Bakıda İƏT-ə üzv ölkələrin özəlləşdirmə qurumları rəhbərlərinin 4-cü iclası keçirilmişdir

 

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) və İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Katibliyinin təşkilatçılığı ilə mayın 20-21-də Bakıda İƏT-ə üzv dövlətlərin özəlləşdirmə və özəl sektorun inkişafı üzrə Yüksəksəviyyəli Ekspertlər Qrupunun 3-cü və İƏT üzvü olan ölkələrin özəlləşdirmə qurumları rəhbərlərinin 4-cü iclasları keçirilmişdir.

İclas iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür.

Qonaqlar oradan Şəhidlər xiyabanına gələrək, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə güllər düzmüş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşlar.

İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyası iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, İqtisadi Əməkdaşlıq Təşkilatı Katibliyinin direktoru Metin Genckolun rəhbərliyi ilə bu qurumun nümayəndə heyəti, həmçinin İƏT-ə üzv ölkələrin - Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanın özəlləşdirmə qurumlarının rəhbərləri və nümayəndə heyətləri, İƏT üzvü olan dövlətlərin Bakıdakı səfirliklərinin, beynəlxalq təşkilatların təmsilçiləri, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici iş adamları iştirak etmişlər. Tədbirin keçirilməsindən əsas məqsəd İƏT ölkələri arasında özəlləşdirmə sahəsində təcrübə mübadiləsinin aparılması, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, onların Azərbaycanda həyata keçirilən özəlləşdirmə prosesi ilə bağlı məlumatlandırılması və bir sıra ölkə üzrə təqdimatların müzakirəsindən ibarət olmuşdur.

İclas iştirakçıları əvvəlcə Azərbaycanda özəlləşdirilmiş müəssisələrin fəaliyyəti və onların dirçəldilməsi tədbirləri nəticəsində əldə olunmuş inkişaf göstəricilərindən bəhs edən fotosərgi ilə tanış olmuşlar. Həmçinin, qonaqlara Azərbaycanda özəlləşdirilmiş müəssisələrin informasiya kataloqu təqdim edilmişdir.

Beynəlxalq tədbiri giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirmişdir ki, iclas hər bir iştirakçı ölkə üçün qarşılıqlı təcrübə mübadiləsi baxımından əhəmiyyətli olmaqla yanaşı, dövlətlərimizin hazırkı inkişafı ilə bağlı daha geniş və faydalı məlumatlar əldə etməyə imkan verəcəkdir. Azərbaycanın bugünkü inkişaf tempi haqqında geniş məlumat verən K.Həsənov, həmçinin özəlləşdirmə sahəsində dövlət siyasəti, komitənin strukturu, vəzifə və funksiyaları, özəlləşdirmənin üsulları barədə söz açmış, bu istiqamətdə qazanılan uğurları xatırlatmış, perspektiv vəzifələri vurğulamışdır.

İƏT Katibliyinin direktoru Metin Genckol tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirmiş, ölkəmizə hər səfərində daha yüksək inkişaf tempinin, iqtisadi uğurların artmasının şahidi olduğunu diqqətə çatdırmışdır.

Qonaq əmin olduğunu bildirmişdir ki, iclasda müzakirə edilən məsələlər özəlləşdirmə sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsində irəliyə doğru addım olacaqdır.

Daha sonra İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin başçıları təmsil etdikləri ölkələrdə həyata keçirilən özəlləşdirmə prosesi barədə məlumat vermişlər.

İclas çərçivəsində özəlləşdirmə və özəl sektorun inkişafı üzrə mayın 20-də keçirilmiş Yüksəksəviyyəli Ekspertlər Qrupunun 3-cü iclasının hesabatı nəzərdən keçirilmiş və qiymət verilmişdir.

Həmçinin, iclasda İƏT-in özəlləşdirmə saytının yaradılmasına dair fəaliyyət planı müzakirə olunmuşdur. Bildirilmişdir ki, üzv dövlətlərin özəlləşdirmə qurumları haqqında geniş məlumatın yerləşdiriləcəyi saytda hər bir ölkəyə aid özəlləşdirmə qanunvericiliyi, özəlləşdirmənin üsulları, bu prosesi həyata keçirən qurumlar haqqında dolğun informasiyalar toplanacaqdır.

İclasın sonunda İƏT-ə üzv dövlətlərin özəlləşdirmə qurumları rəhbərlərinin 4-cü iclasının Bakı Bəyannaməsi qəbul edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 may.- S. 3.