Gürcüstan Prezidenti Mixeil
Saakaşvilinin Azərbaycana
rəsmi səfəri
Xəbər verdiyimiz
kimi, mayın 20-də "Gülüstan" sarayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin adından
Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin şərəfinə
rəsmi ziyafət verilmişdir.
Dövlət
başçıları ziyafətdə nitq söyləmişlər.
Azərbaycan Prezidenti
İlham ƏLİYEV Gürcüstan dövlətinin
başçısını və nümayəndə heyətini
salamlayaraq dedi:
Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar,
xanımlar və cənablar!
Gürcüstan
Prezidentini və qonşu qardaş ölkənin bütün
nümayəndə heyətini Azərbaycanda bir daha salamlamaq
istəyirəm.
Bu gün biz çox səmərəli
danışıqlar apardıq və bu danışıqlar
çərçivəsində ikitərəfli əməkdaşlığın
uğurları təhlil olundu, həmçinin münasibətlərimizin
inkişaf yolları müəyyən edildi.
Ölkələrimiz
arasında münasibətlərin tarixi çox qədimdir.
Xalqlarımız həmişə yanaşı, qonşuluqda,
sülh və mehribanlıq şəraitində
yaşamış, həmişə bir-birinə kömək
etmişlər. Bu gün iki müstəqil dövlətin
inkişafına, əməkdaşlığa və həm təhlükəsizliyimizi,
həm də iqtisadi firavanlığımızı təmin
edən, qlobal dünya prosesləri üçün
böyük əhəmiyyətə malik olan layihələrdə
iştirakına kömək edən münasibətlərin
möhkəm təməli budur.
Bizim ikitərəfli
münasibətlər çox möhkəm və
proqnozlaşdırıla biləndir, zənnimcə, gələcəkdə
də belə qalacaqdır. Biz əlaqələrimizin gündəliyini
konkret işlərlə genişləndirməli, diqqəti
operativ həll olunması tələb edilən məsələlər
üzərində cəmləşdirməliyik. Biz bu gün məhz
bu cür etdik, ölkələrimizin iqtisadiyyatı
üçün, enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi
üçün böyük əhəmiyyətə malik məsələlər
barəsində bizdə tam anlaşma var. Ölkələrimizin
fəal iştirakı ilə regionda çox iri infrastruktur
layihələri həyata keçirilmişdir, indi onlar
artıq qlobal miqyaslı gələcək layihələr
üçün bazadır. Bu, ilk növbədə,
energetikaya aiddir.
Bu gün biz həmin sahədə
əməkdaşlığın miqyasını daha da
genişləndirmək üçün əlavə konkret
addımları müzakirə etdik. Neft və qaz sahəsi ilə
yanaşı, elektroenergetika sahəsində əməkdaşlıq
da böyük maraq doğurur. Burada çox böyük
potensial mövcuddur və bizim imkanlarımız bir-birini
tamamlayır. Biz elektrik enerji dəhlizlərini mövcud
neft-qaz dəhlizini tamamlaması üçün ciddi səy
göstərəcəyik.
Biz ölkələrimizin
nəqliyyat təhlükəsizliyinin təmin edilməsi
prosesində fəal iştirak edirik. Gürcüstan və Azərbaycan
Qərb ilə Şərq arasında nəqliyyat
kommunikasiyalarının mühüm hissəsidir. Bu, təkcə
coğrafiya deyil, həm də infrastruktur sahəsində
qazanılmış nailiyyətlərdir. Başqa sözlə,
biz iqtisadi sahədə nəzərdə
tutduqlarımızın hamısını yerinə yetiririk.
Gürcüstan dinamik
inkişaf edən, həm siyasi, həm də iqtisadi
islahatların fəal həyata keçirildiyi
islahatçı ölkə kimi investorlar üçün
çox böyük maraq doğurur. Əlbəttə, mən
çox şadam ki, Azərbaycan şirkətləri, ilk
növbədə, ARDNŞ Gürcüstanın çox
mühüm investorlarından biridir. ARDNŞ-in sərmayələri
artıq bu gün yüz milyonlarla ölçülür, gələcəkdə
isə yəqin ki, milyardlarla ölçüləcəkdir. Bunlar
həm yanacaqdoldurma stansiyaları şəbəkəsi, həm
neft məhsulları satışı, həm
Gürcüstanın qazlaşdırılması, həm də
təbii qazla təmin edilməsidir.
Biz Gürcüstanın
enerji təhlükəsizliyini tam təmin etmək və
qış dövründə qaz ehtiyatlarından daha səmərəli
istifadə etmək üçün gələcəkdə
qaz anbarları tikilməsi məsələlərini müzakirə
etdik. Bununla da, gələcək layihələr
üçün artıq bu gün baza olan tamamilə yeni
regional şərait yaranır. Bu yaxınlarda Gürcüstan
Prezidenti və digər həmkarlarımızla birlikdə
Praqada enerji dəhlizinə həsr edilmiş konfransda
iştirak etdik. Heç kəsə sirr deyil ki, müzakirə
olunan layihələr üçün əsas bizim birlikdə
həyata keçirdiyimiz layihələrdir. Bu,
Bakı-Tbilisi-Ceyhan neft boru kəməridir, həmin kəmər
olmasaydı, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin
tikintisi mümkün olmazdı, - bu, Bakı-Supsa boru kəməridir.
Bu istiqamətdə gələcək addımlar da
bugünkü infrastruktur layihələrinə əsaslanır.
Biz onları birlikdə həyata keçirmişik və təbii
ki, bu bizə inam verir. Bu, belə layihələri artıq
öz ölkələrimizdə həyata keçirmək
üçün yaxşı təcrübədir.
Biz bundan sonra da
infrastruktur, investisiya layihələrində fəal iştirak
etmək niyyətindəyik. Gürcüstanda təkcə
energetikada deyil, həm də nəqliyyat sahəsində, turizm
sahəsində, servis sahəsində - bütün istiqamətlərdə
yaxşı potensial imkanlar var.
Humanitar sahədə əməkdaşlıq
da inkişaf edir. Bu da ölkələrimiz üçün
çox böyük əhəmiyyətə malikdir. Bizim
Gürcüstanda yaşayan azərbaycanlı
qardaşlarımızın gürcü dilini də öz ana
dili kimi bilməsi, onların Gürcüstan cəmiyyətinə
fəal inteqrasiya etməsi, Gürcüstanın
inkişafında layiqli yer tuta bilməsi və daha fəal
iştirak etməsi çox vacibdir.
Gürcüstan və Azərbaycan
hərəsi öz yolu ilə - inkişaf, tərəqqi yolu
ilə gedən iki qonşu ölkə, iki qardaş ölkə,
iki müstəqil ölkədir. Bizim nəzərdə
tutduqlarımızı tam həcmdə təmin etmək
üçün, əlbəttə, regionda sülh
olmalıdır. Fikrimcə, bu, belə də olacaqdır. Biz
buna çalışırıq və fikrimcə, buna nail
olacağıq.
Mən
gürcüstanlı qonaqlarımıza ən xoş
arzularımı bildirmək, qardaş gürcü xalqına dərin
hörmətimi ifadə etmək və bu badəni
Gürcüstan Prezidentinin sağlığına,
gürcü xalqının, bizim dostluğumuzun şərəfinə
qaldırmaq istəyirəm.
AzərTAc
Azərbaycan.- 2009.- 22 may.- S. 1.