Kanadada diasporumuzun təşkilatlanması
başa çatıb
Kanadada fəaliyyət
göstərən diaspor təşkilatlarımız burada Azərbaycan
həqiqətlərinin yayılması, həmin ölkədə
respublikamız barəsində dolğun təsəvvürün
formalaşdırılması istiqamətindəki fəaliyyətlərində
bir sıra uğurlara nail olublar. Bütün bunlar
ayrı-ayrı Azərbaycan cəmiyyətlərinin fəaliyyətlərinin
koordinasiya edilməsi, Kanada-Azərbaycan Əməkdaşlıq
Assosiasiyasının yaradılması hesabına başa gəlib.
Assosiasiyanın prezidenti
İlham Axundov bizimlə söhbətində görüləcək
işlərdən və qarşıda duran vəzifələrdən
söhbət açdı: - Kanadada fəaliyyət göstərən
diaspor təkilatlarımızın, cəmiyyətlərimizin
qlobal məsələlərin - ölkəmizin xarici siyasəti,
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi barədə həqiqətlərin
dünyaya çatdırılması, qondarma "erməni
soyqırımı"nın ifşası məsələlərində
və digər problemlərin həllində
ayrı-ayrılıqda fəaliyyət göstərmələri
ciddi effekt vermirdi. Qərara aldıq ki, Kanadada bütün
diaspor təşkilatlarını bir mərkəzdə cəmləşdirək.
Çünki eyni istiqamətdə
bir yox, bir neçə nəfər fəaliyyət göstərdikdə
nəticə daha təsirli olur. Elə bu məqsədlə də
Kanada-Azərbaycan Əməkdaşlıq Assosiasiyasını
birləşdirici təşkilat olaraq təsis etdik. Birliyin
yaradılması bu zərurətdən irəli gəldi.
Hazırda mərkəzdə 10 diaspor təşkilatı təmsil
olunur. Onlar Kanadanın müxtəlif yerlərində fəaliyyət
göstərən Azərbaycan cəmiyyətləridir.
Bu qurumların müstəqil
fəaliyyət göstərliklərini deyən
assosiasiyanın rəhbəri təşkilatların vacib olan məqamlarda
bir araya gəldiklərini qeyd etdi. Bütün təşkilatlar
tədbirlərdə, hər hansı məsələ ilə əlaqədar
beynəlxalq təşkilatlara, dünya ölkələrinə
müraciətlərdə fərdi yox, assambleya adından
çıxış edirlər.
İlham Axundov Kanadada təhsil
alan gənclərlə iş aparıldığını
xüsusi vurğuladı: "Diqqətimizi Kanadada təhsil
alan azərbaycanlı tələbələrə yönəltmişik.
Onların bir qismi burada çoxdan yaşayır. Bu insanlar gələcəkdə
seçkili orqanlarda təmsil olunmaq imkanlarına malikdirlər.
Əsas məqsədimiz soydaşlarımıza kömək
etmək, istedadlı gənclərimizi üzə
çıxarmaq, həmin gənclərin ictimai işlərdə
yaxından iştirakını təmin etməkdən ibarətdir.
Bizə müraciət edən azərbaycanlı gənclərə
təhsil almaqda kömək göstəririk. Assambleyanın xətti
ilə Kanadaya gələn dörd tələbə bizim himayəmiz
altında təhsil alır. Soydaşlarımıza viza məsələsində
də kömək göstəririk. Hazırkı şəraitdə
Kanadada Azərbaycan həqiqətlərinin
yayılmasının bir yolu da var - bu ölkənin universitetlərində
konfranslar düzənləmək, tələbə cəmiyyətlərinin
təşkilatçılığı ilə aksiyalar
keçirmək. Tarixi faciələrimiz, soyqırım
günlərimiz ilə əlaqədar anım mərasimləri
təşkil edirik".
Assosiasiyanın rəhbəri
qeyd etdi ki, hazırda Kanadada 33 min azərbaycanlı
yaşayır. Soydaşlarımız bu ölkədə 13
diaspor təşkilatı təsis ediblər: "Dünya Azərbaycanlılarını
Əlaqələndirmə Şurasının son
toplantısı növbəti mərhələdə
qarşımızda duran əsas vəzifələri müəyyənləşdirib.
Mayın sonlarında assosiasiyanın qurultayını
keçirəcəyik. Toplantıda "Dünya Azərbaycanlılarının
Həmrəylik Xartiyası" müzakirə ediləcək.
Eyni zamanda sənəddən irəli gələn vəzifələrə
uyğun olaraq iş planımız təsdiq olunacaq. Mayın
28-də Azərbaycan bayrağının Toronto bələdiyyəsinin
binası üzərində qaldırılması mərasimi
keçiriləcək. Tədbirə Kanadanın təşkilatlarının,
nüfuzlu qurumlarının nümayəndələrini də
dəvət edəcəyik". Bundan bir gün sonra isə
Toronto Universitetində "Xəzəryanı ölkələrin
siyasətində enerji daşıyıcılarının
rolu" mövzusunda beynəlxalq konfrans düzənlənəcək.
Tədbirə Kanadanın müxtəlif bölgələrindən,
ABŞ, İngiltərə və Azərbaycandan mütəxəssislər
dəvət olunacaqdır.
İlham Axundov Kanadada
iqtidar dəyişikliyi zamanı siyasi hakimiyyətin diaspor təşkilatlarına
münasibətlərinə təsir göstərdiyini də
dedi: "Üç il öncə Liberal Partiyası hakimiyyətdə
idi. Bu siyasi təşkilatla yaxından əməkdaşlıq
edirdik. Kanadanın Baş naziri Pol Martin Azərbaycanın
diaspor təşkilatları ilə görüşüb
müzakirələr apardı. Görüşdə bu ölkənin
respublikamızda səfirliyinin açılması,
Dağlıq Qarabağ münaqişəsi məsələlərini
müzakirə etdik. Lakin sonra konservatorlar hakimiyyətə gəldi.
Onlar hakimiyyətə gələn kimi ermənipərəst
olduqlarını büruzə verdilər, bizimlə əməkdaşlığa
maraq göstərmədilər. Bütün bunlara baxmayaraq həmin
partiya ilə əlaqələr qurduq, münasibətlərimizdə
balans yarada bildik. Artıq ermənipərəst dövlət məmurları
hər hansı aksiyada iştirak etdikdə burada Azərbaycanın
diaspor təşkilatlarının da fəaliyyət göstərdiyini
anlayır, mövqelərimizi nəzərə alırlar".
Hazırda
assosiasiyanın fəaliyyəti müsbət nəticələr
verməkdədir. Dünyanın tanınmış
ictimai-siyasi, elm xadimlərinin təşkilatın Kanadada
keçirdiyi tədbirlərə qatılması ilə bir
sıra uğurlar əldə edilib. İndi bu ölkənin
ictimaiyyəti də Azərbaycan barəsində ətraflı
məlumatlanmaqdadır. Kanada Senatının martın
sonlarında keçirilmiş iclasında senatorlardan biri
Xocalı faciəsi ifadəsini dilə gətirdi. O, Senatın
üzvlərini Azərbaycanla həmrəy olmağa
çağırdı. Bu, soydaşlarımızın
böyük müvəffəqiyyətidir.
Anar RASİMOĞLU
Azərbaycan.- 2009.- 21 may.-
S. 7.