı əlifba ilə nəşrini nəzərdə
tutan sərəncam imzalamış, bununla da, milli irsə
böyük qayğı ilə yanaşdığını
sübut etmişdir. Azərbaycan Respublikası Prezidentinin
"Azərbaycanda kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında" sərəncamı
da bu sahədə həllini gözləyən problemlərin
kompleks icrası baxımından konseptual əhəmiyyətə
malik sənəddir. "Azərbaycan Respublikasında
kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı"nın
təsdiq edilməsi barədə sərəncam isə bir daha
göstərir ki, ölkə başçısı kitabxana
işinə dövlət qayğısını vacib
sayır.
Bəs, bu diqqət və
qayğı müqabilində orta məktəb
kitabxanalarının vəziyyəti, şagirdlər
arasında kitaba maraq hansı səviyyədədir?
Bakı şəhəri,
Səbail Rayon İcra Hakimiyyəti ilə "Azərbaycan"
qəzetinin birlikdə 239 saylı orta məktəbdə təşkil
etdiyi "dəyirmi masa"da bu və digər məsələlər
ətrafında geniş fikir mübadiləsi, müzakirələr
aparıldı, maraqlı təkliflər irəli
sürüldü.
"Dəyirmi
masa"da Səbail Rayon İcra Hakimiyyətinin
başçısı Sahib ƏLƏKBƏROV, "Azərbaycan"
qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar
SADIQOV, Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri
Akif ƏLİ, Təhsil Nazirliyinin dərslik və nəşriyyat
şöbəsinin müdiri Faiq ŞAHBAZLI, "Göyərçin"
jurnalının baş redaktoru Rafiq YUSİFOĞLU, "Azərbaycan
məktəbi" jurnalının baş redaktoru Nəcəf
NƏCƏFOV, uşaq yazarları - Gülarə MUNİS,
Gülzar İBRAHİMOVA, N.Nərimanov adına Kütləvi
Kitabxananın direktoru Arzu SOLTAN, M.Seyidzadə adına Mərkəzi
Uşaq Kitabxanasının direktoru Rahilə RZAYEVA, M.Qorki
adına Səyyar Kitabxana Fondunun direktoru Nüşabə ƏLƏKBƏROVA,
Bibiheybət qəsəbə kitabxanasının direktoru Yeganə
RZAYEVA, habelə rayondakı orta məktəblərin
direktorları, ədəbiyyat müəllimləri,
kitabxanaçıları və şagirdlər iştirak
edirdilər. "Dəyirmi masa"nın keçirilməsində
məqsəd müasir informasiya bolluğu dövründə
kitaba, mütaliəyə marağın artırılması,
habelə kitabxanaların işinin yeni dövrün tələbləri
səviyyəsində qurulması kimi aktual məsələlər
ətrafında geniş fikir mübadiləsi aparmaq, təhsil
orqanlarının, ziyalıların, valideynlərin diqqətini
bu mühüm məsələyə cəlb etmək idi.
Sahib Ələkbərov: Kitab tarixən ciddi mənəvi-ideoloji,
bədii, əxlaqi-tərbiyəvi məzmun kəsb edən
qüdrətli vasitədir. Çox oxuyan, mütaliə edən
insan çox bilir, geniş dünyagörüşünə
malik olur, cəmiyyətdə özününün layiqli
yerini tapır. Faydalı məlumatları biz, ilk növbədə,
kitablardan alırıq. Azərbaycan həmişə yüksək
bilikli, mütaliəyə, kitaba maraq göstərən
insanların vətəni olub. Amma son illərdə, xüsusən
də uşaq, yeniyetmə və gənclərin kitaba
meyilinın azalması prosesinin şahidi oluruq. Televiziya
ekranlarından izlədiyimiz rəy sorğularının nəticələri
də göstərir ki, bəzən gənclər ədəbiyyat,
tarix, coğrafiya ilə bağlı elementar suallara belə,
cavab verə bilmirlər. Bu da ilk növbədə həmin gənclərin
az oxumasından irəli gəlir. Şübhəsiz, bunu
hamıya şamil etmək olmaz - Azərbaycanda oxuyan gənclik
həmişə olub, bu gün də var, gələcəkdə
də olacaq. Ancaq təəssüflər olsun ki, bu fikri
heç də bütün gəncliyə şamil etmək
mümkün deyil.
