İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin quruma üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri Heydər Əliyev Fondunda olmuşlar

 

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Katibliyinin və quruma üzv dövlətlərin nümayəndə heyətlərinin üzvləri mayın 21-də Heydər Əliyev Fondunda olmuşlar.

Ulu öndərin şəxsi arxivindən götürülmüş, onun həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən fotoşəkillər, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan zəngin materiallar qonaqlar tərəfindən maraqla qarşılanmışdır. Fondda ümummilli liderin oxuduğu təhsil ocaqlarında fərqləndiyini əks etdirən diplomlar, milli təhlükəsizlik orqanlarında işlədiyi dövrdəki xidməti vəsiqələri, həm sovetlər, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi zaman gördüyü quruculuq işlərini əks etdirən fotolar, aldığı fəxri fərman və sənədlər də saxlanılır. Dahi şəxsiyyətin Bakıda, Naxçıvanda, Moskvada yaşadığı, işlədiyi illər, hakimiyyəti dövrlərində ölkənin müxtəlif sahələrində qazanılan uğurlar, həyata keçirilən layihələr barədə materiallar qonaqlarda böyük maraq doğurmuşdur.

Vurğulanmışdır ki, Fondun əsas məqsədləri görkəmli siyasi xadim Heydər Əliyevin zəngin irsini öyrənmək və təbliğ etməkdən, Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisinə yönəlmiş genişmiqyaslı fəaliyyəti barədə gələcək nəsillərdə, xarici qonaqlarda əyani təsəvvür yaratmaqdan, Azərbaycan mədəniyyəti və tarixinin geniş təbliği ilə əlaqədar aparılan işlərə kömək göstərməkdən ibarətdir. Fond həm də genişmiqyaslı layihələr həyata keçirir, görkəmli siyasi xadimin arzularının reallaşmasına öz töhfəsini verir.

Qonaqlar burada Heydər Əliyevin dünyanın tanınmış siyasi lider və dövlət başçıları ilə keçirdiyi görüşləri zamanı çəkilən fotoşəkillərə, onun mədəniyyətə, elmə, bu sahədə çalışan insanlara diqqət və qayğısının təzahürü olan stendlərə tamaşa etmiş, dünyanın müxtəlif ölkələrində ümummilli liderin xatirəsinə göstərilən ehtiramı əks etdirən guşə ilə tanış olmuşlar.

Qırğızıstanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri Tursun Turdumambetov nümayəndə heyəti adından Fondun Xatirə kitabına ürək sözlərini yazmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 may.- S. 3.