Gədəbəydəydim,
mənzillərdən birində yaraşıqlı xalça
gördüm. Dedilər texniki peşə liseyinin şagirdi
toxuyub. Baxırsan, elə bil, kamil sənətkarın
işidir. Milli koloritli, incə, zərif naxışlar göz
oxşayır. Maraqlandıq.
148 saylı Gədəbəy
texniki peşə liseyinə getdik. Böyük təhsil
ocağıdır. Dedilər 1976-cı ildən fəaliyyət
göstərir. Üçmərtəbəli binası isə
1985-ci ildə tikilib. On il bundan əvvəl məktəbə
lisey statusu verilib.
İctimai təsərrüfatların
ləğvi ilə əlaqədar kəndin aqrar sistemi, sosial
siması tamamilə dəyişib. Buna müvafiq olaraq texniki
peşə təhsilinin də strukturu yeniləşib. İndi
kənd üçün müasir yönümlü daha kamil sənətkarlar
lazımdır.
Gədəbəy
liseyində on peşə üzrə usta hazırlanır. Bu,
qərb bölgəsinin ən iri texniki peşə məktəblərindəndir.
Təhsil ocağında 421 nəfər şagird təhsil
alır. İndiyə kimi buranı 9200 nəfər bitirib. İxtisasları
maraqlıdır, günün tələbləri ilə
ayaqlaşır. "Rabitə avadanlığının
quraşdırılması", "Geniş profilli
traktorçu maşinist, təmirçi-çilingər",
"Heyvandarlıq, baytarlıq xidməti operatoru", "Kəndin
elektrikləşməsi və rabitəsi üzrə elektrik
montyoru", "Əməliyyatçı mühasib",
"Xarrat-dülgər", "Parket ustası",
"Modelçi dərzi" və bir də bizdə
xüsusi maraq oyatmış xalçaçılıq
bölməsi.
Əvvəlcə
xalçaçı qızların işi ilə tanış
olduq. Həmayıl Hüseynova təcrübəli ustadır.
Neçə ildir ki, burada çalışır. Tədris
dövrü bir ildir. Bu müddət ərzində qızlar kəndin
ənənəvi peşəsi sayılan
xalçaçılığın sirlərinə yiyələnirlər.
Bir neçə şagirdin əl işinə baxdıq.
İşə yenicə öyrəşənlər də var,
artıq bu zərif sənətin sirlərinə kifayət qədər
yiyələnənlər də. Ən əsası budur ki, hər
il on beş nəfər qız xüsusi həvəslə bu məktəbə
gəlir.
Digər qruplarda da
işlərin təşkili ilə maraqlandıq. Mexanizator
Valeh Muxtarov, energetik Ələddin Bayramov, qaz ustası Vidadi
Allahverdiyev və başqaları gənclərə sənətin
sirlərini həvəslə öyrədirlər. Şagirdlər
burada həm də orta təhsil alırlar. Dedilər ki,
fizika-riyaziyyat müəllimi Fazil Süleymanov, dil-ədəbiyyat
müəllimi İntizar Həsənova və başqaları
dərs deməkdə xüsusilə fərqlənirlər.
Dərs ilinin başa
çatmasına az qalır. Bu il 116 nəfər məktəbi
bitirəcək. Gənc ustalar əsasən qaz idarəsində,
enerji-təchizat şəbəkəsində, telekommunikasiya
sistemində, baytarlıq idarəsində müvafiq iş
tapıb çalışırlar.
Son illərdə
ümumən ölkə üzrə texniki peşə təhsili
sistemində acınacaqlı vəziyyətin
yarandığı bir dövrdə bu cür işgüzar
kollektivi görmək çox xoşdur. Usta-müəllim heyəti
kənd üçün səriştəli kadr
hazırlanması üçün əlindən gələni
əsirgəmir. Təşəbbüs yolu ilə
yardımçı təsərrüfat yaradılıb.
Beş hektar sahədə taxıl əkilir. Bu yerlər həm
şagirdlər üçün tədris-təcrübə
bazasına çevrilir, həm də kollektivə müəyyən
gəlir gətirir. Keçən il əldə olunan vəsait
hesabına məktəbdə müəyyən təmir
işləri görülüb. Genişmiqyaslı tədbirlərin
həyata keçirilməsi isə ayrı-ayrı məktəb
kollektivlərinin imkanı xaricindədir. Deyəsən bu məsələ
də nizama düşür.
Bəlli olduğu kimi,
2007-ci il iyul ayının 3-də ölkə Prezidentinin sərəncamı
ilə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin
inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci
illər)" təsdiq olunub. Bu çox aktual dövlət sənədində
texniki peşə təhsilinin hərtərəfli
inkişafının konkret yolları göstərilir. Başlıca
məqsəd maddi-texniki bazanın möhkəmləndirilməsinə,
yeni iqtisadi münasibətlərin
formalaşdırılmasına, idarəetmənin və kadr
hazırlığının təkmilləşdirilməsinə,
peşə təhsilinin ictimai statusunun yüksəldilməsi
və onun məzmununun müasir tələblər səviyyəsində
yeniləşdirilməsinə nail olmaqdan ibarətdir.
Bu baxımdan 148 nömrəli
Gədəbəy texniki peşə liseinin də qayğı
və ehtiyacları az deyildir. Məktəbin direktoru Nuru Rəsulov
deyir ki, binamız iyirmi beş il bundan əvvəl tikilib. O
vaxtdan bəri elə bir əsaslı təmir işləri
aparılmayıb. Təmirə böyük ehtiyacımız
var. Maddi-texniki bazamız çox zəifdir, texnika,
avadanlıq köhnəlib. Son iyirmi ildə bircə ədəd
maşın-mexanizm ala bilməmişik. Müasir tədris
proqramına və dərs vəsaitlərinə böyük
ehtiyac duyulur. Biz inanırıq ki, dövlət proqramı
yerinə yetirildikcə bu işlər nizama düşəcək,
texniki peşə təhsili sistemi müasir tələblər
səviyyəsinə qalxacaqdır. Qaldı ki məktəb
kollektivinin fəaliyyətinə, bizə üz tutub, ümid
edib gələn gənclərə istədikləri peşənin
sirlərinə yiyələnə bilmələri
üçün imkan daxilində əlimizdən gələni
eləməyə çalışırıq.
Əhməd İSAYEV
Azərbaycan.- 2009.- 21 may.-
S. 7.