Hamımıza
yaxşı məlumdur ki, ötən əsrin 90-cı illərinin
əvvəllərində ölkədə baş verən hadisələr
kitabxanaların da fəaliyyətinə mənfi təsir
göstərdi, kitab nəşri və təchizatı sistemi
iflic vəziyyətinə düşdü, onların
maddi-texniki bazası zəiflədi. Bu sahənin tənəzzülə
uğraması nəticəsində kitabxanalar real və
potensial oxucularını itirmiş, bəzi kitabxanalar
bağlanmışdı. Ulu öndər Heydər Əliyev
xalqın arzu və tələbi ilə yenidən Azərbaycan
rəhbərliyinə qayıtdıqdan sonra bu istiqamətdə
vəziyyət ciddi şəkildə dəyişsə də,
obyektiv səbəblər, ilk növbədə, maliyyə
çətinlikləri üzündən kitabxanaların problemlərinin
tam həlli mümkün deyildi. Əlifba islahatı ilə
bağlı da kitabxanaların işində müəyyən
çətinliklər yaranmışdı. Ümumilikdə,
kitabxanaların fəaliyyətinin günün tələbinə
cavab verməməsi - maddi-texniki bazanın zəifliyi,
binalarının yararsız və qəza vəziyyətində
olması, istilik və ventilyasiya sisteminin işləməməsi,
cəmiyyətdə və insanların şüurunda baş
verən ciddi dəyişikliklər oxucu kontingentinin itirilməsinə,
mütaliəyə marağın azalmasına səbəb
olmuşdu.
Son vaxtlar bu sahədə
əhəmiyyətli dönüş hiss olunur, kitabxana
işinin müasirləşdirilməsi prosesi ardıcıl və
sistemli şəkildə həyata keçirilir. Hələ
2003-cü il oktyabrın 12-də - Azərbaycan Respublikası
prezidentliyinə seçkilər ərəfəsində cənab
İlham Əliyevin ziyalılarla Musiqili Komediya Teatrında
keçirilən görüşündə bu sahədə
yaranmış problemlərin qısa zamanda aradan
qaldırılmasının vacibliyi xüsusi qeyd edilmişdi.
Ötən dövr ərzində
dövlət başçısının xüsusi diqqət
və qayğısı ilə kitabxana işinin
inkişafı sahəsində bir sıra mühüm sənədlər
qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 12
yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında", habelə "Azərbaycan
dilində latın qrafikası ilə çapı nəzərdə
tutulan əsərlərin siyahısının təsdiq edilməsi
haqqında" sərəncamlarına uyğun olaraq 48 adda 1
milyon 200 mindən çox kitab çap olunaraq bütün
kitabxanalara, o cümlədən Səbail rayon məktəblərinin
kitabxanalarına hədiyyə edilmişdir. Elə bu gün tədbirə
gəlməzdən bir az əvvəl mənə məlumat
verildi ki, rayonumuzun məktəblərinin kitabxanaları
üçün 2000 kitab ayrılmışdır.
2008-ci ilin dekabrında
Nazirlər Kabinetinin məktəb kitabxanalarının
maddi-texniki bazasının möhkəmləndirilməsi ilə
bağlı xüsusi qərarı olub. Orada əksini
tapmış məsələlər həll olunduqdan sonra
kitabxanaların maddi-texniki bazası ilə bağlı elə
bir problemi qalmayacaq. Hazırda Səbail rayonunda cəmi bir məktəbin
kitabxanası zirzəmidə yerləşir, digərləri
normal iş şəraiti ilə təmin olunublar. Orada
çalışan kitabxanaçıların əksəriyyəti
ali təhsilli, bu işə marağı olan insanlardır.
Lakin bütün bu görülən tədbirlərə
baxmayaraq, şagirdlərin kitaba, mütaliəyə
marağı yenə də arzuolunan səviyyədə deyil.
Kitabxanaçıdan soruşanda ki, neçə abonentiniz var,
bir çox hallarda məktəbdə təhsil alan şagirdlərin
ümumi sayını göstərirlər ki, bu da real və
inandırıcı deyil. Biz çox istərdik belə olsun,
amma problemi həll etmək arzusundayıqsa, səmimi
danışmalıyıq. Ümid edirəm ki, bugünkü
"dəyirmi masa" problemlərin həlli yollarının
tapılması baxımından əhəmiyyətli
olacaqdır.
Bəxtiyar Sadıqov: Rayon rəhbərliyi səviyyəsində
belə bir aktual, əhəmiyyətli mövzuya həsr
olunmuş tədbirin keçirilməsi təqdirəlayiqdir.
