Azərbaycan-Türkiyə strateji müttəfiqliyi Cənubi Qafqazın geosiyasi təhlükəsizliyinin ən əsas təminatçısıdır

 

Soy kökü, dil, mədəniyyət və digər bu kimi ortaq mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə respublikaları arasındakı münasibətlər bu gün də öz axarı ilə inkişaf etməkdədir. Hər iki dövlətin başçıları təkcə mehriban qonşuluq siyasətini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi prinsipləri əsas götürərək tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün bütün zəruri addımları atırlar. Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə strateji önəm daşıyır.

Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətinin əsas istiqamətlərindən biri türk dövlətləri, xüsusən də Türkiyə Cümhuriyyəti ilə çoxcəhətli sıx əlaqələrin qurulması olmuşdur. Ümumiyyətlə, Türkiyə rəsmi və işgüzar dairələrində Azərbaycana münasibətdə həmişə xüsusi yanaşma mövcud olmuş, dövlət və hökumət, həmçinin digər müxtəlif səviyyəli görüşlərdə bu münasibət dəfələrlə vurğulanmışdır. Qeyd edək ki, keçmiş Sovetlər Birliyi məkanında müstəqillik qazanmış beş türk dövlətindən coğrafi cəhətdən Türkiyəyə ən yaxın və xarici siyasət fəaliyyətində ona daha çox önəm verəni də məhz Azərbaycan olmuşdur.

Ölkəmizin qardaş Türkiyə ilə münasibətləri ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra sürətli inkişaf mərhələsinə qədəm qoydu. Təsadüfi deyil ki, ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın Prezidenti kimi ilk səfərlərindən birini Türkiyəyə etmişdi. Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəlin dəvəti ilə 1994-cü il fevral ayının 8-11-də qardaş ölkədə rəsmi səfərdə olan ulu öndər Heydər Əliyev keçirdiyi görüşlərdə bildirmişdi ki, Türkiyə ilə Azərbaycan arasında yaranmış əlaqələr yeni mərhələyə qədəm qoyur. Heydər Əliyev hər zaman Azərbaycanla Türkiyə arasında dərin kökləri olan dostluq münasibətlərinə diqqətlə yanaşmış, məhz onun sayəsində əlaqələrin inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.

Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də dövlət başçısı kimi ilk səfərindən birini Türkiyəyə etmişdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir!", Mustafa Kamal Atatürkün isə "Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!" kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə yeni inkişaf mərhələsinə qədəm qoymuş, Türkiyə ilə münasibətlərimizdə ikinci nəfəs açılmışdır. Prezident İlham Əliyev 2003-cü ildən bu yana daim türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinin, eləcə də Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatmasının təşəbbüskarı kimi çıxış etmiş, bu istiqamətdə müsbət nəticələri olan bir sıra konkret addımlar atmışdır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatlarının Bakı Forumu ümumtürk birliyinin daha da möhkəmlənməsinə mühüm təkan vermişdir. Bu gün hər iki ölkə rəhbərliyinin qarşılıqlı münasibətlərin prinsiplərini uğurla müəyyənləşdirmələri dövlətlərimizin və ümumən türk dünyasının birliyinin, həmrəyliyinin qırılmazlığını şərtləndirmişdir.

Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus arasında demək olar ki, ən fəalı Türkiyə səfirliyidir. Türkiyə səfirliyi öz fəaliyyəti ilə iki qardaş ölkə arasındakı əlaqələrə mühüm töhfələr verməkdədir. Azərbaycanda işləməkdən qürur hissi keçirdiyini deyən Türkiyə diplomatlarını hər zaman müxtəlif səpkili tədbirlərin mərkəzində görmək mümkündür.

Hər iki ölkənin parlamentlərində dostluq qruplarının uğurlu fəaliyyəti Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olmasının əyani təcəssümüdür. Rəsmi Bakı və Ankara beynəlxalq təşkilatlar çərçivəsində də həmrəylik nümayiş etdirirlər. Azərbaycanla bağlı istənilən sənədin BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu təşkilatlar çərçivəsində müzakirəsi zamanı ölkəmiz birinci olaraq Türkiyənin dəstəyini hiss edib. Eyni zamanda, rəsmi Bakı da Ankaraya daim birmənalı dəstək nümayiş etdirib.

