Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, son günlər Narkotiklərlə Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmişdir. Onlardan ümumilikdə 121 kiloqramdan çox müxtəlif tərkibli narkotik vasitə götürülmüşdür.

Cinayətkar dəstələrdən birinin üzvləri olan İran vətəndaşları - 31 yaşlı Behzad Əmiri və 28 yaşlı Rəhman Zəmani saxlanılmışlar. Onların üstündən və kirayədə yaşadıqları mənzildən üst-üstə 13 bağlamada 26 kiloqram 147 qram heroin, 70 bağlamada 13 kiloqram 935 qram həşiş, 9 bükümdə 5 qram kokain və 1,2 qram tiryək tapılmışdır. Dəstə üzvləri istintaqa ifadələrində narkotik vasitənin Abuzər adlı həmyerlilərinə məxsus olduğunu bildirmişlər. Şəxsiyyəti istintaq tərəfindən araşdırılan həmin İran vətəndaşı narkotik maddələri 26 ədəd ütü lövhəsində gizlədərək, qaçaqmalçılıq yolu ilə ölkəmizə göndərmişdir.

Behzad Əmiri və Rəhman Zəmani ütü lövhələrini qəbul etdikdən sonra Nərimanov rayonundakı Xan Şuşinski küçəsində kirayədə yaşadıqları mənzildə gizlətmişlər.

İstintaqla o da müəyyən edilmişdir ki, Abuzər Behzad Əmiriyə zəng vuraraq 4 bağlamanı hələlik şəxsiyyəti məlum olmayan bir nəfərə verməyi tapşırmışdır. Sonuncu isə narkotik maddələri görüş yerinə gətirməyi Rəhman Zəmaniyə həvalə etmişdir.

Elə burada həm Behzad Əmiri, həm də Rəhman Zəmani polis əməkdaşları tərəfindən cinayət başında yaxalanmışlar. Narkotik vasitələrin əsas hissəsi isə onların kirayədə yaşadıqları mənzildən götürülmüşdür.

İdarə əməkdaşlarının davam etdirdikləri əməliyyat tədbiri ilə analoji cinayətlər törədən daha bir transmilli mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilmiş, onun 4 üzvü tutulmuşdur. Saxlanılan şəxslər Astara rayon sakini 36 yaşlı İsrafil Muqdilov, Bakı şəhər sakinləri 34 yaşlı Elçin Məmmədov, 54 yaşlı Rəşad Rzayev və İran vətəndaşı 30 yaşlı Behruz Rəvan Buddur. Onlardan 81 kiloqram 236 qram tiryək götürülmüşdür. İstintaq araşdırmaları zamanı narkotik vasitənin Azərbaycana qaçaqmalçılıq yolu ilə İsrafil Muqdilovun tanışı, qonşu ölkənin şəxsiyyəti hələlik istintaqa bəlli olmayan Səid adlı vətəndaşı tərəfindən Xəzər dənizi vasitəsilə motorlu qayıqda 2 silahlı şəxsin müşaiyəti ilə göndərildiyi məlum olmuşdur. Cinayətkarlar bir-birinin yerini müəyyənləşdirmək üçün əvvəlcədən İsrafil Muqdilova CPS tipli naviqasiya aparatı göndərmişlər. Sonuncu həmin qurğu vasitəsi ilə silahlı qaçaqmalçılarla əlaqə yaratmış, narkotik vasitəni qəbul edərək, dənizin kənarında əvvəlcədən qazıb hazırladığı yerdə gizlətmişdir.

Mayın 19-da Behruz Rəvan Bud ona zəng edərək, narkotik vasitələr üçün Bakıdan 2 nəfərin göndərildiyini bildirmişdir.

Daxili İşlər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı transmilli mütəşəkkil cinayətkar dəstənin üzvləri Elçin Məmmədov, Rəşad Rzayev, Behruz Rəvan Bud və İsrafil Muqdilov həbs edilmişlər.

Hər iki fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılmış, istintaq aparılır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 22 may.- S. 5.