Biz hərəmiz bir
tale, bir ömür yaşayırıq. Həmin
ömür hara qədərdir - bunu heç kim
bilmir. Və biz öz ömrümüzdə
nə yaşayırıq,
onu görürük.
Ən yaxşı halda bizə yaxın olan insanların ömür yolunu görürük. Amma minlərlə
kitab oxuyan, mütaliə edən insanlar minlərlə ömür "görür",
minlərlə insanın
həyat yolundan xəbərdar olur.
Məşhur bir deyimə
görə, ağıllı insan öz səhvindən,
müdrik insan isə özgələrinin səhvindən nəticə
çıxarır. Biz kitab oxumaqla həyatda düzgün yol
seçməyi, səhvə yol verməməyi də öyrənə
bilirik. Ümumiyyətlə, insanın kitabı oxuyub
faydalanması üçün birincisi, kitabın özü,
ikincisi, onu oxuyan, üçüncüsü isə kitabla
oxuyan arasında, belə demək mümkünsə,
"körpü yaradan" olmalıdır. Kitabla
bağlı problem tədricən aradan qalxır. Azərbaycan
Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında
kitabların latın qrafikalı Azərbaycan əlifbası ilə
təkrar nəşri prosesi geniş vüsət alıb. Azərbaycan
və dünya klassiklərinin əsərləri yenidən nəşr
olunur. Eyni zamanda, kitabxanaların təmiri və yenidənqurulması,
onların maddi-texniki bazasının gücləndirilməsi
istiqamətində addımlar atılır. Bizim gələcəyinə
biganə olmadığımız müasir, ağıllı
gəncliyimiz də yetişir. Amma, mənim fikrimcə, kitab
oxumaq üçün bir növ, kitabla "xəstələnmək",
ona aludə olmaq lazımdır. Bundan sonra kitab oxumaq insan
üçün həyati tələbata çevrilir,
mütaliədən uzaqlaşmaq mümkün olmur.
Xatırlayıram ki, biz
cavan olanda kitab oxumaqda bir-birimizlə bəhsləşərdik.
Əgər bir kitabı kimsə oxumurdusa, buna yaxşı hal
kimi baxmırdıq və iradımızı bildirirdik. Təəssüf
ki, bu yarışma indi tamam başqa səmtə yönəlib,
daha çox internetə meyil artıb. Sovetlər dövrünün
bütün mənfi cəhətləri ilə yanaşı,
bir uğuru da var idi: ən ucqar kənddə, ən kasıb
ailənin övladı gəlib ali məktəbə daxil
olurdu, oxuyurdu, vəzifə tuturdu. Ulu öndər Heydər Əliyev
də həmin insanları pillə-pillə qaldırır,
onların inkişafına kömək göstərirdi. Beləcə,
bəzən ucqar kəndin yoxsul bir ailəsindən
çıxmış insan gəlib professor, akademik, nazir ola
bilirdi. Bu, şübhəsiz, kitabın, biliyin, intellektual səviyyənin
hesabına mümkün olurdu. Buna görə də hər bir
gənc, məktəbli kitabın nə demək olduğunu,
onun əhəmiyyətini düzgün dərk etməlidir.
Sonda bir kəlamı
yada salıb fikrimi yekunlaşdırıram: "Məndə
olan bütün müsbət cəhətlərə görə
kitaba borcluyam". Bu kəlam indi də
aktuallığını itirməyib.
Faiq Şahbazov: Mən ilk növbədə, kitab nəşri ilə
bağlı bəzi informasiyaları diqqətinizə
çatdırmaq istərdim. Bizim müasir gəncliyimiz
latın qrafikalı Azərbaycan əlifbasına keçiddən
heç də əziyyət çəkmir. Çünki
hazırda birinci sinifdən on birinci sinfədək
bütün dərsliklər yeni əlifba ilə nəşr
edilib. Kitab oxumağa marağın azalması isə
keçid dövrünün bəzi obyektiv problemləri ilə
bağlıdır. İndi həm kitab nəşri, həm də
kitabxanaların vəziyyəti ilə əlaqədar problemlərin
böyük qismi həllini tapıb. Uşaqlarda və yeniyetmələrdə
kitaba marağın gücləndirilməsi, mütaliə mədəniyyətinin
formalaşdırılması məqsədilə ilk növbədə
müəllimlərin üzərinə böyük yük
düşür. Mən deyərdim ki, bu baxımdan Səbail
rayonunda vəziyyət yaxşıdır.
