"İtkin düşmüş şəxslərin probleminin hüquqi tənzimlənməsi" mövzusunda "dəyirmi masa" keçirilmişdir

 

Mayın 21-də Milli Məclisdə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə birgə "İtkin düşmüş şəxslərin probleminin hüquqi tənzimlənməsi" mövzusunda "dəyirmi masa" keçirildi. Silahlı münaqişə və ya daxili zorakılıq nəticəsində itkin düşmüş şəxslərin problemini həll etmək üçün Azərbaycan parlamenti ilə BQXK arasında aparılan dialoq çərçivəsində təşkil edilən tədbiri açan Milli Məclis Sədrinin müavini Bahar Muradova hazırda dünyada itkin düşmüş şəxslər, onların problemləri ilə bağlı geniş müzakirələrin aparıldığını qeyd edərək Azərbaycanın da bir müddət əvvəl bu müzakirələrə qoşulduğunu bildirdi. Onun sözlərinə görə, itkin düşmüş şəxslərin üzləşdiyi problemlər yalnız onların deyil, vətəndaşı olduqları ölkələrin, eləcə də ailə üzvlərinin, yaxınlarının problemləridir. Azərbaycan da münaqişə ilə qarşılaşan digər dövlətlər kimi, bu problemlə üzləşib. Ermənistan tərəfindən təcavüz nəticəsində respublikamızdan çoxsaylı girov götürülən, əsir düşən vətəndaşlar var. İtkin düşən vətəndaşlarımız on illərdir ki, vətəndən kənarda ağır şəraitdə saxlanılır, onların hüquqları pozulur.

Milli Məclis Sədrinin müavini qeyd etdi ki, hazırda Azərbaycan tərəfindən əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin ümumi sayı 4210 nəfərdir. Onlardan 3401 nəfəri hərbçi, 802-si mülki vətəndaşlardır. İtkin düşən mülki şəxslərin 47-si isə yetkinlik yaşına çatmayan uşaqlardır. Hazırda əsir və itkin düşən şəxslərin sonrakı taleyinin araşdırılması, geri qaytarılması istiqamətində araşdırmalar aparılır.

BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Ton Vandenhov itkin düşmüş şəxslər və onların ailələri ilə bağlı qanunvericiliyə yenidən baxılmasının vacib olduğunu qeyd etdi. Onun fikrincə, itkin düşmüş şəxslərin və onların ailələrinin haqlarının müdafiə edilməsi üçün hakimiyyət orqanları bu qanunun əhatə dairəsinin kifayət qədər geniş olmasını təmin etməlidir.

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov müvafiq razılaşmaya əsasən itkin düşmüş şəxslər barəsində ətraflı məlumatın toplanmasının rəhbərlik etdiyi təşkilat tərəfindən həyata keçiriləcəyini bildirdi. Novruz Aslanov dedi ki, əgər itkin düşmüş şəxslərlə bağlı qanunvericilik Azərbaycanda tətbiq olunursa, Ermənistan da buna riayət etməlidir. Azərbaycan bununla bağlı müvafiq konvensiyalara sadiqlik nümayiş etdirir.

BQXK-nin Rusiya Federasiyasındakı nümayəndəliyinin təmsilçisi Anastasiya Kuşleyko "İtkin düşmüş şəxslər: Əsas hüquq və öhdəliklər. Beynəlxalq humanitar hüquq və milli səviyyədə implementasiya" mövzusunda çıxış edərək əsir və itkin düşmüş şəxslərin hüquqi müdafiəsindən söhbət açdı.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova dünyada itkin düşmüş, girov götürülmüş şəxslər haqqında məlumatların müxtəlif rəqəmləri əks etdirdiyini deyərək bir sıra ölkələrin ayrı-ayrı milli komitələrinin bununla bağlı BQXK-yə ünvanladığı məktubların sayının 1,3 milyondan artıq olduğunu bildirdi. Münaqişələr zamanı əsir və itkin düşmüş insanların üzləşdiyi faciələr humanitar faciədir. Bu problemin sərhədləri çox genişdir. Hər il avqustun 30-da itkin düşən insanların xatirəsinin beynəlxalq səviyyədə yad edilməsi, müxtəlif təşkilatlar tərəfindən keçirilən tədbirlər bu sahədə əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu göstərir.

Rəbiyyət Aslanova qeyd etdi ki, ötən əsrin 80-ci illərinin sonlarında ölkəmizə qarşı başlanan ədalətsiz müharibə nəticəsində Azərbaycanın 20 mindən çox vətəndaşı şəhid olub. Hazırda respublikamız əsir və itkin düşmüş, girov götürülmüş şəxslərin üzləşdiyi problemlərin həllində maraqlı tərəf kimi çıxış edir.

Tədbirdə çıxış edən digər şəxslər bu problemlə bağlı fikir və mülahizələrini bildirdilər.

 

 

Anar RASİMOĞLU

 

Azərbaycan.- 2009.- 22 may.- S. 3.