İndi türk dünyasının öncüllərindən olan bu iki ölkə arasında əməkdaşlığa dair demək olar ki, boşluq qalmamışdır. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrimizin analoquna dünyada rast gəlmək mümkün deyil. İqtisadi artım tempinə görə bütün dünyada liderə çevrilən Azərbaycanın sosial-iqtisadi yüksəlişinə Türkiyə şirkətlərinin də töhfəsi vardır. Türk iş adamları Azərbaycanda iqtisadi həyatın müxtəlif sferalarına böyük həcmdə sərmayə yatırmışlar. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəməri və artıq reallaşmaq üzrə olan digər layihələr ölkələrimizin müştərək inkişafına böyük təsir göstərməklə bərabər, Azərbaycan və Türkiyənin regiondakı mövqeyini də xeyli dərəcədə gücləndirmişdir. Bütün bunların fonunda Türkiyə-Azərbaycan strateji müttəfiqliyi Cənubi Qafqazın geosiyasi təhlükəsizliyinə təminat verən yeganə amilə çevrilmişdir.

Azərbaycanla Türkiyə arasında xüsusən hərbi sahədə sıx əlaqələr mövcuddur. Türkiyə hərbçiləri ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan Silahlı Qüvvələrinin təlim-təhsil işində yaxından iştirak etməyə başlamış, sonralar hərbi əlaqələr bir çox sahələri əhatə etmişdir. Müxtəlif vaxtlarda iki ölkənin hərbi strukturlarının nümayəndələri qarşılıqlı səfərlərdə olmuşdur. Hər bir səfər hərbi sahədə yeni əməkdaşlıq tellərinin əsasını qoymuşdur. İki ölkə arasında hərbi müqavilə, hərbi əməkdaşlıq haqqında sazişlər və protokollar imzalanmışdır. Türkiyə Azərbaycanda hərbi quruculuğun inkişafına böyük həcmdə yardım göstərmişdir. Qardaş ölkə bu gün Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğunlaşdırılmasına, müdafiə sənayesi kompleksinin inkişafına mühüm töhfələr verməkdədir.

Azərbaycan və Türkiyə bölgədə və dünyada gedən proseslərə münasibətdə həmişə eyni mövqe sərgiləmiş, eyni milli maraqlardan çıxış etmişlər. Dünya siyasi düzəninin indiki şəraitində isə hər iki ölkənin bölgədə və dünyada gedən proseslərə vahid prizmadan yanaşmaları, xüsusən ərazi bütövlüyü kimi həssas məsələlərdə bir-birlərinin maraqlarını müdafiə etmələri daha mühüm əhəmiyyət kəsb edir. Təqdirəlayiq haldır ki, hər iki ölkənin siyasi rəhbərliyi indiki şəraitdə daha prinsipial mövqe nümayiş etdirirlər.

Türkiyə ilə Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlandığını, bütün məsələlərdə eyni mövqedən çıxış etməsini təsdiqləyən faktorlardan biri də rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyidir. Azərbaycanın haqq işini birmənalı şəkildə dəstəkləyən rəsmi Ankara Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmayınca Ermənistanla diplomatik münasibətlərin qurulmasından imtina edib. Dost və qardaş Türkiyə Ermənistan işğalçılıq siyasətindən əl çəkməyincə bu dövlətlə sərhədlərin açılmayacağını da bəyan edib. Beynəlxalq ictimaiyyət tərəfindən, xüsusən Avropa İttifaqına daxil olmaq məsələsində Türkiyəyə Ermənistanla sərhədləri açmaq üçün təzyiqlər edilsə də, rəsmi Ankaranın mövqeyi qətidir: Azərbaycan əraziləri işğaldan azad olunmayınca Ermənistanla sərhədlər açılmayacaqdır. Türkiyənin bu münaqişənin həlli ilə bağlı bütün müzakirələrdə Azərbaycana dəstək verməsi, uzun illər ərzində ona davam edən ən müxtəlif təzyiqlərə rəğmən Ermənistanla sərhədləri açmaq üçün Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın maraqlarına və beynəlxalq hüququn prinsiplərinə uyğun həllini gözləməsi qardaş ölkənin öz mövqeyinə sadiqliyinin təzahürüdür.

