Azərbaycan hər zaman
qlobal sabitliyin və təhlükəsizliyin
təmin olunmasına töhfə verməyə
hazırdır
Xarici İşlər
Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki,
nazir Elmar Məmmədyarov mayın 21-də ABŞ-ın
Avropadakı Silahlı Qüvvələrinin komandanı,
general Bants Kraddok ilə görüşmüşdür.
B.Kraddok Azərbaycanda
ilk dəfə 2003-cü ildə olduğunu, ötən
müddətdə Bakıda böyük dəyişikliklərin
baş verdiyini diqqətə çatdırmışdır. Qonaq
ölkələrimiz arasında ikitərəfli münasibətlərdə
səmərəli əməkdaşlığın həyata
keçirildiyini qeyd edərək, Əfqanıstanda
sülhyaratma əməliyyatlarına Azərbaycanın verdiyi
dəstəyi yüksək qiymətləndirmişdir.
Nazir E.Məmmədyarov
Bakıda müşahidə olunan inkişafın bütün
ölkədə gedən prosesin bir hissəsi olduğunu
bildirmişdir.
Ölkəmizin hər
zaman qlobal sabitliyin və təhlükəsizliyin təmin edilməsinə
töhfə verməyə hazır olduğunu vurğulayan
nazir, Cənubi Qafqazda da sülhün bərqərar edilməsinin
zəruriliyini diqqətə çatdırmışdır. Xarici
siyasət idarəsinin rəhbəri Ermənistanın Azərbaycana
qarşı davam edən təcavüzünün buna ən
böyük maneə olduğunu və Dağlıq Qarabağ
münaqişəsinin Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində tezliklə
nizamlanmasının vacibliyini bildirmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran ikitərəfli,
regional, qlobal məsələlər ətrafında fikir
mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2009.- 22 may.- S. 3.