Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilməyincə bölgədəki gərginlik daha da dərinləşəcək

 

Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev mayın 21-də ABŞ-ın Avropadakı Silahlı Qüvvələrinin komandanı, general Bants Kraddok ilə görüşmüşdür.
Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimindən sonra nümayəndə heyətlərinin geniş tərkibli görüşü olmuşdur.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, Azərbaycan-ABŞ əlaqələrinin inkişaf dinamikasından söhbət açan S.Əbiyev, hərbi əməkdaşlıq sahəsində də münasibətlərin uğurlu olduğunu diqqətə çatdırmışdır.

Müdafiə naziri regionda hərbi-siyasi vəziyyətə toxunaraq bildirmişdir ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan torpaqlarından geri çəkilməyincə bölgədəki gərginlik daha da dərinləşəcək, beləliklə, münaqişənin dinc yolla nizama salınması mümkün olmayacaqdır. Ona görə də, həm Avropa, həm də ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr işğalçı Ermənistana təsir vasitələrini gücləndirməlidirlər. Əks təqdirdə, arzu olunmayan prosesin yaranacağı qaçılmazdır.

General Bants Kraddok da görüş zamanı bölgədəki gərgin vəziyyətin aradan qaldırılmasının vacibliyini qeyd etmişdir. O, həmçinin Azərbaycanın beynəlxalq təhlükəsizlik sisteminə verdiyi töhfələrdən, Kosovoda, İraqda, hazırda isə Əfqanıstanda ölkəmizin sülhməramlı hərbi kontingentinin yüksək xidməti fəaliyyətindən razılığını bildirmişdir.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders iştirak etmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 may.- S. 3.