Öz növbəsində Azərbaycanın ötən il ABŞ Konqresinin Xarici əlaqələr komitəsində qondarma "erməni soyqırımı"nın tanınmasını nəzərdə tutan qanun layihəsinə rəsmən etirazını bildirməsi, həmçinin Şimali Kiprin təcrid vəziyyətindən çıxarılmasına dəstək verməsi dost və qardaş Türkiyənin problemlərini öz problemlərindən ayırmadığını göstərir.

Son aylarda Türkiyə Ermənistan arasında sərhədlərin açılması məsələsinin fonunda bəzi dairələr, xüsusən erməni lobbisinin təsiri altında olan xarici kütləvi-informasiya vasitələri Azərbaycan-Türkiyə münasibətlərinin pozulması üçün səylərini əsirgəmədilər. Nə qədər acı olsa da etiraf etməliyik ki, bu gün dünyada bu iki türk dövlətinə bir yerdə zərbə vurmaq həvəsində olanlar çoxdur. Amma Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın bu günlərdə ölkəmizə səfərindən sonra məlum oldu ki, Azərbaycan-Türkiyə münasibətlərini pozmaq mümkün deyil və iki qardaş ölkə arasındakı əlaqələr möhkəm və sarsılmazdır. "İkitərəfli əlaqələrimizin təməlində bizim "bir millət, iki dövlət" anlayışımız eynilə davam etməkdədir. Xüsusilə Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı, həmçinin bizim də həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bu günə qədər yol verilmiş bəzi möhtəkirliklər Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bu günə qədər necə qəbul edilməyibsə, bu gün də eyni şəkildə qəbul edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir. Çünki burada bir səbəb-nəticə bağlılığı vardır. Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanması bir nəticədir. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. İşğala son qoyulmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da bunu ifadə edirəm" - deyə Rəcəb Tayyib Ərdoğan bəyan etdi.

Baş nazir Rəcəb Tayyib Ərdoğanın Bakıya ikigünlük səfəri Azərbaycan və Türkiyə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin mövcud durumunu və gələcək inkişaf perspektivlərini müəyyən etməklə son günlərin ən mühüm siyasi hadisəsinə çevrildi. Bu səfər Türkiyə və Azərbaycanın bir-birinə nə qədər bağlılığını, Türkiyə Cümhuriyyətinin tarixin müxtəlif dönəmlərində olduğu kimi indi də Azərbaycanın yanında olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. Bu səfər bu gün bir sıra ölkələr üçün örnəyə çevrilmiş Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına böyük təkan verəcəkdir.

Türkiyə və Azərbaycan tarixin müxtəlif mərhələlərində bir-birlərinə dəstək nümayiş etdirmişlər və bu proses indi də davam edir. Yeni minilliyin astanasında isə ölkələrimizi nəinki tarixi köklər, adət və ənənələr, həm də dövlətlərimizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi, regionumuzda sülhün və sabitliyin bərqərar edilməsi kimi ümummilli mənafelər birləşdirir. Bu iki türk dövlətinin sıx, bərabərhüquqlu və səmərəli əməkdaşlığı zamanın hökmüdür, tariximizdən irəli gələn obyektiv zərurətdir. Böyük türk xalqının maraqlarının qorunması və etibarının yüksəldilməsi uğrunda aparılan mübarizədə qardaşların bir-birinə dəstək verməsindən başqa bir iş ola bilməz. Dünya sivilizasiyasının inkişafına böyük töhfələr vermiş olan böyük türk xalqı bu vəzifənin öhdəsindən layiqincə gəlir. İki türk dövləti qoşa addımladıqca daha güclü olurlar!

 

 

Rəsmiyyə QARAYEVA

 

Azərbaycan.- 2009.- 22 may.- S. 4.