Gürcüstan Prezidenti
Mixeil Saakaşvili mayın 21-də Milli Elmlər Akademiyasının
Milli Azərbaycan Tarixi Muzeyində olmuşdur.
Ali qonağa muzeyin tarixi
barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir
ki, Bakının ən gözəl memarlıq abidələrindən
olan bu bina 1895-1897-ci illərdə tikilmiş və Azərbaycan
milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyevin
mülkü olmuşdur. 1920-ci ildə binada
yaradılmış muzeydə qədim dövrdən
başlayaraq Azərbaycan tarixinin bütün mərhələlərinə
dair qiymətli eksponatlar toplanmışdır.
Azərbaycanın ərazisində
mövcud olmuş Atropatena, Albaniya, Şirvanşahlar,
Ağqoyunlular, Səfəvilər dövlətləri
dövrünə aid maddi mədəniyyət nümunələri
ölkəmizin qədim dövlətçilik ənənələrindən
xəbər verir.
Orta əsr Azərbaycan əhalisinin
məişətdə işlətdiyi əşyalar Prezident
Mixeil Saakaşvilinin xüsusi marağına səbəb
olmuşdur.
Muzeyin direktoru, akademik
Nailə Vəlixanlı bildirmişdir ki, 130-dan çox
işçisi olan muzey həm də Milli Elmlər
Akademiyasının strukturunda elmi tədqiqat və mədəni-maarif
müəssisəsi funksiyasını yerinə yetirir. Muzeyin
binası Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi
ilə əsaslı təmir olunmuşdur.
300 mindən çox
eksponatı olan muzeydə xalqımızın bir çox
görkəmli şəxsiyyətlərinin təhsil
almasına yardımçı olmuş Hacı Zeynalabdin
Tağıyevin həyatı və fəaliyyətinə dair
fotoşəkillər, tarixi sənədlər, ona məxsus
qiymətli əşyalar da toplanmışdır.
Gürcüstan dövlətinin
başçısı Hacı Zeynalabdin Tağıyevin xatirə
muzeyinin eksponatlarına da maraqla tamaşa etmişdir. Buradakı
məişət əşyaları və tarixi sənədlər
onda zəngin təəssürat yaratmışdır.
Prezident Mixeil Saakaşvili
muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini
yazmışdır.
Muzeyin direktoru ali
qonağa xatirə hədiyyələri təqdim etmişdir.
AzərTAc
Azərbaycan.- 2009.- 22 may.- S. 2.