Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin Azərbaycana rəsmi səfəri

 

Gürcüstan Prezidenti Mixeil SAAKAŞVİLİ Azərbaycan dövlətinin başçısına müraciətlə dedi:

- Hörmətli İlham Heydər oğlu!

Hörmətli dostlar!

Bakıya gəlmək mənim üçün fərəhli nümunə, ünsiyyət deməkdir. Mən buraya həmişə məmnuniyyətlə gəlirəm və buradan böyük təəssüratla ayrılıram.

İndicə biz Bakının yeni məhəllələrini, genişləndirilmiş yeni küçələrini gəzdik, yeni parklara baxdıq. Məncə, burada baş verənlər bizim üçün nümunə və ilham mənbəyidir. Əgər Azərbaycan bizim arxamızda dayanmasaydı, bilmirəm biz indi harada olardıq və ümumiyyətlə mövcud olardıqmı?

Gürcüstan Prezidenti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində ulu öndər Heydər Əliyevin siyasi müdrikliyinin və Prezident İlham Əliyevin cəsarətli addımlarının həlledici rolundan danışdı.

O, Azərbaycan Prezidenti İlham Əliyevin təkcə region üçün deyil, bütövlükdə dünya üçün, Avropa üçün çox böyük siyasi xadim olduğunu vurğuladı.

M.Saakaşvili qeyd etdi ki, qonşu dövlət kimi Azərbaycan çətin anlarda Gürcüstana işıq və qaz vermişdir. Gürcü xalqı bunu heç zaman unutmayacaqdır.

Gürcüstanın dövlət başçısı dedi ki, bizi bağlayan tellər təkcə neft kəməri, elektrik xətləri deyil, insanlar arasındakı əlaqələrdir.

Nitqinin sonunda Mixeil Saakaşvili Azərbaycan xalqına və Azərbaycanın dövlət başçısına ən xoş arzularını çatdırdı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 may.- S. 1.