Hazırda Təhsil
Nazirliyi Dünya Bankı ilə islahatlar çərçivəsində
məktəb kitabxanalarının inkişafı ilə bağlı
layihə həyata keçirir. Respublika üzrə 500 kitabxana
müəyyənləşdirmişik.
Bunlardan onu Dünya
Bankının vəsaiti hesabına həm təmir edilir, həm
də kitabxana ləvazimatı ilə təchiz olunur. Qalan 490 məktəbin
kitabxanasını da müasir tələblər səviyyəsinə
gətirib çıxarmaq istəyirik.
Kitabxanaların yeni
çap olunan əsərlər haqqında qısa xülasə
şəklində informasiyalar hazırlaması olduqca vacibdir.
Bu praktika şagirddə kitaba müəyyən maraq oyada bilər.
Arzu Soltan: Bugünkü tədbirdə məktəblilərin
kitabxanaya, mütaliəyə necə cəlb olunması
sualına cavab axtarırıq. Belə bir məsəl var ki,
balıqçı balığı tutmaq üçün
öz maraqlarını yox, balığın maraqlarını
nəzərə almalıdır. Bu mənada, biz məktəbliləri
kitabxanaya cəlb etmək üçün onların maraq və
tələbatını öyrənməliyik. Təhsil
sisteminin üzərinə bu məsələdə
böyük məsuliyyət düşür. Məktəblilərə
yaradıcı - interaktiv tapşırıqlar verməklə,
onların hansı kitaba, ədəbiyyata ehtiyac duyduğunu
aşkarlamaq olar. Yəni, dərslikdən əlavə
hansısa yazıçı, şair, filosof haqqında məlumat
öyrənmək tapşırığı verildikdə,
şagird istər-istəməz kitabxanaya üz tutacaq. Bəzən
biz kitabların çoxunun kiril əlifbası ilə
olmasını ciddi problem kimi qabardırıq. Amma nəzərə
almalıyıq ki, oxucu informasiyaya ciddi ehtiyac hiss etsə, onu
kiril əlifbası ilə də oxuyacaq.
Belə fikirlərə
də geniş rast gəlinir ki, müasir dövrdə
informasiya texnologiyalarının sürətli inkişafı,
internetin yayılması uşaqları kitabxanadan uzaq salır.
Amma unutmayaq ki, Rusiyada, Türkiyədə informasiya əldə
etmək üçün daha mükəmməl internet
saytları var. Həmin saytlardan hər cür informasiya əldə
etmək mümkündür. Buna baxmayaraq, həm Rusiyada, həm
də Türkiyədə kitab sənayesi yüksək
inkişaf edir. Amma bizdə nə elə bir internet resursu, nə
də tələb olunan sayda və keyfiyyətdə kitab var
ki, uşaqlar ondan səmərəli şəkildə istifadə
edə bilsinlər.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı
ilə təsdiq edilmiş "Kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında Dövlət
Proqramı"na əsasən hazırda dövlət səviyyəsində
müəyyən tədbirlər həyata keçirilir.
Fikrimcə, ilk növbədə, kitabxanaların sosial
infrastrukturu müasir tələblərə
uyğunlaşdırılmalıdır. Kitabxanaların
çoxunda istilik və ventilyasiya sistemi yoxdur. Bu həm
kitabxanaçıların işinə mane olur, həm
uşaqları kitabxanadan soyudur, həm də kitab fondunun
qorunub saxlanmasına problem yaradır. Kitabların təxminən
80-90 faizi kiril əlifbası ilə
yazıldığından, yeni ədəbiyyat azlıq təşkil
edir. Kitabxana fondunu, demək olar ki, sırf çap məhsulları
təşkil edir, heç bir audio-vizual material yoxdur. Bundan əlavə,
yeni kitabların oxuculara verilməsində mexanizmlər müəyyənləşdirilməyib.
Dövlət başçısının sərəncamı
əsasında yeni çap olunmuş nəşrləri
uşaqlara verərkən bəzən ya onların
özünün, ya da valideynlərinin şəxsiyyətini
müəyyən edən sənədləri alıb
saxlamalı oluruq. Bundan başqa, bizim elmi ədəbiyyata ciddi
ehtiyacımız var. İqtisadiyyat, gömrük işi ilə
yanaşı, vergi, təbiət elmləri ilə bağlı
kitablara ciddi ehtiyac duyulur.
