Dillər Universitetində hesabat-seçki konfransı keçirilmişdir

 

Mayın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) tələbə gənclər təşkilatının hesabat-seçki konfransı keçirilmişdir.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Tahir Süleymanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, ADU-nun rektoru, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, professor Səməd Seyidov çıxış edərək, xalqımızın ümummilli lideri, müstəqil dövlətimizin banisi Heydər Əliyevin gənclərə və təhsilimizə göstərdiyi diqqət və qayğıdan danışmış, ulu öndərimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.

Natiqlər 2005-ci ildən ölkəmizdə yaradılan tələbə gənclər təşkilatının əhəmiyyətini diqqətə çatdırmış və bu ilin iyununda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis olunacağını bildirmişlər.

Təşkilatın sədri Şahin İsmayılov hesabat məruzəsində həyata keçirilən tədbirlərdən, tələbələrin qazandıqları nailiyyətlərdən danışmışdır. Tələbə gənclər təşkilatının son illərdəki fəaliyyəti uğurlu hesab olunmuşdur.

Daha sonra seçkilər keçirilmişdir. Şahin İsmayılov yenidən təşkilatın sədri seçilmişdir. Həmçinin, 17 nəfərdən ibarət idarə heyəti və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təsis konfransına 9 nəfərdən ibarət nümayəndə seçilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 may.- S. 5.