Beynəlxalq Muğam Mərkəzi
ilə tanışlıq
Gürcüstan Prezidenti
Mixeil Saakaşvili mayın 21-də Beynəlxalq Muğam Mərkəzi
ilə tanış olmuşdur.
Gürcüstan
Prezidentinə dənizkənarı Milli Parkda yerləşən
Mərkəz haqqında ətraflı məlumat verildi. Bildirildi
ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin
qorunması və dünyada geniş təbliği ilə
bağlı reallaşdırdığı layihələr
sırasında xüsusi əhəmiyyəti olan bu Mərkəzin
inşası Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
həyata keçirilmişdir. 2005-ci il aprelin 6-da Prezident
İlham Əliyev Bakıda Beynəlxalq Muğam Mərkəzinin
yaradılması haqqında sərəncam
imzalamışdır. Azərbaycan muğamının bəşər
mədəniyyətinin nadir inciləri ilə bir sırada
YUNESKO-nun dünya qeyri-maddi mədəni irs siyahısına
daxil edilməsi onun nə dərəcədə bənzərsiz
sənət növü olduğunu bir daha təsdiqləyir.
Mərkəz ilə
yaxından tanış olan Prezident Mixeil Saakaşvili burada Azərbaycanın
görkəmli muğam ifaçılarının büstlərinə
baxdı.
AzərTAc
Azərbaycan.- 2009.- 22 may.- S. 2.