İ.Əliyeva, "Azərbaycan" qəzetinin
şöbə redaktoru: Burada bir çox problemlərdən söhbət
getdi. Amma mən 2 məsələyə münasibət bildirmək
istərdim. Qeyd olundu ki, uşaqların kitablardan, mütaliədən
uzaq düşmələrinin səbəblərindən biri əlifba
problemi ilə bağlıdır. Kiril əlifbası ilə ədəbiyyat
çoxluq təşkil edir, latın qrafikası ilə
azdır. Bu təbiidir, çünki biz latın qrafikasına
yeni keçmişik. Əvvəllər bizim məktəblərdə
rus dili yüksək səviyyədə tədris olunurdu. Bu
gün isə həmin dərslərin tədrisi səviyyəsi
aşağı düşüb. Unuduruq ki, bizim ədəbiyyat
kiril əlifbası ilədir. Rus dilinin tədris səviyyəsi
yüksəlsə, uşaqlar kiril əlifbasını öyrənərək
keçmiş SSRİ dövründə çap edilmiş ədəbiyyatdan
geniş istifadə edə bilərlər.
İkincisi,
yazıçılarımız elə əsərləri qələmə
almalıdırlar ki, uşaqlar onları həvəslə
oxusunlar. Yəni, uşaq yazarları hər bir şagirdin
yaş və maraq dairəsinə uyğun əsərlər
yazmalıdırlar.
Mücərrəd,
uşaqların səviyyəsi ilə üst-üstə
düşməyən kitabların, təbii ki, oxucusu olmayacaq
və onlar kitabxanalara artıq yükdür. Digər problem isə
şagirdlərin mütaliə mədəniyyəti ilə
bağlıdır. Biz çalışmalıyıq ki,
uşaqlara kitabxanalarda oturub məşğul olmaq vərdişləri
aşılayaq. Dəfələrlə müşahidə
edirik ki, şagirdlər, tələbələr kitabxanalara gəlib
onlara lazım olan kitabın müəyyən səhifələrinin
surətini çıxarır, evə aparırlar. Oxu
zallarında düzgün işləmək vərdişini erkən
yaşlarından uşaqlara aşılamaq vacibdir.
Bu gün ölkədə
aparılan dərslik islahatı ictimaiyyət tərəfindən
maraqla izlənir. Bu sahədə islahatların dönmədən
aparılmasına baxmayaraq, problemlər hələ də
mövcuddur. Ötən ildən milli kurrikulumlar üzrə bəzi
dərsliklər çap edilmiş və tədris həmin dərsliklər
üzrə aparılmışdır. Adətən, müəyyən
bir islahatı başlamazdan əvvəl onun təxmini
proqnozları da verilir. Dərs ili başa çatmaq üzrədir,
amma yeni dərsliklərin hansı nəticələrlə
yadda qalacağı bəlli deyil. Fikrimcə, biz bu barədə
də ciddi düşünməliyik.
Nəcəf Nəcəfov: YUNESKO-nun hesablamalarına görə
bütün dünyada mütaliə mədəniyyəti
çox aşağı düşüb. Hətta Kanada kimi
ölkə savadsızlar diyarına çevrilir. Azərbaycan
Prezidentinin 2004-cü il 12 yanvar tarixli sərəncamı isə
Azərbaycanda kitab və kitabxana işinə yeni nəfəs
verdi. Klassik ədəbiyyat nümunələrinin yenidən
latın qrafikası ilə çapı məsələsi
ortaya çıxanda, bizə bu siyahıya əlavələr
etmək imkanı yaradıldı. Elə bir klassik
yazıçı-şairimiz qalmadı ki, onun əsərləri
yenidən çap olunmaq üçün siyahıya
düşməsin. Fikrimcə, son illərdə kitabxana
işinin müasirləşdirilməsi sahəsində
çox iş görülüb, kitabxanalarımız xeyli zənginləşib.
Biz indi uşaqları kitabxanalara cəlb etmək
üçün geniş maarifləndirmə və təbliğat
işi aparmalıyıq.
Sara Xanlarova, Beynəlxalq Təhsil Kompleksinin direktoru: Vaxtilə biz kitabı
ona görə acgözlüklə oxuyurduq ki, o, bizim əsas və
yeganə mənbəyimiz idi. Müəllimlərin, valideynin
sözünü, bir də kitabda yazılanları aksiom kimi qəbul
edirdik. Bu gün isə informasiya əsrində
yaşayırıq. İndi hər yazıçı
özündə hünər tapıb deyə bilmir ki, mənim
yazdığımı hamı oxuyacaq. Yəni, yeni əsərlər
qlobal dünyanın çağırışlarına cavab
verməlidir. Bu gün yazılan yeni əsərlərin təbliği
də olduqca zəifdir. Kitabla bağlı piyar və menecment
işi müasir tələblərə cavab vermir. Ona görə
də biz məktəbimizin nəzdində informasiya-resurs mərkəzi
yaratmışıq. Uşaqları mütaliəyə cəlb
etmək məqsədilə əvvəlcə seçilmiş
müəyyən bir kitabı onlara oxumağa veririk. Sonra həmin
əsərlə bağlı çəkilmiş filmi
uşaqlara göstəririk və filmlə əsər
arasındakı fərqlə bağlı müzakirələr
aparırıq. Bu proses uşaqlar arasında kitab oxumağa,
mütaliəyə marağı artırır.
Kifayət Cəfərova, 239 saylı məktəbin
kitabxanaçısı: Həqiqətən də, son illər
məktəb kitabxanalarının maddi-texniki bazasının
gücləndirilməsi istiqamətində ciddi işlər
görülməkdədir və bugünkü "dəyirmi
masa"nın iştirakçıları bizim
kitabxanamızın timsalında bunu aydın gördülər.
Lakin hələ də kitab fondumuzun əsasını kiril əlifbasında
olan köhnə kitablar təşkil edir, latın qrafikası
ilə çap olunmuş kitablara, kitab rəflərinə,
şkaflarına ciddi ehtiyac duyulur. Burada bəzi kitabxanalarda
oxucuların qeydiyyatının aparılması məsələsinə
toxunuldu. Kitabxanalarda istifadə olunan xüsusi dəftərxana
ləvazimatları, yəni, oxucu formulyarları, cibliklər,
müddət vərəqələri və s.
olmadığından həmin ləvazimatları adi
kağızdan, dəftər vərəqlərindən düzəltməyə
məcbur oluruq. Kitabxananın xidmətlərindən istifadə
edən şagirdlərimiz isə təbii ki, bütün
bunlara fikir verirlər. Yaxşı olardı ki, Təhsil
Nazirliyinin müvafiq şöbəsi bu məsələdə
bizə kömək göstərsin. Çünki biz
doğrudan da, şagirdlərin kitabxanalara geniş cəlb
olunmasını istəyiriksə,
çalışmalıyıq burada hər şey gözəl
və cəlbedici olsun.
Faiq Şahbazov: Kitabxanalardakı kitabların 80 faizə qədərinin
kiril əlifbasında olmasının səbəbi odur ki, biz
vaxtilə İttifaqın tərkibində
yaşayırdıq.
Hər il Azərbaycan
dövləti dərsliklərin uşaqlara pulsuz verilməsi
üçün 8 milyon manat vəsait ayırır. Azərbaycan
MDB-də yeganə dövlətdir ki, bazar iqtisadiyyatı şəraitində
bu xərci üzərinə götürür. Eyni zamanda,
dünya ədəbiyyatı seriyasından 18 cildlik kitab məktəblərə
hədiyyə kimi paylanıb. Lakin bəzən həmin ədəbiyyatın
heç üzünü açmırlar, uşaqlara vermirlər.
Mən Sumqayıtda müşahidə etdiyim yaxşı bir təcrübəni
qeyd etmək istərdim. Orada kitablar məktəb-məktəb
oxunur, sonra şagirdlərin iştirakı ilə onun
müzakirəsi keçirilir.
O ki qaldı dəftərxana
ləvazimatı məsələsinə, əgər məktəblər
bizə müraciət etsələr, onların sifarişlərini
yerinə yetirməyə hazırıq.
Sahib Ələkbərov: Hörmətli Faiq müəllim,
çox yaxşı haldır ki, siz bu məsələyə
müsbət reaksiya verirsiniz. Amma gəlin problemə başqa
bir tərəfdən yanaşaq.
Hazırda Azərbaycanda
4500-dən çox orta məktəb var. Vacibdirmi ki, onların
hamısı bu adi bir məsələ üçün Təhsil
Nazirliyinə məktubla müraciət etsinlər, sonra da
nazirlik onlara yazılı cavab göndərsin ki, sifarişiniz
qəbul olunub və filan vaxtda yerinə yetiriləcək!
Görün buna nə qədər vaxt, kağız, poçt
xərcləri və s. tələb olunur. Məncə, Təhsil
Nazirliyi lazımi ləvazimatları mərkəzləşmiş
qaydada hazırlatdırıb bütün məktəblərə
göndərsəydi, daha düzgün olardı.
Çünki bizdə olan məlumatlara görə, latın
qrafikasına keçəndən sonra bu ləvazimatlar indiyə
kimi hazırlanıb məktəblərimizə
çatdırılmayıb.
Akif Əli: Belə bir tədbirin keçirilməsi
kitabxanaların problemlərinin həlli baxımından vacib əhəmiyyət
kəsb edir. Fikrimcə, icra strukturu tərəfindən kitaba,
kitabxanaya belə yüksək diqqətin ayrılması
çox sevindirici haldir. Kitab işi Azərbaycanda mədəniyyət
siyasətinin mühüm tərkib hissələrindən
biridir. Azərbaycan dövləti də yeni nəslin
formalaşdırılması baxımından kitabların
yeniləşdirilməsini zəruri hesab edir. Səbail Rayon
İcra Hakimiyyətinin kitabxanalara, kitab işinə göstərdiyi
qayğı da bu siyasətin yerlərdə uğurla icra
olunduğunu göstərir.
Burada qeyd olundu ki, bəzən
yeni çap olunmuş kitabları məktəblərdə
uşaqların istifadəsinə vermirlər. Onların rəflərdə
əl dəyməmiş qalması arzuolunmaz haldır. Həm
Təhsil Nazirliyi, həm də məktəb direktorları bu məsələyə
ciddi diqqət yetirməlidir. Bu kitablar dövlətin vəsaiti
hesabına ona görə çap olunub ki, məktəblilər
onları oxusunlar.
Ümumiyyətlə, bu
gün təhsilin qarşısında duran ən
başlıca məsələ şagirdləri şəxsiyyət
kimi yetişdirməkdir. Bunun üçünsə, mütaliə,
qiraət olduqca vacibdir. Kitabxanalar kiçik yaşlarından
uşaqların "mütaliə mexanizmini" işə
salmalıdırlar. Əgər şagirdlər
uşaqlıqdan mütaliə etsələr, bu, sonradan onlarda
yaxşı bir vərdişə, tələbata çevriləcək.
Kitab oxumaq şəxsiyyət kimi formalaşmaq
üçün əsas şərtdir. Uşaqları başa
salmalıyıq ki, kitab oxumasalar, həyatda öz məqsədlərinə
yetişə bilməyəcəklər.
Faina Ələkbərova, Klassik Gimnaziyanın direktoru: Ulu
öndər Heydər Əliyevin vaxtilə söylədiyi bir
fikri xatırlatmaq istərdim: "Mən istəyirəm bizim
uşaqlar Nizamini Azərbaycan dilində, Puşkini rus dilində,
Şekspiri ingilis dilində sərbəst oxuya bilsinlər".
Lakin etiraf etməliyik ki, biz hələ də bu məqsədə
nail ola bilməmişik. Hər bir insan onda yaxşı
alınan şeyi etmək istəyir. İnsanın onun
üçün çətin olan işlərdən xoşu
gəlmir. Buna görə də məktəbin ilkin vəzifəsi
birinci sinifdən uşaqlara yaxşı oxumağı öyrətməkdir.
İldə iki dəfə birinci sinif şagirdlərinin
üzündən oxumaq qabiliyyətini yoxlamaq lazımdır.
Bir dəqiqəyə 120-125 söz oxuya bilməyən
uşağın ikinci sinifdə yaxşı oxuması qətiyyən
mümkün deyil.
Kitaba gəlincə,
uşaqlarda erkən yaşlarından onun əhəmiyyətini
başa salmaq lazımdır. İnsan mətbuatdan, jurnallardan
yalnız informasiya alır. Bədii ədəbiyyat isə
insanı düşündürür, mənəviyyatını
zənginləşdirir, onun həyat həqiqətlərini
dolğun başa düşməsinə kömək edir. Bədii
ədəbiyyatı internetdən oxumaq o qədər də
effektli və səmərəli olmur. Çünki internet nisbətən
dinamik bir vasitədir. Bu baxımdan internet qətiyyən kitaba
ciddi rəqib ola bilməz.
Gülzar İbrahimova: Fikrimcə, hazırda əsas
problemlərdən biri uşaqlara kitabların
çatdırılması ilə bağlıdır. Biz imkan
daxilində uşaq evlərində olur, uşaqlara kitablar hədiyyə
edirik. Onlar kitablara böyük maraq göstərir, oxumaq istəyirlər.
Uşaq evlərinə, məktəblərə kitabların
çatdırılması hazırda ən vacib məsələlərdən
biridir.
Təklif edirəm ki, Təhsil
Nazirliyində yazıçıların əsərlərini dəyərləndirən
xüsusi komissiya yaradılsın. Həmin komissiyanın rəyi
əsasında kitablar nəşr olunaraq yerlərə
çatdırılsın. Bu, uşaq əbədiyyatı
probleminin həlli baxımından mühüm addım
olardı.
Bəxtiyar Sadıqov: Burada kitabxana işi ilə əlaqədar
bir-birindən dəyərli fikirlər səsləndi. Kitabla
qazanılan bilik, savad elə böyük sərvətdir ki,
onu insanın əlindən heç vaxt, heç kəs ala
bilməz. Bugünkü tədbirin də əsas məqsədi
budur ki, biz uşaqları kitablara, kitabxanalara yönəldək.
Bununla həm onların, həm də dövlətimizin
etibarlı gələcəyini təmin edə bilərik. Mən
inanıram ki, yaxın gələcəkdə Azərbaycanda
kitabxanalar ən müasir tələblər səviyyəsinə
gəlib çatacaq və ölkədə kitab mütaliəsinə
olan maraq da əvvəlki kimi yüksək səviyyəyə
qalxacaq.
Sahib Ələkbərov: İnsanın kamilləşməsi,
şəxsiyyət kimi formalaşması, cəmiyyət
üçün layiqli vətəndaşa çevrilməsi
üçün yüksək biliyi, savadı, təfəkkürü
olmalıdır. Bu biliyi və savadı isə ona yalnız
kitablar verə bilər. Kitab oxumaq insanı
saflaşdırır, onu xoşagəlməz addımlardan
çəkindirir. İnternet və digər informasiya
texnologiyaları nə qədər inkişaf etsə belə,
hələ uzun illər bundan sonra kitabı, xüsusilə də,
bədii əsərləri əvəz edə bilməyəcək.
Ona görə də biz hamımız, ilk növbədə,
valideynlər, uşaq bağçalarındakı tərbiyəçilər,
müəllimlər, kitabxanaçılar, bütün
ziyalılarımız uşaqlarımızı və gənclərimizi
mütaliəyə həvəsləndirməli, onlara
lazımi şərait yaratmalıyıq. Bunu Azərbaycan
xalqının və dövlətinin milli maraqları tələb
edir.
Tədbirdə
çıxış edən 189 saylı məktəbin Azərbaycan
dili və ədəbiyyatı müəllimi Təranə
Rzayeva, M.Seyidzadə adına Mərkəzi Uşaq
Kitabxanasının direktoru Rahilə Rzayeva, "Göyərçin"
jurnalının baş redaktoru Rafiq Yusifoğlu, 162 saylı məktəbin
direktoru Ələkbər Əliyev, 160 saylı Klassik
Gimnaziyanın Azərbaycan dili və ədəbiyyatı
müəllimi, 2008-ci ilin ən yaxşı müəllimi
müsabiqəsinin qalibi İradə Əfəndiyeva, 49
saylı İntellekt Liseyindən Asiman Xəlilli, 91 saylı məktəbdən
Nərgiz Yarməmmədova və digərləri respublikada
kitabxana işinin müasir tələblər səviyyəsində
təşkili, uşaqlarda kitaba marağın
artırılması sahəsində həyata keçirilən
tədbirlərdən söz açdılar. Ümumi fikir
bundan ibarət oldu ki, bəzi çətinliklərə,
problemlərə rəğmən, respublikada kitabxana işinin
müasirləşdirilməsi istiqamətində uğurlu
addımlar atılır. Həyata keçirilən tədbirlər
nəticəsində kitabxanaların infrastrukturunun və kitab
fondunun yenilənməsi gənc nəslin mütaliəyə
olan marağını daha da gücləndirəcək, beləliklə,
kitab əsas bilik mənbəyi kimi üstün mövqeyini
daim qoruyub saxlayacaqdır.
İ.ƏLİYEVA
Azərbaycan.- 2009.- 21 may.- S. 6.